Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və olmayan ATƏT-in Minsk qrupunun həmsədri təyin edib. Blinkenin bidlirdiyinə görə, Riker ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa yardımçı olacaq.
Qeyd edək ki, Riker 2021-ci ilin martında Bakıya səfər edib. Məhz onun səfərindən sonra 14 erməni məhbus azad edilmişdi.
Yaranandan üzü bəri Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir real addım atmayan Minsk qrupu artıq demək olar ki, faktiki olaraq fəaliyyət göstərmir. Rəsmi Bakı ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, artıq münaqişə bitdiyindən belə bir qurumun fəaliyyətinə ehtiyac yoxdur.
MÖVZU İLƏ BAĞLI:
“Qərbi Azərbaycanlıların geridönüşü gündəmdə saxlanılmalıdır” – Tofiq Zülfüqarov
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da Blinkenin bu açıqlamasını şərh edərkən deyib ki, belə bir mövqenin sərgilənməsi bölgədə yaranan post-münaqişə reallığından uzaq bir yanaşmadır.
"Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki post-münaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur" - deyə XİN sözçüsü deyib.
XİN sözçüsü onu da bildirib ki, Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər:
“Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir".
Digər tərəfdən, münasibətlərin gərginləşdiyi indiki situasiyada ABŞ-Ia Fransanın Minsk qrupunda Rusiya ilə birgə işləməsi də qeyri mümkündür.
Buna baxmayaraq görünən odur ki, Vaşinqton Minsk qrupunu yaşatmaq istəyir. Ona görə də prosesdən bərk-bərk yapışmaqda davam edir. Bu fonda ABŞ-ın Minsk qrupunu yaşatmaq istəyinin siyasi gediş olduğu bəlli olur.
Qeyd edək ki, 44 günlük müharibə nəticəsində yaranan yeni reallıqlar fonunda ABŞ-ın Qarabağ məsələsinə təsir imkanları, Suriya məsələsində olduğu kimi demək olar sıfır səviyyəsinə düşüb. Hətta demək olar ki, Vaşinqton artıq prosesin iştirakçısı deyil.
Burada onun həyata keçirəcəyi hər hansı bir iş qalmayıb. Bəllidir ki, prosesdə əsas iştirakçı Azərbaycandır. Digər tərəfdən, burada Rusiya və Türkiyə də müəyyən dərəcədə rol alıb.
Belə vəziyyət isə sözsüz ki, ABŞ-ı narahat edir. Buna baxmayaraq ABŞ prosesdə yer almaq, bölgədə itirdiyi təsir imkanlarını yenidən bərpa etmək üçün bütün vasitələrdən istifadə edərək, Minsk qrupunu diriltməyə çalışır. Blinkenin Rikeri ATƏT-in Minsk qrupunun həmsədri təyin etməsi də məhz bu məqsədə xidmət edir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, ABŞ-ın Minsk qrupunu dirçəltmək cəhdi özünün prosesə qayıtmasına nail olmaqla Vaşinqton-Moskva qarşıdurmasının regionumuza da sirayət etməsinə nail olmağa hesablanmış addımdır:
“Prosesdə söz sahibi Azərbaycandır. Çünki Qarabağ Azərbaycanın suveren ərazisidir. Vaxtilə vasitəçilik edilməsini istədik, amma onun xeyri olmadı. İndi isə vəziyyət dəyişib. Azərbaycan öz suveren hüquqlarından istifadə edərkən hesab edir ki, artıq proses digər formatda davam edəcək. Bu format isə Rusiya Türkiyə tandemidir. Minsk qrupunun bir üzvü də Ermənistandır.
Problem də onunla bağlıdır. Məhz Minsk qrupu vasitəsilə İrəvan Qarabağda gedən proseslərdə söz sahibi olmaq istəyir. Təbii ki, Azərbaycan da bunu qəbul etmir. Azərbaycan heç zaman imkan verməyəcək ki, İrəvan daxili işimizdə söz sahibi olsun. Qaydalara görə, Minsk qrupunda Ermənistan da veto hüququna malikdir. Bu isə bizə lazım deyil.
İndilikdə prosesdən kənarda qalan ABŞ-ın Minsk qrupunu dirçəltmək cəhdinin əsasında prosesə qayırmaq istəyi dayanır. Prosesə qayıtmaqla da ABŞ çalışır ki, regionda hansısa imkanlara malik olsun.
Yəni Vaşinqtonun Minsk qrupunu dirçəltmək cəhdində məqsədi vasitəçilik yox, Rusiya-Qərb qarşıdurmasının həmin qurum vasitəsilə bölgəmizə də sirayət etməsinə nail olmaqdır”.
Rüfət Sultan, Bizim.Media