Azərbaycan Prezidenti Türkiyə və İsraili necə barışdırdı? - AÇIQLAMA 

Azərbaycan Prezidenti Türkiyə və İsraili necə barışdırdı? - AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycan Prezidenti Türkiyə və İsraili necə barışdırdı? - AÇIQLAMA 

89199

“Azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticəsində Türkiyə və İsrail arasındakı bağlantıların yenidən bərpası prosesi sürətlənib”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Türkiyə və İsrail arasında münasibətlərin istiləşməsi və hər iki dövlətin səfirlərinin tezliklə fəaliyyətlərini bərpa edəcəkləri fonunda, sözügedən prosesə Azərbaycanın verdiyi töhfədən danışarkən deyib:

“Türkiyə İsrail münasibətlərində məlum Davos prosesi fonunda xeyli müddət idi ki, gərginlik hökm sürürdü. Bu gərginlik təxminən 4 ilə yaxın davam etdi. Amma Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın yeritdiyi çevik siyasət nəticəsində Ankaranın vaxtilə gərgin münasibətlərdə olduğu demək olar ki, bütün dövlətlərlə münasibətləri tənzimlənməkdədir.

Eyni fikri Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, İrana da aiddir. Bunu İsrail dövlətilə münasibətlərin normallaşması fonunda xüsusi olaraq qeyd etmək olar.

Uzun zamandan sonra Türkiyənin xarici işlər nazirinin İsrailə səfəri baş tutdu. İndi isə hər iki dövlətin vaxtilə bağlanan səfərliklərinin bərpası və diplomatik əlaqələrin yenidən normallaşması istiqamətində addımlar atılır. Bu isə hər iki dövlətin milli maraqlarına cavab verən hadisədir. Umumküsü artıq arxada qalıb. Hər iki ölkənin liderləri irəli baxır. Bu da nəticə etibarı ilə münasibətlərin istiləşməsinə təkan verib”.

Deputat qeyd edir ki, İsrail-Türkiyə münasibətlərinin normallaşmasında Bakının xüsusi yeri var:

“Təbii ki, Təl-Əvivlə Ankara arasında münasibətlərin yenidən normallaşmasında Azərbaycanın xüsusi rolu vardır. Burada Bakı xüsusi yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursu nəticəsində Bakının hər iki dövlətlə münasibətləri yüksək səviyyədədir. Bunu 44 günlük Vətən müharibəsində də gördük. Azərbaycanın İsraildən aldığı müasir silahlar müharibənin taleyinin həllində xüsusi önəmə malik olub. Türkiyə isə Azərbaycana qardaş dövlətdir, müttəfiqdir. Belə olan halda Azərbaycan dövlətinin bir-birilə müəyyən gərgin münasibətlərində olan Türkiyə ilə İsrail arasında əlaqələrin tənzimlənməsində yeri və rolu kifayət qədər böyükdür. Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə də sahibdir.
 

Vaxtilə Türkiyə ilə Rusiya arasında təyyarə qalmaqalı ilə bağlı olaraq yaşanan gərginlik Azərbaycan Prezidentinin hər iki ölkənin rəhbərilə apardığı danışıqlarla öz müsbət həllini tapdı.


Nəticə etibarı ilə hazırda Ankara-Moskva münasibətləri xeyli inkişaf edib. Eyni fikri Təl-Əviv-Ankara münasibətləri barədə də söyləmək mümkündür. Azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticəsində Türkiyə və İsrail arasındakı bağlantıların yenidən bərpası prosesi sürətlənib. Bu baxımdan Azərbaycan dövləti növbəti dəfə siyasi iradə ortaya qoyaraq, öz yaxın tərəfdaş və müttəfiqləri arasında da münasibətlərin normallaşması prosesində katalizator rolunu oynayıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO