Bir neçə gün əvvəl Milli Məclisin deputatı Fazil Mustafa Borçalıda keçirilən Aşura yürüşü ilə bağlı bəzi fikirlər səsləndirib. Bildirib ki, “təəssüf ki, Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə durum daha pisdir. Oradakılar milli ideologiyadan uzaqlaşıblar. Hətta keşişi belə prosesə cəlb edə bildilər... Mən istəyirəm ki, Borçalı ziyalıları bu məsələ ilə bağlı mövqe ortaya qoysunlar”.
Millət vəkilinin bu fikirləri Borçalıda birmənalı qarşılanmayıb. Gürcüstandakı bəzi soydaşlarımız Fazil Mustafanın bu fikirlərini hətta özləri üçün təhqir hesab ediblər. "Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi"nin (UGMADİ) sədri Mirtəqi Əsədov millət vəkilinin fikirlərinə kəskin etiraz edib.
O bildirib ki, Fazil Mustafa iddia edir ki, burada Azərbaycana qarşı fəaliyyət aparanlar var:
“Burada Azərbaycana qarşı olan heç bir qüvvə yoxdur. Hər hansısa tənqidi fikirləri düşmənçiliyə yozmaq olmaz. Bizim xalq hər zaman Azərbaycana məhəbbətlə yanaşıb, sevincinə sevinib, kədərinə kədərlənib, şad günüdə və dar günündə onun yanında olub… Ənənəvi qaydada kənd, şəhər məscidlərində məclislər olub, ehsanlar verilib. Marneuli bazarında, Tiflisdə, yol kənarlarında ənənəvi ehsan süfrələri təşkil olunub və Marneulidə ənənəvi Tasua yürüşü keçirilib. Bu, qədim ənənədir, dədə-babadan bizim insanlar bu yürüşü keçirir”.
MÖVZU İLƏ BAĞLI:
İlk erməni-azərbaycanlı toqquşması 178 il əvvəl Şuşada AŞURA üstündə olub – TARİXİ FAKT
Din xadimi daha sonra bildirib ki, bizim inancımız budur ki, İmam Hüseyn bir dinin, məzhəbin, ümmətin deyil, insanlığın dəyəridir:
“İmam Hüseyn haqsızlığa qarşı çıxıb, zülmə baş qaldırıb. Məsələn, Baptist kilsəsinin Yepiskopu Malxaz Sonqulaşvili də Gürcüstanda haqsızlığa qarşı çıxanlardandır. Ona görə də o, İmam Hüseyni tanıyır, ona dəyər verir. Elə bu səbəbdən hər il olduğu kimi bu il də bizim mərasimlərə qatıldı, çıxış edib İmam Hüseyn (ə) haqqında yüksək fikirlərini söylədi. Sonqulaşvili Dohada (Qətər) “Sülhə xidmət” mükafatı alıb, Tiflisdəki kilsəsinin həyətində məscid və sinaqoq inşa etdirir. Yəni bu adamın qayəsi “İbrahimi (səmavi) dinləri” bir arada görməkdir, bunun üçün çalışır”.
Təbii ki, Borçalıdan olan soydaşımızın fikirlərində maraqlı və özlərini haqlı çıxaracaq məqamlar da var.
Ona görə də Mirtəqi Əsədovun səsləndirdiyi fikilərə Fazil Mustafanın da münasibətini öyrənmək istədik. O bildirdi ki, bu fikirləri mənim cəhaləti tənqidimə görə yazıblar. Olsun. Plüralizmdir:
“Bir Universitet açmaq üçün, ana dilində təhsil hüquqlarının qorunması üçün Borçalıda yürüyən insanların qəlbinə toxunub sözlərim. Ancaq bu müraciətdən çıxardığım nəticə bilirsiniz nədir? Çox keçməz qonşu ölkə Qafanda açdığı konsulluğun birini də Marnaulidə açar. Hər şey ona doğru gedir. Allah önümüzdə gedən gürcü keşişini xətadan-bəladan qorusun”.
Surxay Atakişiyev, Bizim.Media