İranın Azərbaycana ideoloji həmlələri - I hissə    

İranın Azərbaycana ideoloji həmlələri - I hissə    

Hazırda oxunan: İranın Azərbaycana ideoloji həmlələri - I hissə    

88366

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk çağlardan etibarən müxtəlif istiqamətlərdən ideoloji hücumlara məruz qalıb.  

Bizim.Media “Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi”nin “Telegram” kanalına istinadən xəbər verir ki, İranın bu istiqamətdə fəaliyyəti iki ölkə arasında siyasi münasibətlərin durumundan və iqtisadi əlaqələrin səviyyəsindən asılı olmayaraq, bir gün də dayanmayıb, gizli və açıq formalarda durmadan həyata keçirilib.

Məqsəd isə İranın dünyada ikinci şiə dövləti kimi gördüyü Azərbaycan Respublikasında vilayəti-fəqih ideologiyasına əsaslanan sistemin qurulması, başqa sözlə, qonşu ölkəyə islam inqilabının ixracına nail olmaqdır və Konstitusiya quruluşunu dəyişməkdir.    

İranın bir neçə mərhələdən ibarət düşünülmüş proqram həyata keçirdiyini izləmək mümkündür:

1) islamın İran modelinə əsaslanan dünyagörüşünün və həyat tərzinin təbliği;  

2) İranın cari və strateji hədəflərini reallaşdıracaq kadrların yetişdirilməsi;  

3) İran yönümlü sosial bazanın ictimai-siyasi təşkilatlarının (AİP, ARM, MBH) və hərbi-siyasi qanadının (“Hüseyniyun”) yaradılması.    
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Londondakı səfirliyinə hücum - XİN-dən RƏSMİ AÇIQLAMA


Hazırkı dönəmdə İranın “yumşaq güc” elementi sayıla biləcək həmin həmlələrin bir neçə təzahürü haqqında danışacağıq.    

1. “Salam, fərmandeh” marşı Cari ilin mart ayında meydana çıxan və kütləvi ifa üçün nəzərdə tutulan “Salam, fərmandeh” (“Salam, komandan”) mahnısı İran hakimiyyətinin güclü dəstəyi sayəsində tez bir zamanda ölkə hüdudlarını aşaraq qonşu ölkələrə ayaq açıb. Bu prosesi “asanlaşdırmaq” üçün dərhal marşın müxtəlif dillərə tərcüməsi də hazırlanıb və müvafiq kliplər çəkilib. Mətnin tərcüməsi sərbəst şəkildə, hədəf auditoriya nəzərə alınmaqla həyata keçirilib.

Məsələn, farsca orijinaldakı İranın ali rəhbəri Seyid Əli Xameneiyə işarə edən “Seyid Əli doxsanıncı illər nəslinə çağırış edib” misrası “Seyid Əli ağamın ləşkəri, görürsən, hazırdır” kimi verilib, bununla da marşı ifa edən hər kəs bir növ özünün həmin ləşkərin, yəni qoşunun sırasında olduğunu bəyan edir.    

Müxtəlif dillərdə video versiyaların qısa müddətdə meydana çıxması və geniş coğrafiyaya yayılması mahnının guya yaradıcı heyətin məhdud imkanları çərçivəsində hazırlandığı barədə iddiaların əsassız olduğunu göstərir.

İranın ali rəhbərinin, bir sıra yüksək rütbəli hərbçilərin və rəsmi medianın “Salam, fərmandeh” marşını təqdir və təbliğ etməsi də onun İslam Respublikasının siyasi maraqlarına və regional ambisiyalarına cavab verdiyini təsdiqləyir.    

Görünən odur ki, İran hakimiyyəti əsrlərdən bəri müsəlmanlar arasında mövcud olan Mehdi inancından konkret siyasi-ideoloji hədəflər üçün istifadə edir, onu özünün təbliğat müharibəsi vasitəsinə, yumşaq güc alətinə çevirməklə, bir tərəfdən ölkədə “inqilab ideallarından uzaqlaşmanın” qarşısını almağa, digər tərəfdən də xaricdə, xüsusən qonşu ölkələrdə öz təsirini yaymağa çalışır.

İmam Mehdiyə, yaxud İmam Zamana ünvanlandığı bildirilən mahnının məzmununda hazırkı İran hakimiyyəti ilə əlaqəli tematika o qədər güclüdür ki, haqlı olaraq, sual yaranır:

“Salam, fərmandeh” İmama həsr olunub, yoxsa İrana?! Təsadüfi deyil ki, mahnının mətnində Seyid Əli Xamenei, Qasım Süleymani, Ayətullah Behcət barədə danışıldığı halda, İslam Respublikasının banisi Ayətullah Xomeyninin adının çəkilməməsi onun varislərinin etirazına səbəb olub. İran hakimiyyətinə bağlı “Pars Today” saytı isə sözügedən mahnını “yeni nəslin İslam Respublikasını dəstəkləyən xoru” adlandırıb.   

Həqiqətən də, “Salam, fərmandeh”in ötürdüyü mesajlar İran hakimiyyətinin və onun dəstəklədiyi “Müqavimət Cəbhəsi”nin müdafiəsinə, İmam Mehdinin zühuru məsələsində İranın və onun rəhbərinin xüsusi missiyasının vurğulanmasına xidmət edir, müsəlmanları, o cümlədən Azərbaycan möminlərini Xameneinin ətrafında birləşməyə və səfərbər olmağa çağırır.

Odur ki, “Salam, fərmandeh”i adi dini mahnı və ya sadəcə İmam Zamana həsr olunmuş sürud kimi təqdim etmək cəhdləri qətiyyən reallığı əks etdirmir və əsla məqbul sayıla bilməz.

Əslində İranın ideoloji təxribatı olan və gənc nəslə zərərli fikirlər aşılayan bu mahnının ifasının, məsələn, Bəhreyndə olduğu kimi, rəsmən qadağan edilməsi məsələsi də nəzərdən keçirilə bilər.       

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO