“Qisas” əməliyatıyla bağlı Rusiyanı yalan danışmağa məcbur edən 4 SƏBƏB - TƏHLİL 

“Qisas” əməliyatıyla bağlı Rusiyanı yalan danışmağa məcbur edən 4 SƏBƏB - TƏHLİL 

Hazırda oxunan: “Qisas” əməliyatıyla bağlı Rusiyanı yalan danışmağa məcbur edən 4 SƏBƏB - TƏHLİL 

86976

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Silahlı Qüvvələri tərəfindən “Qisas” adlı uğurlu antiterror əməliyyatı həyata keçirildi. Ordumuzun yüksək peşəkarlığı nəticəsində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində yerləşən terrorçu mövqeləri saatlar içərisində məhv edildi.

Bununla da Azərbaycan öz ərazisində terror təxribatlarında heç vaxt göz yummayacağını bir daha nümayiş etdirdi.

Ağ yalanın, qara üzü

Ancaq Azərbaycanın hüquqi addımları heç də hər kəs tərəfindən razılıqla, ya da susqunluqla qarşılanmadı. Bəzi qüvvələr nə doğrunun yanında ola bildi, nə də sükutunu qorumağı bacardı. 
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan şərtlərə əməl etməsə, “Qisas 2” əməliyyatı da olacaq”  – EKSPERT


Xüsusən də, Rusiya Müdafiə Nazirliyinin, eləcə də bu ölkənin bir sıra media qurumlarının bu yöndə canfəşanlığı diqqətdən yayınmadı. Belə ki, Azərbaycan “atəşkəsi pozan”, terrorçular qurban, sülhməramlılarsa “mələk” kimi təqdim olunmağa başlandı.

Guya Azərbaycan ordusu heç bir əsas olmadan erməni mövqelərinə hücuma keçib, rus kontingenti isə xilaskar kimi yetişərək, ordumuzun qarşısını alıb.

Digər informasiya təxribatıysa adı çəkilən tərəflərdən savayı regionun digər gücü İranı da oyuna daxil etmək yönündə idi. Azərbaycan ordusunun şəhid əsgərimizin “Qisas”ını aldığı vaxtda bəzi mənbələr SEPAH qoşunlarını sərhədlərimizə qədər “gətirdi”.

Xəbərlər yayılmağa başladı ki, İran ordusu Qarabağdakı hərəkətlilikdən narahat olaraq cənub sərhədlərimizdə təlimlərə başlayır. Hətta harada, nə vaxt çəkildiyi bəlli olmayan İran silah-texnikalarının videolarını da sübut kimi ortaya qoymaqdan çəkinmədilər.

Bu və ya digər səbəbdən bir çoxlarını İranla bağlı yalana inandırmağı da bacardılar. Lakin bu yalanın ömrü heç 40 dəqiqədə çəkmədi. İran rəsmiləri açıqlama verərək, yayılan məlumatların “fake” olduğunu və bu kimi xəbərlərin ölkələrimiz arasında münasibətlərə zərbə vurmağa, regionu qarışdırmağa hədəfləndiyini bəyan etdilər.

Bəs, bu cür yalanlar nə üçün tirajlanır?

Əvvəldə də qeyd etdiyimiz kimi, Rusiya mətbuatında baş verənlər ətrafında manipulyasiyalar etmək cəhdi daha çox sezilirdi. Bunu da bir neçə səbəblə izah etmək olar:

1. Rusiya MN bu cür məlumat yaymaqla özünə müsbət imic formalaşdırmağı hədəfləyib. 10 noyabr bəyanatına əsasən, Rusiya sülhməramlılarının regiona gəlməsilə paralel olaraq, Ermənistan ordusu bölgəni tərk etməli, terrorçular tərk-silah edilməli idi.

Lakin 20 aya yaxın müddətdə sülhməramlılar nəinki üzərlərinə düşəni, faktiki olaraq heç nə etmədi. Görünür, Azərbaycan ordusunun cavab tədbirlərinin qarşısını “xilaskar” kimi aldığını göstərərək, Rusiya MN personalının nə qədər vacib işlə məğul olduğunu göstərməyə çalışıb. 

2. Rusiya mətbuatında erməni media maqnatlarının at oynatdığı da hər kəsə bəllidir. Çox ciddi resurslara sahib bu şəxslər Rusiya ictimai rəyini daim Azərbaycan əlehinə yönləndirmək üçün dəridən-qabıqdan çıxıblar.

Təbiidir ki, onlar bu dəfə də əllərinə düşən fürsəti boşa vermək istəməyiblər. 

3. Rusiyanın başı Ukraynaya qarışsa da Cənubi Qafqazı da diqqətdən kənarda qoymaq istəmir, xüsusilə də,Paşinyanın fürsət tapan kimi Qərbə qaçdığını nəzərə alarsaq. Bunun üçün də erməni cəmiyyətinə “sevimli” obraz göstərərək, İrəvanda mövqe gücləndirməyin önəmi böyük idi.

Qarabağ ermənilərinin qoruyucusu maskası isə bunun üçün ideal nümunədir.

4. Təbii ki, İranı bu yalanlara daxil etmək cəhdini də diqqətdənkənar saxlamaq olmaz.

Doğrudur, İrandan ölkəmizə qarşı zaman-zaman xoşagəlməz bəyanatalara və addımlara şahidlik etmişik. Lakin son dönəmlərdə iki ölkə arasında münasibətlər müsbət axarında gedir. Ona görə də İran rəsmilərinin bu yalanlarla bağlı səsləndirdikləri versiya daha ağlabatandır.
Görünür, bəzi qüvvələr Tehran-Bakı münasibətlərini pozmaqla fikri regionda həllini gözləyən məsələlərdən uzaqlaşdırmağa çalışırlar.

Ümumilikdəysə, bu cür yalanların tirajlanmağı narahatlıq doğursa da, nəzərdə tutulan məqsədlərə çatması real görünmür. Çünki Azərbaycan öz ərazi bütövlüyü və regionda sülhün təmin olunması məsələsində qəti mövqeyini ortaya qoyub, qoymağa da davam edəcək.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO