“İran Azərbaycan-Rusiya münasibətlərini pozmaq istəyir” – İnformasiya təxribatlarının PƏRDƏARXASI

“İran Azərbaycan-Rusiya münasibətlərini pozmaq istəyir” – İnformasiya təxribatlarının PƏRDƏARXASI

Hazırda oxunan: “İran Azərbaycan-Rusiya münasibətlərini pozmaq istəyir” – İnformasiya təxribatlarının PƏRDƏARXASI

86479

Son günlərdə İran mətbuatında ölkəmizə qarşı növbəti “fake” xəbər kampaniyasına start verilib. Belə ki, molla rejiminə yaxınlığı ilə seçilən bir sıra KİV Azərbaycanın Ukraynaya silah-sursat yardımı etməsi ilə bağlı informasiyalar tirajlamaqdadır.

Məsələnin diqqətçəkən yanı isə ondan ibarətdir ki, sözügedən məlumatlar bir sıra erməni və rus nəşrləri tərəfindən də yayımlanır. Bununla da Azərbaycanın Rusiya-Ukrayna münaqişəsində tutduğu neytral mövqe sorğulanır.

Bəs, İran mətbuatının Azərbaycan əlehinə bu cür informasiya təxribatı başlatmasına səbəb nədir?

Mövzunu Bizim.Media üçün şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, əsas hədəf Azərbaycan-Rusiya münasibətlərini pozmaqdan ibarət ola bilər:

“Yeri gəlmişən Ermənistan tərəfi də oxşar məlumatları yayımlayır. Ermənistanın əsas aparıcı siyasi dairələrinin bu təbliğatı dəstəklədiyi aydındır. Lakin İranda anti-Azərbaycan dairələri bununla məşğuldur. Düşünmürəm ki, İran hakimiyyəti Azərbaycan-Rusiya münasibətlərinin pozulmasından maraqlı olsun. Tehran anlayır ki, Rusiya, Azərbaycan və İran üçün mühüm əhəmiyyətə malik olan üçtərəfli layihələr var. Xüsusilə də, “Şimal-Cənub” dəhlizi. Münasibətlərin pozulması isə bütövlükdə bu cür proyektlərin gələcəyinə zərbə vura bilər”.

Politoloqun sözlərinə görə, İranda erməni maraqlarıyla uzlaşan qüvvələr bu cür addımların atılmasında maraqlı ola bilər:

“Hədəf regionda əlavə gərginlik yaratmaqla Azərbaycanın mövqeyini zəiflətməkdir. Lakin həm Ermənistan, həm də İrandakı bəlli qüvvələr onu yaddan çıxarırlar ki, Azərbaycanın Ukraynaya silah yardımı etmədiyi Rusiyaya məlumdur. Azərbaycan nə vaxtsa Ukraynaya külli miqdarda silah satsa idi, yəqin ki, ilk növbədə Rusiya ilə gərginlik yaşanardı və rəsmi kanallarla bu narahatlıq Moskva tərəfindən bildirilərdi. Madam ki, bu yoxdur, deməli digər tərəflərin canfəşanlığı heç bir əhəmiyyət kəsb etmir”.

İlqar Vəlizadə Rusiyanın Rəşt-Astara yolunun yarımçıq qalan hissəsinin tikintisini öz üzərinə götürdüyünü də diqqətə çatdırıb:

“Bütün bunları nəzərə alsaq, görərik ki, hansısa qrupların da bu yöndə fəaliyyəti ilk növbədə İranın özünün maraqlarına ziddir. Onlar düşünməlidirlər ki, bu təxribatlar sonda İran-Azərbaycan münasibətlərini korlaya bilər. Və bu Tehrana heç bir dividend gətirməyəcək”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO