Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının iyulun 26-da keçirilən iclasında may ayının əvvəlindən etibarən yeni seçki məntəqələrinin yaradılması prosesinə başlandığı elan olunub.
Belə ki, MSK-nın sədr müavini Rövzət Qasımov 1300 yeni seçki məntəqəsinin yaradılmasına ehtiyacın olduğunu bildirib:
“Həmin vaxtdan bəri 103 seçki dairəsinin ərazisində 832 yeni seçki məntəqəsi yaradılıb. Respublika üzrə ümumilikdə 6274 seçki məntəqəsi fəaliyyət göstərəcək. Həmin məntəqələrin seçici siyahıları və s. məsələləri artıq həll olunub”.
O da məlumdur ki, ölkəmizdə referendumun keçiriləcəyi, ələxsus da, Milli Məclisdə deputat yerlərinin sayının artırlacağı məsələsi uzun müddətdir ki, müzakirə predmetidir. Bir çox siyasi partiyalar və politoloqlar bu səbəbdən MSK-nın atdığı addımları referenduma hazırlıq kimi qiymətləndirirlər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov qeyd edib ki, seçki məntəqlərinin yaradılması müvafiq dairələr üzrə qeydə alınan seçicilərin məntəqə sərhədlərini aşması ilə bağlıdır:
MÖVZU İLƏ BAĞLI:
MSK və DSK üzvlərinin maaşları artırıldı
“Qanunvericiliyə əsasən, bir məntəqədə 50 nəfərdən, 1500 nəfərə kimi seçici ola bilər. Amma məntəqələrdə seçici sayının artması yeni məntəqələrin yaradılmasını zərurətə çevirib”.
Mikayıl Rəhimov MSK tərəfindən referenduma hazırlıqların görülməsi iddialarına da münasibət bildirib:
“Siyasi partiyalar, ekspertlər ən müxtəlif iddialarla çıxış edə bilərlər. Amma Mərkəzi Seçki Komissiyası məntəqələrin yaradılması ilə məşğul olan orqandır. Əgər, əlbəttə ki, müvafiq fərman olacaqsa, seçkilərin təşkil olunması MSK-nın vəzifəsidir. Lakin bu gün seçici siyahılarını dəqiqləşdirdikdən sonra yeni seçki məntəqələrinin yaradılmasından söhbət gedir və hal-hazırda MSK bu istiqamətdə fəaliyyətini davam etdirir”.
Murad Əhmədov, Bizim.Media