“Ermənistan və Azərbaycanın birbaşa danışıqlar üçün səylərini və münaqişənin sülh yolu ilə həllinə nail olmaq cəhdlərini dəstəkləməkdən başqa alternativ görmürük”.
Bu fikirləri ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi iyulun 26-da “Liberty” radiosuna müsahibəsində səsləndirib.
Xatırladaq ki, daha əvvəl Lin Treysi də daxil olmaqla bir sıra ABŞ rəsmilərinin açıqlamalarında Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsi fikirlərinə rast gəlmək mümkün idi. Bu açıqlama isə ABŞ-ın da həmsədrlərə qarşı mövqeyinin dəyişməsi fikirini ortaya çıxarıb.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Elman Nəsirov qeyd edib ki, Ermənistandan heç bir ölkə bir çox hallarda tənizmləmə prosesində buxova çevrilən ATƏT-in Minsk Qrupunu diriltmək istəmir:
MÖVZU İLƏ BAĞLI:
“Minsk qrupu kimə lazımdır?” - Həmsədrlərin buraxılması məsələsinə REAKSİYA
“Həm də bunun mənası yoxdur. Çünki Rusiya-Ukrayna münaqişəsi fonunda həmsədr dövlətlər arasında münasibətlərin hansı səviyyədə olmasını xüsusi qeyd etməyə ehtiyac yoxdur. Faktiki olaraq, bu ölkələr bir-birinə düşmən kimi baxırlar. Necə ola bilər ki, düşmən tərəflər Minsk Qrupu çərçivəsində bir araya gəlib, post-müharibə dövrünün gündəliyində olan məsələlərini həll etsinlər. Bu nonsesdir, mümkün deyil. Zənnimcə, Ermənistan rəhbərliyi də bunu dərk edir”.
Deputat qeyd edib ki, bu gün ABŞ siyasi rəhbərliyi və Lin Treysi postmüharibə dövrüylə bağlı məsələlərin tənizmlənməsinə dəstək göstərmək niyyətini ortaya qoyur:
“Onlar hesab edir ki, birbaşa təmaslar faydalıdır. Entoni Blinkenin Azərbaycan Prezidentinə telefon zəngində də vurğulandı ki, Vaşinqton Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında birbaşa təmasdan məmnundur. Hal-hazırda bu tendensiya müşahidə olunmaqdadır. Yəni vasitəçilər olmadan Azərbaycan və Ermənistan dəyirmi masa ətrafında əyləşib, problemləri tənzimləməsinə rəsmi Vaşinqtondan daha loyal münasibət var və bunu gizlətmirlər”.
Ermənistan baş nazirinin ziddiyətli mövqe sərgiləməsinə də toxunan Elman Nəsirov əlavə edib ki, Nikol Paşinyanın öz əleyhdarlarını tam şəkildə məhdudlaşdırdıqdan sonra sülhün təmin olunması istiqamətində addımlar atması daha çox proqnozlaşdırılır.
Murad Əhmədov, Bizim.Media