Son günlərdə ölkəmizdə haqqında ən çox danışılan kitab heç şübhəsiz “Təbrizin sehrli nağılları”dır.
İsrailin ölkəmizdəki səfiri Corc Dikin tvitindən sonra “Təbrizin sehrli nağılları” kitabı artıq trendə, həm də diplomatik gərginliyə səbəb olmağı bacarıb. Hətta bu kitabla foto paylaşması səbəbindən Corc Dik İranın ölkəmizdəki səfiri Abbas Musəvi tərəfindən ölümlə də təhdid olunub.
Bu qalmaqaldan sonra isə sosial şəbəkələrdə bir çox siyasətçilərin həmin kitabla fotoları yayılmağa başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Bu günün trendi "Təbrizin sehrli nağılları" vaxtilə kimə hədiyyə edilib? - FOTO
Bizim.Media “Təbrizin sehrli nağılları” ilə bağlı araşdırma aparıb.
Kitab Mədəniyyət və Turizm Nazirliyi, BP Azərbaycan və "Paşa Həyat Sığorta" ASC-nin dəstəyi ilə "İrs" Nəşriyyat Evində çap edilib. Layihənin rəhbəri "İrs" jurnalının baş redaktoru Musa Mərcanlıdır. Nəşr sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanıb.
Sözügedən kitabın təqdimat mərasimi 2014-cü il dekabrın 5-də “Hilton Baku” otelində baş tutub. Keçirilən tədbirdə dönəmin mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, eləcə də bir sıra dövlət rəsmiləri də iştirak edib.
“Təbrizin sehrli nağılları” kitabı isə dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr edilib.
Kitabda Azərbaycan miniatür rəssamlığının klassik dövrünü XIII əsrdəki ilk addımlarından XVI əsr Səfəvi dövründəki ən yüksək inkişaf nöqtəsinədək araşdıran aparıcı Qərb və Şərq alimlərinin fikirlərindən sitatlar gətirilib.
Təbriz nağılları dünyanı necə dolaşdı?
Əvvəldə də qeyd etdiyimiz kimi, “Təbrizin sehrli nağılları”yla bir sıra siyasətçilərin də fotoları üzə çıxıb. Onlardan ən diqqət çəkənləri isə İtaliya Prezidenti Serco Matarella və Roma Papası Fransisk olub. Lakin həmin fotolar heç də yeni deyil.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2019-cu il noyabrın 27-də Romada təşkil etdiyi “Zorakılıqdan azad: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində sülh, təhlükəsizlik və münaqişələrin qarşısının alınması” beynəlxalq tədbiri çərçivəsində Papa Fransiskə hədiyyə olunub.
Noyabrın 29-da Romada, İtaliya Senatında daha bir yüksək səviyyəli görüş keçirilib. Həmin görüşdə İtaliya Prezidenti Serco Mattarella bu beynəlxalq tədbirin iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib. Görüş əsnasında “Təbrizin sehrli nağılları” kitabı Prezident Serco Mattarellaya qiymətli hədiyyə olaraq təqdim edilib.
Lakin “Təbrizin sehrli nağılları”nın hədiyyə olunduğu şəxslər yalnız Matarella və Fransisik deyil. Belə ki, 2020-ci ilin yanvar ayında Nizami Gəncəvi Mərkəzinin tərəfindən təşkil olunan tədbirlər silsiləsində bir sıra digər məşhurlara da bu kitab təqdim olunub.
Onların siyahısında Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas, Andorranın Baş Naziri Xavier Espot Zamora və Nobel mükafatı laureatı, uşaq hüquqlarını müdafiə edən fondun və digər ictimai fəaliyyətlə məşğul olan təşkilatların yaradıcısı hindistanlı Kailaş Satyarthi kimi şəxslər də var.
“Təbrizin sehrli nağılları” kitabının müxtəlif dövrlərdə hədiyyə olunduğu məşhurlar sırasında BP-nin Baş İcraçı Direktoru Robert Dadli, OPEC-in Baş katibi Məhəmməd Barkindo, dünya şöhrətli fotoqraf Reza Deqati, BMT-nin sülh elçisi, tanınmış musiqiçi və bəstəkar Sami Yusuf da var.
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə - bəndinə uyğun olaraq hazırlanıb.
Murad Əhmədov, Bizim.Media