10 noyabr Bəyannaməsindən və 11 yanvar Anlaşmasından xeyli müddət ötsə də Ermənistan-Azərbaycan münasibətlərində ciddi bir irəliləyiş nəzərə çarpmır.
Nəticədə, Cənubi Qafqazda müharibə təhlükəsi qalmaqda davam edir. Çünki, rəsmi İrəvan götürdüyü heç bir öhdəliyi sonacan icra etmir. Bu və ya digər bəhanələrlə sülh sazişini əngəlləyir.
Təbii ki, davamlı sülhdə maraqlı olan Azərbaycan bu reallıqlarla barışa bilməz və adekvat addımlar atmaq məcburiyyətindədir.
MÖVZU İLƏ BAĞLI:
“Paşinyanın Ərdoğana telefon zəngi çox vacib addımdır” – Tofiq Zülfüqarov
Bundan əlavə Ermənistan tərəfi davamlı şəkildə Qarabağın status məsələsini gündəmə gətirmək istəyir. Halbuki, istər 10 noyabr Bəyannaməsində, istərsə də 11 yanvar Anlaşmasında Qarabağın statusu barədə heç bir bənd və yaxud öhdəlik yoxdur.
Bununla belə ermənilər tutduqlarından əl çəkmirlər. Zaman-zaman Qarabağın status məsələsini danışıqlar predmetinə çevirmək istəyirlər. Bu isə artıq Azərbaycanın səbrinin daşmasına səbəb olur. Təsadüfi deyil ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkə başçısı bu məsələyə çox açıq şəkildə münasibət bildirib.
Dövlətimizin başçısı bəyan edib ki, “status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik”.
Təbii ki, Azərbaycanın Ermənistana qarşı torpaq iddiası qaldırmağa hər zaman hüquqi əsasları olub. Çünki, indiki Ermənistan 100 il bundan qabaq Qərbi Azərbaycan torpaqlarında yaradılıb.
Üstəlik, 1988-ci ildə sonuncu 300 minə yaxın azərbaycanlı qədim-qayım Azərbaycan torpaqlarından çıxarılıb. Əsrin əvvəllərində başlayan bu proses ötən əsrin 40-50-ci illərində də davam etdirilib.
Azərbaycanın bu ərazilərdəki maddi-mədəni irsi dağıdılıb, məhv edilib, qaçqın düşən soydaşlarımızın milyard manatlarla əmlakı ermənilər tərəfindən ələ keçirilib.
Ona görə də Azərbaycanın Ermənistana qarşı torpaq iddiası sürməsi tamamilə beynəlxalq hüquqa uyğundur.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan XİN-in sabiq rəhbəri Tofiq Zülfüqarov bildirib ki, Ölkə Başçısının son bəyanatında çox aydın və açıq məntiq durur:
“Əgər ermənilər hesab edir ki, onların ixtiyarı var və onlar özləri özlərinə hüquq veriblər ki, Azərbaycanın daxili işlərinə bu və ya digər şəkildə müdaxilə edə bilərlər, onda onların məntiqi ilə Azərbaycanın da bu və ya digər şəkildə Ermənistana qarşı ərazi iddiası irəli sürmək və yaxud onların işlərinə müdaxilə etmək hüququ var. Hesab edirəm ki, ermənilər tutduqları sərsəm siyasətdən əl çəkməsələr Azərbaycan praktik şəkildə Zəngəzur və Göyçə mahalı barədə məsələni qaldıra bilər”.
Surxay Atakişiyev, Bizim.Media