“Britaniya mətbuatında rəsmi olaraq verilən məlumatlara və partiyanın digər üzvlərinin dediklərinə görə, Boris Consonun istefası Mühafizəkarlar partiyasının əsas ideyalarına xilaf çıxmaq və partiyanın adını ləkələməklə bağlıdır”.
Bizim.Media-ya açıqlamasında bu sözləri Britaniyada yaşayan siyasi ekspert Fuad Şahbazov söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Consondan sonra İngiltərə Ukraynaya dəstək verəcəkmi? - ŞƏRH
Ekspertin sözlərinə görə, COVİD “loqdaun”u olan zaman baş nazirin ofisində əməkdaşlarla birlikdə şənlik təşkil etməsi ona qarşı xeyli narazılıqlar yaradıb:
“İnsanların evə qapandığı bir vaxtda Consonun kabinetində bayram şənliyi keçirməsi heç də qəbul olunan deyildi. Sonra etimad səsverməsində Consonun cüzi bir səslə qalib gəlməsi onu göstərdi ki, hökumət daxilində ona qarşı formalaşan müxalifət var. Keçən həftə 30-40-a yaxın nazirin istefa verməsi, bununla yanaşı Consonun tərəf müqabillərindən biri, parlamentdə səlahiyyət sahibi olan şəxsin parlamentin digər əməkdaşlarına qarşı parlamentariyə yaraşmayan hərəkətlər etməsi və bunun ifşa olunması kimi hallar daxildə müxalifət yaradan və hökuməti parçalayan əsas amil oldu”.
Ekspert Boris Consonun istefasını zəruri edən digər məqamlara da aydınlıq gətirib:
“Təbii ki, istefanın başqa səbəbləri də var. Britaniyanın pandemiyadan sonrakı durumu heç də ürəkaçan deyil. Hazırda ölkə daxilində 12-13 faiz inflyasiya var və bu insanların gündəlik həyatında da hiss olunur. Etiraz dalğalarının qarşısını almaq üçün bəzi sahələrdə maaşların artırılması baş versə də, bu pandemiyada uğranılmış zərəri bərpa etməyə kifayət etmədi”.
Baş nazirinin istefasının ardınca Britaniyanın maliyyə böhranı ilə üz-üzə gələcəyi ilə bağlı verilən proqnozları da şərh edən ekspert, bunun yaxın vaxtlarda baş verməyəcəyini vurğulayıb:
“Deməzdim ki, burada dərin maliyyə böhranı gözlənilir. Hazırda Britaniyadakı bütün məhdudiyyətlər aradan qaldırılıb. Buradakı müəssisələr pandemiyadan əvvəlki rejimdə işləyir.
Bunu sadəcə müvəqqəti çətinlik kimi görürəm. İqtisadi problemlərin kökündə əsasən “brexit” dayanır ki, İngiltərədə bütün problemlər məhz bundan sonra başladı və bununla da qərbin iqtisadi imicinə çox böyük ziyan dəydi.
Nəzərə alsaq ki, İngiltərə Avropanın ən böyük ölkələrindən və əsas iqtisadiyyatlarından biridir, buradakı iqtisadi geriliyin həcmi elə də böyük olmayacaq”.
Leyla Şah, Bizim.Media