44 günlük Vətən müharibəsində tarixi qələbə minlərlə şəhid və qazilərimizin qanı və qəhrəmanlığı hesabı əldə edilib. Və onların demək olar ki, çoxu ölkə başçısının sərəncamı ilə müxtəlif adlara layiq görülüblər, orden və medallarla təltif ediliblər.
Ancaq son vaxtlar sosial medialarda medal ala bilməyən bəzi döyüşçülərin valideynlərinin etirazına rast gəlinir. Onların fikrincə, övladları ən azından “Vətən müharibəsi iştirakçısı” medalı almalıdırlar.
Qeyd edək ki, bu medalla Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.
Əslində bu və ya digər medallar kimlərə və hansı şərtlərlə verilməlidir? Belə etirazlar nədən qaynaqlanır?
Mövzunu hərbi ekspert Ədalət Verdiyevlə davam etdirdik. O, Bizim.Media-ya açıqlamasında hamıya medal verilməsinin mümkünsüz olduğunu dedi.
“Ümumilikdə Vətən müharibəsində 150 min nəfərə yaxın insan iştirak edib. Hər kəsin mükafalandırılması real görünmür”.
Onun fikrincə, hərbi xidmətdə fərqlənənlər kateqoriyasına aid olan şəxslər mükafatlandırılır:
“II Qarabağ savaşı dünya tarixində rastlaşdığım yeganə müharibə oldu ki, “Mən niyə mükafatlandırılmadım?” deyərək üsyan edən insanlar oldu. Adətən bu məsələ ilə hərbi hissə və bölmələrin komandirləri məşğul olur. Hamıya mükafat verilsə, müharibədə fərqlənənləri qeyd etmək olmayacaq. Başqa bir dərdimiz də budur ki, bir medal alan ikisini, iki medal alan üçünü, üç medal isə dördünü istəyir”.
Ekspert vurğulayır ki, kimsə əgər düşünürsə ki, ona medal verilməlidir, mövcud komissiyaya müraciət etməlidir:
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərxis etdiyi şəxslərlə bağlı komissiya yaradıb. Onlarla zabit heyəti şikayətləri qəbul edir. Sosial şəbəkədə belə məlumatları paylaşmaqla heç nə həll olunmur. Bəzən onların şikayətini araşdırmaq üçün əlaqə saxlamaq istəyirsən. Şikayəti yazan adamın şəxsi məlumatları yoxdur. Bilmirsən ki, onun adı, soyadı nədir. Mənə elə gün olub ki, onlarla müraciət olunur. Deyirəm ki, mənə faktlarla müraciət edin. Deyin ki, bax filankəs medal almağa layiq deyil. Birindən real cavab gəlmir. Kimsə kimdənsə nəsə eşidib dezinformasiya yayır. Şikayəti varsa, komissiyaya müraciət etməlidir”.
Bundan başqa Ədalət Verdiyev qeyd edir ki, müharibənin bitdiyi 2 aydır:
“Hamıya medal verilməli olsaydı, onu 2 ayda çap edib bitirmək olmazdı. Medallar bir-bir çap olunur, nömrə qoyulur, vəsiqə verilir. Medalların verilməsi hələ bitməyib. Vətən müharibəsinin hər il dönümündə iştirak edənlər mükafatlanacaq. Babalarımızin sinələrində gördüyümüz o medalların bir çoxu yubileylərdə, sonrakı dönəmlərdə verilib. Bəziləri, hətta isə 50-60 il sonra medal alıb”.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:20 / 13.01.2021
“Hər müharibə iştirakçısına medal verilə bilməz” - EKSPERTDƏN AÇIQLAMA
Hazırda oxunan: “Hər müharibə iştirakçısına medal verilə bilməz” - EKSPERTDƏN AÇIQLAMA
Hazırda oxunan: “Hər müharibə iştirakçısına medal verilə bilməz” - EKSPERTDƏN AÇIQLAMA
8245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.