İyulun 4-də müstəqil Azərbaycanın ilk siyasi partiyası olan Milli İstiqlal Partiyasının yaradılmasının 30 illiyi tamam olub. Bu münasibətlə keçirilən tədbirdə iqtidar və müxalifət partiyalarının nümayəndələri, partiya funksionerləri, o cümlədən media mənsubları iştirak ediblər.
Tədbirdə həmçinin AMİP-in qurucusu və ilk sədri olan Etibar Məmmədov da iştirak edib. Hal-hazırda partiyanın fəxri lideri olan Etibar Məmmədov Bizim.Media-nın suallarını cavablandırıb.
AMİP-in qurucusu ilk növbədə partiyanın Azərbaycan xalqı və dövlətçiliyi üçün gördüyü işlərdən söz açıb:
MÖVZU İLƏ BAĞLI:
Etibar Məmmədov nə qədər pensiya alır? – Eksklüziv AÇIQLAMA
“Ən böyük uğurumuz ondan ibarətdir ki, partiyamız müstəqilliyin əldə olunmasında iştirak edib. Bundan əlavə, AMİP Müstəqillik Aktının müəllifidir və ilk Konstitusiyanın hazırlanmasında iştirak etmişik. Eyni zamanda Milli İstiqlal Partiyası Azərbaycanda çoxpartiyalı sistemin əsasını qoymuş partiyadır”.
AMİP-in fəxri lideri partiyanın gələcəyi ilə bağlı gözləntilərini də açıqlayıb:
“AMİP-in gələcəyini Azərbaycanda çoxpartiyalı sistemdə görürəm. Çoxpartiyalılıq demokratiyanın əsasıdır. Bu istiqamətdə ölkəmizdə dəyişikliklərin olması vacibdir. Partiyalara münasibətdə də dəyişiklərə də ehtiyac var. Xüsusən də, partiyaların dövlət idarəetməsində iştirak etməsi zəruridir”.
Etibar Məmmədov aktiv siyai fəaliyyətə qayıdıb-qayıtmayacağı ilə bağlı sualı isə belə cavablandırıb:
“Aktiv siyasət dedikdə, heç kim siyasətdən kənarda deyil. Ancaq partiya funksioneri kimi mənim hər hansı vəzifəm yoxdur. Yalnız AMİP-in fəxri lideri statusunu daşıyıram. Ümumilikdəysə, Azərbaycanda gündəlik aktiv siyasətdə gənclərə daha çox yer verilməlidir və onların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməsi zəruridir”.
Murad Əhmədov, Bizim.Media