“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü hərəkatın fəaliyyəti tarixində tamamilə yeni bir mərhələ açıb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakıda keçirilən konfransında əslində qurum institutlaşma istiqamətində yeni bir addım atmış odu”.
Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Qoşulmama Hərəkatının Bakı konfransı və qurumun Parlament Şəbəkəsinin yaradılmasına münasibət bildirərkən deyib:
“Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işçi qaydası və nizamnaməsi müəyyən edildi. Atributlar qəbul olundu. Yəni hərəkatın təşkilata çevrilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Prezidenti hərəkatın daimi mənzil qərargahının olması məsələsinə də toxundu. Hərəkatın 120 üzvü var. 10-dan çox ölkə müşahidəçi statusunda prosesdə iştirak edir”.
MÖVZU İLƏ BAĞLI:
Qoşulmama Hərəkatının Bakı Bəyannaməsi qəbul edildi
Həmsöhbətimiz qeyd edir ki, məhz Azərbaycanın sədrliyi dövründə hərəkatın mövcud potensialının real gücə çevrilməsi istiqamətində addımlar atılıb:
“Bəlli oldu ki, hər hansı bir təşkilatlanmanı müəyyən hədəflər istiqamıtində səfərbər etdikdə çox estetik nəticələr əldə etmək olur. Bakının sədrliyi dövründə pandemiya mərhələsində hərəkatın fəallaşması, BMT Baş Assambleyasının gündəmini təyin etməsi, 44 günlük müharibədə hərəkat üzvlərinin etirazı ilə BMT Təhlükəsizlik Şurasının gündəminin baş tutmaması mühüm hadisələrdir. Bu addımlar hərəkata üzv ölkələrdə inam yaradan hadisədir. Ona görə də Azərbaycanın hərəkata sədrliyi daha bir il müddətinə uzadılıb. Bu da hərəkatın beynəlxalq münasibətlər sistemində nüfuz və rolunun artmasına gətirib çıxardı”.
Deputatın fikrincə, yeni münasibətlər sistemində Azərbaycanın həmçinin Qoşulmama Hərəkatı çərçivəsində yeri və rolu daha da artacaq:
“Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətini səfərbər etməklə artıq özü üçün mühüm dividentlər əldə edib. 44 günlük müharibədə BMT Təhlükəsizlik Şurasının gündəmindəki qətnamələrin ləğvi və məhdudlaşdırılması ilə bağlı məhz Qoşulmama Hərəkarına üzv olan bəzi ölkələr bu təşəbbüsü blokladı.
Bunun özü bir dividentdir. İndi hərəkat özlüyündə böyükl bir əməkdaşlıq, tərəfdaşlıq platformasıdır. Cənub-Şərqi və Mərkəzi Asiya, habelə şimali Afrikada insan resursları və böyük iqtisadiyyat formalaşır. Burada formalaşacaq yeni münasibətlər sistemində Azərbaycanın özünəməxsus yeri və rolu olacaq. Bu da formalaşan yeni dünya nizamında Azərbaycanın Türkiyə ilə birlikdə lder səviyyəsinə qaldıracaq”.
Ekspert hərəkatın mənzil qərargahının Bakıda olması məsələsinə də toxundu:
“Qoşulmama Hərəkatının mənzil qəragahı olmadığından Nyu-Yorkda BMT-nin mənzil qərargahında əlaqələndirmə ofisi var. Azərbaycan Prezidenti bu məsələyə toxunarkən hərəkatın mənzil qərargahının yerinin təyin olması məsələsini də gündəmə gətirdi.
Azərbaycan beynəlxalq görüşlərin təşkil edildiyi məkana çevrilir. Belədə, Qoşulmama Hərəkatının mənzil qərargahı nədən də Bakıda olmasın? Bakı həm Avropa, həm də Şərqə bağlıdır. Okeana çıxışının olmamasına baxmayaraq, yaratdığı bütün nəqliyyat infrastrukturu ilə bir qovşağa çevrilib”.
Rüfət Sultan, Bizim.Media