“Kəlbəcər və Laçında Prezidentin səsləndirdiyi fikirlər Ermənistanı sağlam düşüncəyə dəvət etmək məqsədi daşıyır. İrəvan Azərbaycanın addımlarına baxaraq, özünü reallığa uyğun aparmalıdır”.
Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər və Laçına səfərləri və burada səsləndirdiyi fikirləri şərh edərkən deyib:
MÖVZU İLƏ BAĞLI:
"Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüz daim möhkəm olmalıdır" - Prezident - VİDEO
“Azərbaycan Prezidentinin Kəlbəcər və Laçına səfəri olduqca əlamətdar günə, Silahlı Qüvvələr gününə təsadüf etdi. Hərbi xidmət keçmək üçün Kəlbəcər və Laçın relyef baxımından olduqca mürəkkəb bir ərazidir. Buna baxmayaraq, ölkə Prezidenti belə bir əlamətdar gündə, əsgərinin, ordunun yanında olduğunu nümayiş etdirdi. Kəlbəcərdə Prezident tərəfindən sayca ikinci komanda hərbi hissəsinin açılışı da oldu. 6 ay öncə Hadrutda ilk belə hərbi hissənin açılışı olmuşdu. Bu Azərbaycan Ordusunda aparılan islahatların nəticəsidir”.
Deputat qeyd edir ki, Prezidentin çıxışı Azərbaycanın davamlı olaraq hərbi qüdrətini artıracağının göstəricisidir:
“Bu regionun təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edir. Həmçinin, dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan Ermənistanla sərhəd boyunca da mövqelərini davamlı olaraq möhkəmləndirməkdədir. Bu məqsədlə yaradılan yeni yol infrastrukturu da mühüm əhəmiyyət kəsb edir. Laçında hava limanının inşası sürətlənir. Hansı ki, bu hava limanının həm mülki, həm də hərbi strateji əhəmiyyəti olacaq.
Çünki ölkə Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan-Ermənistan sərhədi boyunca üstün mövqeyə malik olmağımız üçün yol-nəqliyyat infrastrukturunun böyük əhəmiyyəti var. Bu baxımdan Laçın aeroportunun gələcək hərbi təhlükəsizliyimizin təmin olunmasında, sərhəddə etibarlı mühafizənin həyata keçirilməsi baxımından ciddi töhfəsi olacaq.
Azərbaycan Prezidenti səfər çərçivəsində ölkəmizin hər zaman sülhə hazır olduğunu vurğulayıb. Bununla bərabər, davamlı olaraq gücünü də artırmaqdadır. Prezident hər zaman müasir beynəlxalq münasibətlər sistemində güc amilinin əhəmiyyətini vurğulayıb. Bu baxımdan Azərbaycan öz hərbi gücünü davamlı olaraq artırır”.
Prezident İlham Əliyev Ermənistana bir daha çağırış etdi ki, mövcud reallıqları qəbul etsin:
“Dünya Azərbaycanın yaratdığı reallığı qəbul edir. İrəvan da bu reallığı tam qəbul etməlidir. Ölkə Prezidentinin bu mesajı Ermənistanda narahatlıq yaradıb. Paşinyan Azərbaycanın hərbi gücünü artırdığını qeyd edərək, bunu Bakının yenidən müharibəyə hazırlaşması kimi təqdim edib. Bu yanaşmanın heç bir əsası yoxdur. Azərbaycan təhlükəsizliyin təmini üçün hərbi qüdrətini bundan sonra da artıracaq”.
Rüfət Sultan, Bizim.Media