“Aldığım məlumata görə quru sərhədlərin açılması məsələsinə tezliklə baxılacaq və müsbət həllini tapacaq”.
Bu fikirlərlə Bizim.Media-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov çıxış edib.
Onun sözlərinə görə quru sərhədlər mütləq açılmalıdır, hamının təyyarə ilə gedib-gəlmək imkanı yoxdur:
MÖVZU İLƏ BAĞLI:
Millət vəkilləri Nazirlər Kabinetinin son qərarı haqqında: “Sərhədləri açmaq lazımdır”
“Quru sərhədlər koronavirus və meymunçiçəyinin yayılması ilə əlaqədar hələ də bağlı saxlanılır. Amma mən hesab edirəm ki, sərhədlər nə qədər tez açılsa, bir o qədər yaxşıdır. Burada söhbət təkcə turizmin inkişafından da getmir. Xarici ölkələrdə nə qədər soydaşlarımız var ki, hələ də ailəsinin yanına gələ bilmir. Bu problem elə də adi deyil. Quru sərhədlərə tələbat böyükdür.
Bununla bağlı biz də çoxsaylı şikayətlər və müraciətlər alırıq. Fikrimcə, birmənalı olaraq quru sərhədlərin açılmasına qərar verilməlidir. Əlbəttə ki, yoxlamanı sərhəddə tətbiq etmək olar və burada heç bir problem yoxdur”.
Xatırladaq ki, Azərbaycan pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından quru sərhədlərini bağlayıb. Səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə həyata keçirilir.
Qeyd edək ki, bu il martın 6-dan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə karantin rejimi yumşalıb. Sadəcə qadağalardan COVID-19 pasportu və quru sərhədlərin açılması məsələləri qalıb.
Alçina Amilqızı, Bizim.Media