Gürcüstanın hakimiyyət dəhlizində fikir ayrılığı dərinləşir. Son proseslər göstərir ki, ölkənin gələcək inkişafına dair Prezident Salome Zurabişvili ilə Baş nazir İrakli Qaribaşvili arasında kəskin fikir ayrılığı var.
Ukrayna və Moldovadan fərqli olaraq, Tiflisə Avropa İttifaqına üzvlük üçün namizədlik statusunun verilməməsi Salome-Qaribaşvili qarşıdurmasını daha da gücləndirib. Hətta bu müstəvidə baş nazir məsələ ilə bağlı Kiyevi ittiham etməkdən də çəkinməyib.
Prezident Baş nazirin parlamentdəki çıxışını şərh edərkən deyib ki, belə davranışlar demokratik ictimaiyyət tərəfindən neqativ qarşılanır.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstanın “3+3” platfomasına qatılmama SƏBƏBİ – Gia Xuxaşvilidən ÖZƏL
Onun sözlərinə görə, cəmiyyətin böyük bir qismi küçələrə çıxaraq avropalı olduğunu nümayiş etdirdi:
“İnsanlar öz sözlərini demək üçün meydanlara çıxdı. Cəmiyyətimizin böyük bir qismi Rusiyaya öz mesajını verdi. Biz hamımız avropalıyıq”.
Bununla belə, Zurabişvili vurğulayıb ki, parlamentin bu fonda apardığı müzakirələrdən isə hər kəs narahat olub:
“Parlamentdə gördüklərim cəmiyyətimizin bizə göstərdiyinin əksidir. Burada qarşıdurma, təhqir, dözümsüzlük gördük. Özümüzə aid mənfi nəyi göstərə bilərdiksə, bu gün göstərdik. Buna baş nazirin çıxışı da əlavə edildi. Onun çıxışı Brüsseldə neqativ qarşılanacaq”.
Salome-Qaribaşvili qarşıdurmasını Bizim.Media-ya şərh edən Gürcüstanlı politoloq Giya Xuxaşvilinin fikrincə, baş nazirlə prezident arasında sözügedən məsələdə yaranan fikir ayrılığı hər ikisinin mövcud vəziyyətdən yararlanaraq öz mövqelərini gücləndirməyə hesablanmış addımdır:
“Məsələ ondadır ki, Tiflisin Avropa İttifaqına üzv olmaq üçün namizədlik statusu almasına Kiyev və Kişinyovdan fərqli olaraq, qurum tərəfindən mənfi münasibət bildirilir. Ona görə də indi hökumət və prezident həmin uğursuzluğa görə məsuliyyəti bir-birinin üstünə atır.
Baş nazir Qaribaşvili baş verənlərə görə Prezidenti günahkar sayır. Qarşı tərəf də məsuliyyəti öz üzərindən atır. Onlar belədə bir-birini günahkar saymaqla qarşıdakı seçkilər ərəfəsi xal qazanmağa çalışırlar. Qaribaşvilinin həmin məsələyə görə, Ukraynanı ittiham etməsi isə bu ölkəyə namizədlik statusunun verilməsini qısqanmasından irəli gəlir”.
Rüfət Sultan, Bizim.Media