“Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Moskva görüşü ətrafında bir çox şişirdilmiş məlumatlar var. "Qarabağın statusu" ilə bağlı müzakirələri yenidən gündəmə gətirilməkdədir. (bu, rusların ermənilərə olan dərin sevgisi səbəbindən deyil, sadəcə, Moskva "Qarabağın statusu" ilə birlikdə öz statusunu da qeyd etmək istəyir).”
Bizim.Media xəbər verir ki, bu fikirləri politoloq Əli Hacızadə öz “Facebook” səhifəsində bu gün Moskvada keçirilən üçtərəfli görüşü şərh edərkən yazıb.
MÖVZU İLƏ BAĞLI:
“Türk ordusu Qarabağda olsaydı, döyüşlər İrəvanda gedərdi” – POLİTOLOQ
Onun fikirincə, görüşdə Türkiyənin iştirak etmədiyinə baxmayaraq, mütləq şəkildə onun maraqları nəzərə alınacaq.
“Bundan başqa Moskva “münaqişənin həlli məsələsində” Parislə rəqabət aparır (qeyd edək ki, Moskva və Paris BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə layihəsinin həmmüəllifləri idi, daha məsuliyyətli oyunçuların səyi ilə bu məsələ uğursuzluğa düçar oldu), bu da görüşdə öz izini qoyur. Türkiyə rəsmi olaraq iclasda iştirak etməsə də, ancaq onun maraqları nəzərə alınmadan hər hansı bir məsələnin həll ediləcəyi ehtimalı yoxdur”.
Ə.Hacızadə görüşdə nəqliyyat dəhlizlərinin yaradılması müzakirə mövzusu olsa da, bunun Rusiyanın marağında olmadığını vurğulayıb.
“Daha ayrı vacib mövzu nəqliyyat dəhlizlərinin açılması və yaradılması məsələsidir. Bu, Türkiyə, Ermənistan və Azərbaycanın marağındadır, lakin Moskva bu fikrə çox həvəs göstər. Onun üçün əsas iqtisadiyyat yox, siyasətdir”.
Sonda politoloq bu sözlərə fikrini tamamlayıb:
“Putinin Qarabağ məsələsini Rusiya Təhlükəsizlik Şurası ilə müzakirə etməsi mənə yalnız daxili auditoriya üçün bir addım kimi görünür. Kreml təbliğatçıları 10 Noyabr razılaşmasını "Kremlin möhtəşəm bir müvəffəqiyyəti" olaraq təqdim edir, mənə görə isə bu, Moskvanın düşdüyü məharətlə qurulmuş bir tələdir.
Hazırda bizim işimiz tərəflərin ziddiyyətləri və fobiyaları üzərində oynamaqdır. Bəlkə də yaxın bir neçə ildə Azərbaycan hakimiyyəti bölgədəki yeni reallıqları və dünyadakı prosesləri nəzərə alaraq, “Azərbaycan konsepsiyası”nı nəzərdən keçirib, yeni bir strategiya hazırlamalı olacaq”.
Xatırladaq ki, bu gün yanvarın 11-də Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və RF prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçiriləcək.
Kremlin mətbuat xidmətindən bildirilib ki, danışıqlar çərçivəsində dövlət başçıları 9 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyannamədəki müddəaların həyata keçirilməsini, bölgədəki mövcud problemlərin həllini və iki dövlət arasında mövcud ola biləcək ticarət-iqtisadi əlaqələri müzakirə edəcəklər.
Bundan başqa zirvə çərçivəsində Rusiya prezidenti Vladimir Putinin İlham Əliyev və Paşinyanla təkbətək görüşü də gözlənilir.
Vüsalə Balayeva, Bizim. Media