Ukrayna Donbası hərbi yolla azad edə bilərmi? - SƏFİRDƏN MƏKTUB

Ukrayna Donbası hərbi yolla azad edə bilərmi? - SƏFİRDƏN MƏKTUB

Hazırda oxunan: Ukrayna Donbası hərbi yolla azad edə bilərmi? - SƏFİRDƏN MƏKTUB

8084

Azərbaycanın İkinci Qarabağ Savaşında əldə etdiyi böyük hərbi uğurlar postsovet məkanında ciddi əks-reaksiya doğurub. Öz ərazilərində münaqişələrlə üz-üzə qalan Ukrayna, Gürcüstan və Moldova “Azərbaycan təcrübəsindən istifadə etmək mümkündürmü?” sualını hələ də araşdırır.

Bu dövlətlərin siyasi və ekspert dairələri bütövlükdə Azərbaycan təcrübəsindən faydalanmağın müsbət nəticə verə biləcəyindən bəhs edirlər.

Ekspertlər bu əminliyin səbəblərini də göstərirlər. İlk sırada onlar Türkiyənin Azərbaycana verdiyi hərbi-texniki, siyasi və geniş şəkildə diplomatik dəstəyini vurğulayırlar. Bunlar əsassız deyil.

Çünki artıq Qərb və Rusiya ekspertləri belə türk hərbi texnologiya və silahlarının yüksək səviyyədə olduğunu təsdiq edirlər.

Lakin məsələni ancaq Türkiyənin dəstəyi ilə məhdudlaşdırmaq ciddi yanlışlıq olardı. Ona görə ki, hər şeydən öncə, istənilən münaqişənin həlli çoxlu sayda faktoru nəzərə almağı tələb edir. 

İkincisi, nəzərə almaq lazımdır ki, son zamanlar geosiyasi-hərbi aspektdə Rusiya-Türkiyə münasibətləri axırıncı 300 ildə müşahidə edilməyən məzmun çalarları alıb.

Hər iki böyük dövlət Yaxın Şərq, Balkanlar və Şimali Afrikada əməkdaşlıq edirlər. Bundan başqa, hətta ruslar da bilirlər ki, Türkiyə-Azərbaycan münasibətləri dünyada bənzəri olmayan bağlara malikdir.

Deməli, Rusiya üçün müəyyən həddə qədər bu münasibətlərə hörmət etdiyi görüntüsü yaratmaq starteji baxımdan Kremlin maraqları üçün daha faydalı ola bilər.

Ona görə də, hesab edirəm ki, Moskva Türkiyənin dəstəyinə “göz yuman” kimi göründü. Sonra isə əsl simasını göstərdi.

Üçüncüsü, belə çıxır ki, Qarabağda Rusiyanın “təmkinli” davranması konkret geosiyasi məqsədlərə xidmət edir, lakin Moskvanın əsl xislətinin müsbətə doğru dəyişdiyini göstərmir.

Dördüncüsü, o halda proqnoz vermək olar ki, Rusiya Ukrayna, Gürcüstan və ya Moldovada Cənubi Qafqazda göründüyü kimi təmkinli olmaya bilər. Bu da avtomatik olaraq Ukraynanın nəyə ümid etdiyinin hələ sual olduğunu təxmin etməyə əsas verir. 

Buradan da təbii sual meydana gəlir:

“Bu məsələdə Ukrayna hansı dövlətlərə arxalana bilər?”.

Bu, olduqca mürəkkəb, qeyri-müəyyən məqamlar və risklərlə dolu bir vəziyyətdir. Yəni konkret olaraq, rus əsgəri və ya hərbi texnikasının qarşısına Donbas və ya Krımda (daha çox da Krımda) hansı Qərb dövlətinin hərbi qüvvəsi çıxacaq? 2008-ci ilin avqustunun buna oxşar situasiyasında Gürcüstan prezidenti Mixail Saakaşvilinin qalstukunu çarəsizlikdən gəmirdiyini xatırlamaq kifayətdir. Bu siyasətçinin Qərbdə necə yüksək dəstəkləndiyini isə xatırlatmağa dəyməz – hamı bilir! 

Bu səbəblərdən, inanmaq çətindir ki, Amerika da daxil olmaqla Fransa, Almaniya və ya Böyük Britaniya bu cür hərəkət etsin. Yəni Zelenski də qalstukunu gəmirə bilər.

Türkiyənin bəri başdan vurğulanan aspektdə dəstəyi istisnadır, çünki Ankara-Moskva xəttində fərqli ab-hava mövcuddur.

Burada bir məqamı vurğulamaq istərdim. Bir sıra Rusiya KİV orqanında rusiyalı ekspertlərin “Türkiyə Krıma müdaxilə edəcək” kimi hay-küy salmaları ilk növbədə Kremlin şovinist maraqlarına xidmət edir. Onlar bilirlər ki, elə bir şey yoxdur və olmayacaq da. 

Burada rusları bir şey qıcıqlandırır:

Türkiyə faktiki olaraq onların üstün olduğu silah bazarına daha keyfiyyətli “məhsul” çıxarır və təsir dairəsini genişləndirir. Deyək ki, Ukraynanın “BayraktarTB2”-ni Türkiyə ilə birlikdə istehsal etmək qərarına gəlməsi və hətta bunun üçün zavodu belə müəyyən etməsi kiçik hadisə deyil.

Elə həmin səbəbdən, Rusiyadakı hərbi-sənaye kompleksi Türkiyənin silah satışındakı uğurunu müxtəlif bəhanələrlə əngəlləməyə çalışır.

Bunun üçün isə sadə rusiya vətəndaslarına ciddi təsir edən informasiya üsulundan istifadə edirlər. Üzdəniraq ekspertlər belə təəssürat yaratmağa çalışırlar ki, Türkiyə Ukraynanın arxasında durub, Krımı geri almağa çalışır. Ciddi adamlar çətin ki, belə cəfəngiyatlara inansın.

Deməli, Ukraynanın arxasında hansı qüvvələrin dayana bilməsi məsələsi hələ tam açıqdır.

Buna baxmayaraq, ekspertlər başqa bir sualı aktual hesab edirlər:

“Ukraynanın bu niyyəti region və Qara Dəniz hövzəsi üçün hansı nəticələrə gətirib çıxara bilər?”

Geosiyasi olaraq bu sualın əhəmiyyəti vardır. Çünki Ukrayna Şərqi Avropanın böyük dövlətidir və onun təhlükəsizliyi daha geniş geosiyasi miqyasla – Qara Dəniz hövzəsi məkanı ilə sıx bağlıdır. Yəni Ukrayna hərbi yolla, deyək ki, Donbası azad etmək planını reallaşdırmağa başladığı andan bütün Qara Dəniz hövzəsinin təhlükəsizliyi məsələsi aktuallaşacaq. Məhz bu aspektdə NATO (ABŞ və Türkiyə də daxil olmaqla) işə qarışa bilər. Hökmən deyil ki, hərbi yolla. 

Məsələn, Türkiyə, siyasi-diplomatik formada münasibətini mütləq bildirəcək və hesab etmirik ki, bu Kremlin xeyrinə olacaq.

Rəsmi Vaşinqton da sərt mesajlar verə bilər. Ayrıca, Almaniya və Fransanın reaksiyası da Moskvanın xeyrinə olmaya bilər.

Lakin, yenə də vurğulanan dövlətlərdən hansının real hərbi güclə Ukraynanın yanında olacağı aydın deyil.

Buna görə, Kiyevin hərbi yolla Donbas və ya Krımı qaytarmaq planlarının hələlik reallıqdan uzaq olduğunu və yaxın gələcəkdə sadəcə  kağız üzərində qalacağını proqnozlaşdırmaq mümkündür.  

Bizim.Media üçün Azər Xudiyev, 2016-2020-ci illərdə Azərbaycanın Ukraynadakı səfiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO