''Təəssüf ki, Moskva görüşündən yaxşı heç nə gözləmirəm. Bu günkü status-kvodan narahatam. Hesab edirəm ki, bu status-kvo milli maraqlarımızın ziddinədir. Müqavilədən çıxmağın tərəfdarıyam''.
''Çünki bəyanatda təsbit olunanlar və bu 60 gündə müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, ermənipərəst sülhməramlı missiya Azərbaycan ərazilərinin qopardılması üçün tətbiq edilib''.
Bu münasibət Bizim.Media-ya Moskva görüşü ilə bağlı fikirlərini bölüşən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə məxsusdur.
MÖVZU İLƏ BAĞLI:
“Paşinyanın sinir sistemi pozulub, müalicəyə ehtiyacı var” – Partiya sədrindən açıqlama
Siyasətçi bildirdi ki, üçtərəfli görüşdən müsbət gözləntimiz ola bilməz:
“Bu 60 gün ərzində nə baş veribsə, hamısı Azərbaycan dövlətçiliyinin ziyanına olub. Əgər kimsə ərazilərimizin boşaldılmasının müqavilə əsasında baş verdiyini iddia edirsə, deyim ki, onsuz da biz o torpaqları azad edəcəkdik. Ağdərə rayonunun ləğvi ilə bağlı parlamentin qərarından imtina edilməsi, gələcəkdə həmin ərazilərdə də status məsələsinin müzakirə predmeti olacağı barədə Rusiya və Fransa rəsmilərinin verdiyi açıqlamalar var''.
''Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada Dağlıq Qarabağa 10 min əsgərin gətirilməsi planlaşdırılır. 47 min erməninin Dağlıq Qarabağa köçürülməsi, lakin bir nəfər də olsun azərbaycanlının ora yerləşdirilməməsi və Azərbaycan dövlət orqanlarının həmin ərazilərdə işinin necə qurulması ilə bağlı şübhələr mövcuddur. Sərhədimizin (Laçın dəhlizi) 5 kilometrinin nəzarətimizdən kənarda qalması həmin zonadakı suverenliyimizin birtərəfli qaydada ləğvidir. Bu məsələlər göstərir ki, o müqavilədə udacağımız heç nə yoxdur''.
Partiya sədrinin sözlərinə görə, “biz Ermənistanın hərbi müttəfiqinin tərəfsiz münsif olması ilə razılaşmışıq.
Amma necə ola bilər ki, bizi öldürən, işğalçılara silah yardımı edən və torpaqlarımızı 30 il işğalda saxlayan tərəf neytral mövqe tutsun? Beynəlxalq terminologiyada, hüquqda sülhməramlı sözünün mənası tərəfsiz, bitərəf olan dövlət, yaxud ölkələr qrupunun müvafiq prosesdə iştirakı kimi təsbit edilib. Necə olar bilər ki, İrəvan hərbi-siyasi müttəfiqi olan Moskvanı prosesə cəlb etsin?”
Əli Əliyevin fikrincə, Suriyada olduğu kimi Qarabağla bağlı sazişdə müşahidəçi kimi Türkiyə də yer alsa idi, bu fakt qismən də olsa, bizim mənafeyimizə uyğun ola bilərdi:
“Amma Türkiyə yoxdursa, deməli Azərbaycan istənilən danışıq və sazişlərdə 2 müttəfiq (Ermənistan-Rusiya) tərəfindən təklənəcək”.
Anar Rəhimov, Bizim.Media