İyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri baş tutacaq.
Rusiyalı nazirin səfərinin hansı atmosferdə keçəcəyi və onun Bakıdan hansı təəssüratlarla ayrılacağını demək çətindir. Lakin regionun və beynəlxalq arenanın siyasi konyukturası səfərin məqsədi və mümkün nəticələri ilə bağlı fikir yürütməyə imkan verir.
İlk olaraq qeyd edək ki, bu səfəri sadəcə Rusiya və Azərbaycan arasındakı qarşılıqlı münasibətlər səviyyəsində yox, daha geniş spektrdə dəyərləndirməyə ehtiyac var.
Lavrovun Azərbaycana səfəri Rusiyalı nazirin iyunun əvvəlində Türkiyəyə, ardınca isə Ermənistana səfərləri ilə birbaşa əlaqəli prosesdir.
Bəllidir ki, Rusiya hər üç ölkə ilə münasibətlərin qorunmasında və gələcəkdə öz maraqları istiqamətində inkişaf etdirilməsində istəklidir. Bakı səfəri də bu baxımdan Lavrovun “diplomatik missiyası”-nın ən önəmli dayanacaqlarından biridir.
İkinci amil isə, son ay ərzində Qərb, xüsusilə də ABŞ rəsmilərinin Cənubi Qafqaza intensiv səfərləri ilə bağlıdır.
Rusiya ABŞ-ın Cənubi Qafqazdakı münasibətlərin nizamlanmasında maraqlı olduğunun fərqindədir. Bu marağın Qarabağ məsələsi ilə yanaşı enerji təhlükəsizliyi, Rusiyanın regiondan sıxışdırılması və sanksiya siyasətinin gücləndirilməsi ilə bağlı olduğu da məlumdur. ABŞ-ın sanksiya siyasətinə qoşulmayan region dövlətlərinin gələcək seçimləri isə Rusiyanın regiondakı maraqları üçün həyati əhəmiyyətə malikdir.
Hər iki amil Lavrovun “diplomatik missiyası”-nın Bakı səfərinin də yumşaq tonda keçəcəyini deməyə əsas verir.
Çünki Rusiya Cənubi Qafqazda həm gücünə, həm də strateji əhəmiyyətinə görə üstünlük sahibi olan Azərbaycanla münasibətlərini qoruyub saxlamaqda və mümkün olduğu həddə qədər inkişaf etdirməkdə maraqlıdır. Rusiyaya qarşı enerji sanksiyalarının gündəmə gəldiyi bir dövrdə Qərb üçün əsas enerji dəhlizi hesab olunan Azərbaycan Rusiya üçün ikiqat önəmli bir mövqeyə malikdir. Bu şəraitdə Rusiya üçün “yumşaq dil”, sərt sözlərdən daha çox xeyir verə bilər.
MÖVZU İLƏ BAĞLI:
Lavrov Azərbaycana səfər edəcək - TELEFON DANIŞIĞI
Lavrovun səfəri Azərbaycanın milli maraqları çərçivəsində müsbət nəticələrlə yadda qalması gözləniləndir.
Çünki Rusiya Azərbaycanın hazırkı rasional və balanslı mövqeyini qorumasının onun üçün həyati əhəmiyyətini başa düşür. Lakin bu mövqeyi qorumağın yalnız Azərbaycanın milli maraqlarının təmin olunacağı və bu vəziyyətin Azərbaycan üçün sərfəli olduğu təqdirdə mümkün olacağının fərqindədir.
Bu şərtlərdə Rusiya hər hansı formada təhdid və təzyiq dili ilə danışmağın nəticəsizliyini, əks-reaksiyaya səbəb olacağını da başa düşür. Azərbaycanın maraqları, istəkləri və tələbləri ilə razılaşmadan, onları təmin etmədən, bir sözlə güzəştə getmədən nəticəyə nail olmaq çox çətindir.
Lavrovun səfərinin cari mövzulardan daha çox uzunmüddətli və strateji əməkdaşlıq məsələlərinə hesablanacağını da demək mümkündür.
Rusiya üçün Cənubi Qafqazın aparıcı gücü olan Azərbaycanın qlobal siyasi diskursda tutduğu hazırkı mövqe olduqca əlverişlidir. Rusiya bu balansın pozulmasının onun üçün ikinci cəbhə açılması və Cənubi Qafqazın birdəfəlik itirilməsi ilə nəticələnəcəyinin fərqindədir.
Bu səbəblə də mövcud “status-kvo”-nun qorunub saxlanması, yəni Azərbaycanın anti-Rusiya koalisiyasına qoşulmasının qarşısının alınması olduqca vacibdir. Rusiya Azərbaycanın mövcud situasiyadan yaralanacağının və bir sıra tələblər irəli sürəcəyinin fərqindədir.
Müzakirə predmetini daha uzunmüddətli və strateji mövzulara çevirmək Rusiya üçün labüd güzəştdən boyun qaçırmağa və Lavrova manevr imkanlarını artırmağa imkan verə bilər.
Mövcud şərtlər daxilində Lavrovun hansı məqsədləri hədəfləməsindən asılı olmayaraq Azərbaycanın mövqeyinin həlledici olacağını demək mümkündür. Təbii ki, Lavrov Rusiyanın maraqlarını mümkün olan ən minimal güzəştlərlə təmin etməyə çalışacaq. Lakin istənilən halda Rusiya üçün nəticə önəmlidir və bu nəticə təkcə Cənubi Qafqazda yox, qlobal miqyasda Rusiyanın vəziyyətinə birbaşa təsir etmək gücündədir.
Rəvan Əliyev, Bizim.Media