Gənc qızları lüt soyundurub bağa buraxırdılar - Azərbaycanı qana çalxayan Xaşxaşilər KİMDİR? 

Gənc qızları lüt soyundurub bağa buraxırdılar - Azərbaycanı qana çalxayan Xaşxaşilər KİMDİR? 

Hazırda oxunan: Gənc qızları lüt soyundurub bağa buraxırdılar - Azərbaycanı qana çalxayan Xaşxaşilər KİMDİR? 

80320

2007-ci ildə multiplatformaya buraxılan “Assassin’s Creed” (Sui-qəsdçinin inancı) video oyununun Azərbaycan ərazisində yaranmış ilk terror qruplaşması haqda olduğunu bilirdinizmi? Bu çox maraqlı faktdır və məsələnin Azərbaycan coğrafiyasına aid məqamları da var. Çünki bu oyunun adı bizim ərazimizdə formalaşan Xaşxaşilər hərəkatı ilə bir başa bağlıdır. 

Xaşxaşilər İsmaililər məzhəbinin Nizarilər qoluna aid olan qruplaşma Həsən Sabbah tərəfindən 1090-cı ildə Ələmut qalasında yaradılıb. Bu gün Avropa dillərində istifadə edilən “qatil” sözünün əsası Xaşxaşilərdən (Assassin) götürülüb.

Xaşxaşilər haqda tarixi araşdırma ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Bizim.Media-a özəl müsahibəsini təqdim edirik.

– Xaşxaşilər kimlərdir və Azərbaycanda nə kimi fəlakətlərə yol açıblar?

“Səlcuqların Azərbaycanda hakim mövqeyə gəlməsindən sonra İsmaililiyin regionda əhəmiyyətli bir güc olaraq varlığını davam etdirməsini mümkün edən şəxs Həsən Sabbah oldu. “Xudavəndi-Ələmut” adı ilə məşhur olan Həsən Səbbahın başçılıq etdiyi ordenin əsas qayəsi İslam şəriəti altında xalqların mədəni, demoqrafik haqlarına təcavüz edən ərəb milliyyətçiliyinə qarşı idi. Əlamutu alan və İsmaili müridlərini mərhəmətsiz bir fədaiyə çevirən yeni bir sistem tətbiq edən Sabbah, Abbasi xilafəti ilə Səlcuqlu rəhbərliyini devirmək üçün cəhdlərinə başladı.
Assasinlərin yaranmasını zəruri edən tarixi səbəblərdən biri İslamın yayılması, sünni və şiələrin təbliğatının aparıldığı dövr idi. İslamla bağlı əsas məsələləri əks etdirən sirlərlə dolu olan Quranın ifadə tərzi, müsəlmanlar arasında müxtəlif münaqişələrin yaranmasına səbəb olub.

İsmaililər hesab edirdilər ki, Qurandakı ayələrin bir neçə mənası var və onların təfsirini edən Sünnə alimləri müsəlmanları aldadırlar. Dini səbəblə yanaşı, siyasi səbəb də var idi.

Səlcuqların coğrafiyasının genişlənməsi, sünni müsəlmanların hamisi halına gəlmələri, Abbasi xəlifələrinin siyasi gücünün azalması, şiələrin xəlifə sarayından uzaqlaşdırılması, onlara qarşı səlcuqların təyziqlərinin çoxalması idi.

Hasan Sabbah çox keçmədən Əlamuta yaxın kiçik qalaları, həmçinin Xəzər dənizinə yaxın böyük bir qalanı da aldı. Hasan Sabbahın bu müvəffəqiyyətlərini eşidən digər İsmaili təriqətinə mənsub şəxslər Əlamuta axın etməyə başladı. Səlcuqlular çöküşə keçdikdən sonra assasinlər İranın şimalı, cənubi Asiya, Orta Asiya, Şərqi Anadolu, Cənubi Anadolu və İraqın şimal bölgələrində hakimiyyət qurdular.

Tarixi mənbələrdə onların bəzən səlibçilərlə – Cəngavər Ordeni “Tampliyer”-lərlə birgə hərəkət etməsi, ittifaq qurması ilə bağlı məlumatlar da var. 
“Xaşxaşilər” təriqəti 180 il davam edib. Bu təriqət yalnız 1256-cı ildə Hülakü xan tərəfindən alt-üst edildi. Qeyd etmək lazımdır ki, Azərbaycanın ensiklopedik alimi Xacə Nəsirəddin Tusi 1235-ci ildən 1256-cı ilə qədər bu qalada əsir olmuş, bir sıra qiymətli əsərlərini məhz burada yazıb tamamlamış və uzun müddət həmin kitabxananın müdiri olmuşdur. Səfəvi şahı Şah Ismayıl dövründə fədailər “qızılbaş” adı altında çıxış edib nəhəng üsyana başladılar, lakin, Çaldıran məğlubiyyəti fədailəri məcbur etdi ki, yenidən qeyb aləminə qayıtsınlar. Uğursuzluqla üzləşən fədailər gizli fəaliyyətə başladılar. Şairləri çağırıb onlara əmr edirdilər ki, Əlamutun sirlərini, biliklərini gizli dillə poeziyada yaşatsınlar”.

– Xaşxaşiləri Azərbaycan geotarixində ilk terror qruplaşması hesab etmək olarmı?

“Azərbaycanda İslam yayılandan sonra və ondan da öncə gizli birliklər mövcud idi. Gizli birliklərin yazıları da öz əsrarəngiz sirləri ilə regionumuza axın edən xalqları özünə cəlb edirdi. Bəzz, Ələmut, Əlincə qalaları, üçü də təsəvvüfün qalalarıdır. Üçündə də fiziki mücadilədən ziyadə ruhani, mənəvi savaş getmişdir. Bəzz qalası Cənubi Azərbaycanın Kəleybər mahalında, Ələmut qalası hələ də Azərbaycan olduğu etiraf edilməyən Qəzvin dağlarında, Əlincə isə adı “Kitabi-Dədə Qorqud”-da yad edilən Naxçıvandadır. Bəzz qalası Xürrəmilərin, Ələmut qalası Nüseyrilərin, Əlincə qalası isə Hürufilərin qiyam qalaları olmuşdur”.

– Ələmut qalası aid şaiyələr doğrudurmu? Marko Polonun “cənnət həyət”-i versiyası nə qədər həqiqətə uyğundur?

“Ələmut suyu bol olan yerdə, Qəzvinlə Xəzər dənizi arasında yerləşən möhkəm bir qaladır. Bu qala İsmaili hökmranlarının məskəni olmuşdur. Deyilənə görə, Deyaləmə sultanlarından biri burada ov etmək üçün götürdüyü qartalı buraxmış və qartalı təqib edərək bu yerə gəlib çıxmışdır. Buraların əlçatmaz yerlər olduğunu görüb, burada qala tikdirmişdir. Adını "Ələ əmut" qoymuş ki, bu ifadənin tərcüməsi deyləm lüğətində qartal təlimi, qartal yuvası deməkdir.

Bu gün bir çoxları yazılarında Assasinlərin xaşxaş bitkisini istifadə edərək narkoman olduqlarını və buna görə də amansız qatillər olduğunu yazırlar. Guya Hindistandan xaşxaş meyvəsini gətirdib fədailərə verir və onları ekstaz halına salaraq ölərinə tabe edirlər.
Bir çox tarixçi və tədqiqatçılar isə saxta mənbələrə aldanıb yazırlar ki, guya Həsən Sabbah yanına gələn müridlərə xaşxaş verərək yatırdır və bağda gözəl-göyçək lüt soyundurulmuş qızların yanında oyadırdı. Bağda çoxlu şərab gölməçələri də təsvir olunur. Bir müddət burada qalan müridlər özlərini cənnətdə bilirdilər. Sonra yenidən yuxuya getdikləri otaqda oyandırılırlardı. Məhz bu cənnəti yenidən arzulayan müridlərə sui-qəsd tapşırıqları verilirdi. Bunlar hamısı boş iftiradır.

Xaşxaş özü isə birbaşa, yəni, özlüyündə narkotik deyil. Xaşxaş qozasından müəyyən bir prosesdən sonra narkotik maddə düzəldilir.

Eyni ilə halal olan üzümdən haram olan çaxırın hazırlandığı kimi. Tarixə nəzər salsaq görərik ki, Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş bitkisi insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, tiryəkli preparatlar orta əsrlər təbabətində geniş yayılmış, tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, ağrı və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunmuşdur”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO