Xəbər verdiyimiz kimi, Qazaxıstan Prezidenti Qasım Jomart-Tokayev Sankt-Peterburq İqtisadi Forumunda moderator Marqarita Simonyanın müvafiq sualına cavab olaraq, qondarma Donetsk və Luqanskı kvazidövlətlər adlandıraraq onları müstəqilliyini tanımayacağını bildirib.
Qazaxıstan liderinin açıqlamaları fonunda iki ölkə arasında baş verənlər isə bir çox suallar yaradıb.
Belə ki, iyunun 19-da Rusiyada Qazaxıstan neftinin tranzitini dayandırıldığı ilə bağlı xəbərlər yayılıb. Rusiya mətbuatında minatəmizləmə işlərinin aparılması, eləcə də Rusiya nefti ilə qarışıqlığın olmaması üçün bu addımın atıldığı qeyd olunub. Buna cavab olaraqsa, Qazaxıstan öz ərazisindən daşınan Rusiyaya məxsus 1700 vaqon kömürün qarşısını kəsib.
MÖVZU İLƏ BAĞLI:
Tofiq Zülfüqarovdan 1998-ci il danışıqlarının DETALLARI – “Ermənistan o vaxtdan buna razılıq vermişdi”
İki ölkə arasında nə baş verir?
Sualı Bizim.Media üçün cavablandıran sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun sözlərinə görə, Sankt-Peterburqda Putin tərəfindən əslində təbliğat xarakterli tədbir keçirilib:
“Tədbirin iqtisadi əsaslı olduğu bildirilsə də Putinin çıxışından da göründüyü kimi, əksər fikirlər siyasətə aid idi. Forumda daha çox neokolonializm ideologiyası təbliğ olunurdu. Lakin bu ideologiyanın gələcəyinin olacağına inanmıram. Həm Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüyü məsələsi, həm də Azərbaycan-Türkiyə yaxınlığı onu göstərir ki, doğrudan da, proses başlayıb və Putinin onun qabağını alması qeyri-mümkündür”.
Politoloqun sözlərinə görə, Kremlin bu məsələni də səmimi olaraq həll etməsi real görünmür:
“Çünki Ukrayna məsələsində də göründü ki, Putin tərəfindən siyasi-hərbi baxımdan aşılmayan sədd qalmadı. Hesab edirəm ki, 24 fevralda qeyd etdiyim kimi, Putin dönəmi artıq sona çatmaq üzrədir və proseslər bu istiqamətdə gedir. Yəni, Rusiyada hökumət dəyişikliyi istisna olunmur”.
Tofiq Zülfüqarov yanvar hadisələri zamanı Tokayevin Rusiyanın adamı olması ilə bağlı irəli sürülən iddialara da münasibət bildirib:
“Bunun birmənalı şəkildə bildirilməsini hələ o dövrdən doğru hesab etmirdim. İndi məlum olur ki, KTMT qüvvələrin gəlməsi heç də Tokayevin xahişi əsasında olmayıb. Qazaxıstan çox mühüm mövqedə yerləşir və onun gələcəyi ilə bağlı fövqəl dövlətlər rəqabət aparırlar. Bunlar Rusiya, Çin və qismən də Türkiyədir. Çünki türkçülük ideoloji baxımından Qazaxıstan üçün cəlbedicidir. Bu üçlüyün Qazaxıstanda gedən proseslərdə rolu görünür.
Tokayevin moderatorun sualına cavabı da onu göstərdi ki, təcrübəli və bacarıqlı diplomat olan Tokayev yeni dövrün siyasətinə start verib”.
Murad Əhmədov, Bizim.Media