“Gürcüstanın tranzit yükdaşıma xərclərini artırması istər-istəməz Ermənistanda qiymətlərin artmasına təkan verən amilə çevriləcək”.
Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Gürcüstanın Ermənistanın yükdaşıyan furaları üçün tranzit rüsumlarını 75 faiz artırmasına münasibət bildirərkən deyib:
“Gürcüstan hökumətinin verdiyi qərara görə tranzit yükdaşımalarının rüsumları artırılaraq 180 laridən 350 lariyə qaldırılıb. Bu da böyük fərq deyil. Amma Gürcüstan büdcəsi üçün əhəmiyyətli əlavə gəlir mənbəyi ola bilər. Çünki son zamanlar Ukrayna ilə Rusiya arasında olan müharibə səbəbindən loqistik olaraq Gürcüstan ərazisindən keçən yükdaşımaların həcmi kifayət qədər artıb. Ona görə verilən qərar Gürcüstana əlavə vəsait qazanmağa imkan verəcək.
Amma yükdaşımaların qiymətinin artması mal və xidmətlərin də qiymətinə təsir edəcək. Cüzi də olsa Gürcüstan üzərindən keçən məhsulların qiymətini qaldıracaq. Lakin böyük həcmdə təsir edəcəyini düşünmürəm”.
Ekspertin fikrincə, Tiflisin bu addımı Ermənistanın iqtisadi durumunu daha da çətinləşdirəcək:
“Azərbaycandan fərqli olaraq Ermənistan Gürcüstandan çox asılı vəziyyətdədir. Azərbaycan şərqdən gələn yükdaşıma və avtomobillərə görə Gürcüstandan asılı deyil. Ermənistan isə Qərb və şərqdən, hətta Rusiyadan gələn yükdaşımalara görə Tiflisdən tam asılıdır. Belədə, yükdaşıma xərclərinin artması istər-istəməz Ermənistanda qiymətlərin yüksəlməsinə təkan verən amilə çevriləcək.
Bu fonda, ekspert düşünür ki, Ermənistanın Zəngəzur dəhlizinə marağı arta bilər:
“Bu hal, təbii ki, İrəvanın həmin prosesə marağının artmasına gətirib çıxara bilər. Onlar anlamalıdırlar ki, Zəngəzur dəhlizinin açılması bir çox hallarda Ermənistanın da xeyrinədir.
Ən azından bu əsasda onun loqistik baxımından Gürcüstandan asılılığı xeyli dərəcədə azalacaq. Nəticədə, İrəvan Azərbaycan və Türkiyə üzərindən dünyaya daha ucuz və daha sürətli çıxış əldə edə bilər. Bu nöqteyi-nəzərdən Gürcüstanın atdığı həmin addım fonunda Zəngəzur dəhlizinin tez bir zamanda açılması təbii ki, İrəvana da sərf edir. Normal düşünsələr bu istiqamətdə ləngimələrə getməzlər”.
Rüfət Sultan, Bizim.Media