Millət vəkili: “11 yanvar tarixində Moskvada gözlənilən üçtərəfli görüş keçirilərsə...”

Millət vəkili: “11 yanvar tarixində Moskvada gözlənilən üçtərəfli görüş keçirilərsə...”

Hazırda oxunan: Millət vəkili: “11 yanvar tarixində Moskvada gözlənilən üçtərəfli görüş keçirilərsə...”

7844

''Təbii ki, noyabrın 10-da Moskvada imzalanmış birgə bəyanatın şərtlərinə nə dərəcədə əməl olunması müzakirə olunmalıdır. Çünki göz önündə olan reallıq ondan ibarətdir ki, Ermənistan tərəfi təxribatlardan əl çəkmir''.

''Belə təxribatlara görə, itkilər qeydə alınır. Bu təxribatlar həm regionda qalan erməni silahlılarına, həm də Ermənistan rəhbərliyinə aiddir''.

''Bildiyiniz kimi, Azərbaycan ərazisində qalmış erməni silahlılar yenə təxribatlar törədir, terror aktlarına cəhd göstərirlər. Bu da aydın göstərir ki, Ermənistan tərəfi razılaşmanın şərtlərinə əməl etmək fikrindən uzaqdır''.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu səsləndirdi.
Onun sözlərinə görə, Ermənistan tərəfi təxribatçı mövqe sərgiləyir.
 

MÖVZU İLƏ BAĞLI:

Millət vəkili: “Məğlubiyyət ermənilərin faktiki mahiyyətini üzə qoyur”


“Düşünürdük ki, Azərbaycan ərazisində qalan erməni terrorçularına rəsmi İrəvan nəzarət edə bilmir, amma görürük ki, Ermənistan rəsmiləri özləri də təxribatçı bəyanatlarla çıxış edirlər. Bu azmış kimi, Ermənistanın XİN rəhbəri sənəd imzalamaq üçün Xankəndinə gedir, qondarma rejimin “rəsmiləri” ilə görüşür. Hesab edirəm ki, 11 yanvar tarixində gözlənilən üçtərəfli görüş keçirilərsə, sadaladığımız məqamlar da müzakirə olunacaq. Çünki bu çox vacib, bütövlükdə regionda sülh və təhlükəsizliyə təsir edən məsələlərdir”.

Kremlin təşəbbüsü ilə imzalanan bəyanatdan bəhs edən millət vəkili bildirdi ki, bölgədə rus sülhməramlılarının yerləşdirilməsinin məqsədi tərəflər arasında baş verə biləcək silahlı qarşıdurmanın qarşısının almaqdır.

Ən əsas məsələ isə, bəyanatdakı şərtlərə dəqiqliklə əməl olunmasıdır. Çünki Ermənistan bu şərtlərə əməl etmirsə, məsuliyyət Rusiyanın üzərinə düşür.

“Və Moskvada belə bir görüş baş tutarsa, bu istiqamətdə xatırlatma etmək olar ki, məsələyə daha ciddi yanaşılsın. Bununla da erməni təxribatçılarının davranışlarına nəzarət reallaşdırılsın. Həmçinin Dağlıq Qarabağa köçürmələr həyata keçirilir ki, bu prosesə nəzarət mexanizmlərinə də baxılmalıdır. Çünki Qarabağa daxil olan əhali işğaldan sonra köçürülən ermənilər yox, SSRİ dövründə orada yaşayanlar olmalıdır”.

Son dövrlər ermənilərin ən çox narahat olduğu mövzulardan biri hazırda onların köçürüldüyü Dağlıq Qarabağın statusu ilə bağlıdır.

Çünki Ermənistan sakinləri arasında “Artsax”ın müstəqilliyi, İrəvana aid muxtariyyətin yaradılması və Dağlıq Qarabağın Rusiya tərkibində olması barədə utopiyalar var-gəl edir.

Əslində isə, birgə bəyanatda Dağlıq Qarabağın statusu ilə bağlı məqam yoxdur. Bu da o anlama gəlir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bunu Rusiya prezidenti də dəfələrlə səsləndirib. Yəni ərazinin statusu ilə bağlı hər hansı bir məsələ müzakirə obyekti deyil.

Dağlıq Qarabağda vaxtı ilə yaşamış ermənilər də ancaq Azərbaycanın vətəndaşı statusunda mövcud ola bilərlər.

Bunun da başqa bir yolu yoxdur. O ki qaldı, ora köçürülən ermənilərə rus pasportu verilməsi və s. təsdiqini tapmayan məlumatlara, bu informasiyalar təxribat xarakterlidir.

Müəyyən qüvvələr bu yolla Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərmək istəyir. Lakin Bakı ilə Moskvanın əlaqələri kənar təsirlərə məruz qala biləcək münasibətlər deyil”.

Radikal erməniləri bir-birinə vuran digər reallıq isə, Meğri dəhlizinin açılışı, Şahverdilər (Vorotan), Şurnuxu kəndlərinin bir hissəsinin Azərbaycana qatılması, Gorus-Qafan yoluna nəzarətin qismən bizim tərəfə keçməsidir. 

Millət vəkili Elşad Mirbəşiroğlu bildirdi ki, üçtərəfli bəyanatda Meğri dəhlizinin açılması da yer alıb. 

“Bu layihə mütləq həyata keçiriləcək. Meğri dəhlizinin açılması regiondakı bütün tərəflərin siyasi-iqtisadi maraqlarına cavab verir. Bölgənin inkişafı, kommunikasiya imkanlarının genişlənməsi baxımından unikal qərardır. Bu dəhlizə Rusiyanın da nəzarəti olacaq deyə Moskvanın maraqlarına cavab verir".

"Ən əsas məsələ ondan ibarətdir ki, iki qardaş ölkə - Azərbaycan və Türkiyə arasında birbaşa quru əlaqə yaranır. Dəhliz həm də Qara və Xəzər dənizləri arasında yerləşən ölkələrin iqtisadiyyatına töhfə verəcək". 

"Xatırladım ki, Ermənistanın təcavüzkar siyasətinə rəğmən Türkiyənin lideri Ərdoğan əməkdaşlıq platformasını irəli sürdü. Yəni Ermənistan rəhbərliyi bir az sağlam düşünüb, bu əməkdaşlıqda iştirak etməyə çalışmalıdır ki, ölkələri acınacaqlı vəziyyətdən çıxsın. Əks halda Ermənistanın mövcud olma şansları tükənəcək”. 

Millət vəkilinin sözlərinə görə, Azərbaycan hərbi qələbə ilə növbəti mərhələdə siyasi zəfərlərini təmin etdi.

Bu nailiyyətlərdən biri də sərhədlərimizin Sovetlər dönəmində müəyyənləşdirilən xətt üzrə nəzarətimizə keçməsidir.

''Ermənilər vaxtı ilə Ermənistan sərhədini Azərbaycanın içərilərinə doğru genişləndirmiş, həmin əraziləri də öz torpaqları hesab edirdilər. Elə bilirdilər ki, o torpaqları onlardan heç kim almayacaq. Lakin Azərbaycanın qələbəsi o qədər möhtəşəm oldu ki, biz öz sərhədlərimizi SSRİ vaxtına uyğun müəyyənləşdirməkdəyik''.

''Ermənistan isə buna qarşı heç nə edə bilmir. Bu da ermənilər arasında böyük isterika yaradıb. Azərbaycan həmin ərazilərdə sərhədlərini nəzarətə götürür və oradakı kəndlərin erməni rəhbərləri nəsə edə bilmədiklərini bəyan edirlər''.

Qeyd edək ki, Şahverdilər (Vorotan) və Şurnuxu kəndlərinin bir hissəsinin qaytarılması imkan verəcək ki, Azərbaycan tərəfi Gorus-Qafan yolunu də nəzarətdə saxlasın.

Həmin yol isə Ermənistandan İrana, yaxud əks istiqamətdə hərəkət üçün əsas magistraldır. 

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO