Ermənistanda radikal müxalifətin başladığı mitinqlər dalğası Ukraynada gedən müharibə qədər uzanmaqda davam edir.
Bəzi ekspertlərin fikrincə burada bir sinxronluq var. Ukraynada çətin vəziyyətə düşən Rusiya Ermənistandakı maraqlarını qorumaq üçün İrəvan hakimiyyətini gərgin vəziyyətdə saxlamaq istəyir. Belə ki, Rusiya qərbpərəst Paşinyan hakimiyyətinə və erməni xalqına etibar etmir. Onun istənilən fürsətdən istifadə edərək, Moskvaya arxa çevirəcəyini və özlərinə yeni ağa tapacaqlarını düşünür.
MÖVZU İLƏ BAĞLI:
Erməni revanşizmi ukraynalılara niyə nifrət bəsləyir? – ÜÇ ƏSAS FAKTOR
Ona görə də nə qədər ki, Ukraynada silahlı münaqişə dinc fazaya keçməyib, Kremil İrəvan küçələrindəki hərcmərclikdə maraqlı olacaq.
Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da təsdiqləyir ki, erməni müxalifətinin mitinqlərinin arxasında Rusiyanın çətin vəziyyətindən istifadə edərək Qərbə daha da yaxınlaşmaq yolunu tuta biləcək Paşinyana nəzarət etmək məqsədi dayanır:
“Erməni müxalifətinin mitinqlərinin əsa mövzusu Qarabağla bağlı olsa da, əsas məqsədləri hakimiyyəti ələ keçirmək, daxili siyasi mübarizə və qarşıdurmadır. İndiki mərhələdə istisna olunmur ki, Moskva rusiyapərəst erməni müxalifətindən məhz qərbpərəst Paşinyanı nəzarətdə saxlamaq üçün istifadə edir.
Rusiya indi zəifləyir. Yaranmış vəziyyətdə Ermənistanda qərbyönümlü meyllər güclənə bilər. Məhz bunun qarşısını almaq üçün başlanan mitinqlərdə Qarabağ mövzusundan bir bəhanə kimi istifadə edirlər. Əslində həmişə belə olub”.
Politoloq Fikrət Sadıxov isə qeyd edir ki, erməni müxalifətinin aksiyalarda məqsədi sadəcə Paşinyanı devirməkdir:
“Mitinq təşkil edən erməni müxalifəti arasında çoxsaylı rusiyapərəst siyasətçilər var. “Qarabağ klanı” nümayəndələri, keçmiş təhlükəsizlik xidmətinin keçmiş rəisi və digərləri onlardandır. Təbii ki, onların da hakimiyyətə qarşı çıxış etmələri bir məqsəd daşıyır.
Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq. Amma bunu edə bilmirlər. Çünki mitinqlərdə kütləvilik yoxdur. Bu səbəbdən erməni müxalifətinin mitinqləri Ukrayna münaqişəsi qədər davam edə bilməz. Bu mitinqlər uzun müddətli olmayacaq.
Şüarları da aydın deyil. Nə istədiklərini başa düşmək olmur, Paşinyanın istefasını, yaxud Azərbaycanla müharibə istədikləri bəlli deyil. Ukrayna-Rusiya münaqişəsi isə uzunmüddətli prosesdir və onun fəsadları bəlli deyil”.
Rüfət Sultan, Bizim.Media