“Torpaqların azad olunması lazım gələndə Türkiyəyə qardaşıq, məsələ bitəndən sonra isə “buyur, rus” deməliyik?”

“Torpaqların azad olunması lazım gələndə Türkiyəyə qardaşıq, məsələ bitəndən sonra isə “buyur, rus” deməliyik?”

Hazırda oxunan: “Torpaqların azad olunması lazım gələndə Türkiyəyə qardaşıq, məsələ bitəndən sonra isə “buyur, rus” deməliyik?”

7577

Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analtiki, səfir Azər Xudiyevin müsahibəsi:

— Azər bəy, 2020-ci ili artıq başa vurduq. Ötən ili beynəlxalq və ictimi-siyasi hadisələr baxımından Azərbaycan üçün necə dəyərləndirərdiniz?

— Öncə, yaranmış imkandan istifadə edərək, Azərbaycan xalqınə və Vətəndən kənarda yaşayan azərbaycanlıları Yeni il munasibətilə ürəkdən təbrik edirəm!

Arzu edirəm ki, 2021-ci il xalqımız üçün ugurlu bir il olacaq.

2020-ci il isə bütün bəşəriyyət üçün cox ağır bir il kimi yaddaslarda qaldı. Bir tərəfdən dünyada baş verən mürəkkəb geosiyasi proseslər, bir sıra regionlarda həll olunmamış qanlı munaqişələr, digər tərəfdən isə dünyanı qorxuya salan və çox sayda insan heyatını alan COVID-19 pandemiyası insanların həyatında ağır iz buraxdı.

Azərbaycan üçün isə 2020-ci il iki proseslə daha çox yadda qaldı. Onlardan biri pandemiyadır. Digəri isə İkinci Qarabağ Müharibəsidir.

Azərbaycan hər iki istiqamətdə meydana çıxan çətinliklərə və xarici təzyiqlərə baxmayaraq uğur əldə etdi. Müzəffər Azərbaycan ordusu 44 gün ərzində Ermənistan ordusunu daramadağın etdi. İşğal altında olan torpaqların böyük bir hissəsi savaşla geri alındı. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın azad edilməsi isə xüsusi tarixi hadisədir. Azərbaycan əsgərləri dünyaya səs salan şücaət göstərdilər. Bunların nəticəsində erməni tərəfinin xahişi əsasında atəşkəs elan edildi və məlum 9 bəndli 10 noyabr bəyannaməsi imzalandı.

— Sizin də vurğuladığınız kimi, ötən il həm də Azərbaycan tarixinə Qarabağ münaqişəsi ilə bağlı qələbə ili kimi yadda qaldı. Ancaq təəssüflər olsun ki, münaqişə hələ də tam yekunlaşmayıb, Xankəndində məskunlaşan erməni separatçıları ara-sıra silahlı təxribatlara cəhd edirlər.

Sizcə, bu cür vəziyyət nə qədər davam edə bilər? Və ümumiyyətlə, bu problemin tam həllini nədə görürsünüz?

— Bəli, Azərbaycan ordusu döyüş meydanında tarix yazdı. Ermənistan silahlı qüvvələrini məğlub etdi. Ancaq hərbi əməliyyatlar Xankəndi ətrafında döyüşlər gedən zaman Kremlin təkidi ilə dayandırıldı.

Əldə edilən razılaşmaya görə, erməni silahlı qüvvələri Rusiya sülhməramlıları Qarabağa daxil olanda paralel olaraq çıxacaq. Ancaq qeyd etdiyiniz kimi, real vəziyyət göstərir ki, Ermənistan silahlı qüvvələrini tam çıxarmayıb və Rusiya sülhməramlıları da onları məcbur etmir. Problem burdan qaynaqlanır. Məğlub tərəf anlaşamaya əməl etmir, onu buna məcbur etməli olan və funksiyası sülh yaratmaq olan rus hərbi kontingenti isə üzərinə düşəni tam yerinə yetirmir.

Hətta, Yeni il ərəfəsi bir sıra rus “sülhməramlı” əsgərinin işğalçını dəstəkləyən tost deməsini də eşitdik. Bu o deməkdir ki, nə Ermənistan, nə də Rusiya bəyannamədə üzərinə götürdükləri öhdəlikləri tam yerinə yetirmirlər. Bu, mənə Rusiyanın Suriyadakı davranışlarını xatırladır. Orada da Moskva Ankaraya söz vermişdi ki, terrorçuları müəyyən ərazilərdən çıxaracaq. Lakin indi aydın olur ki, terrorçular ordadırlar, türk əsgərlərinə qarşı təxribatlar törədirlər və “möhtəşəm rus əsgəri onların qarşısnı ala bilmir”.

Eyni oyunu Qarabağda görürəm – “hər şeyə qadir rus sülhməramlıları məğlub erməni əsgərlərini dayandıra bilmir”. Burada qaranlıq bir şey yoxdur – ruslar riyakarlıq edirlər!

Sualın ikinci hissəsinə gəlincə isə, əlbəttə, bu cür vəziyyət uzun müddət davam edə bilməz. Bir yerdə “divar qurtaracaq”.

Əgər Azərbaycan tərəfi vəziyyətə ciddi müdaxilə etməsə, bizim üçün acı şeylər ortaya çıxa bilər. Bu baxımdan problemin tam həlli bütün Qarabağ ərazisində Azərbaycanın özünün suverenliyini təmin etməsi ilə bağlıdır. Heç bir sülhməramlıya, xüsusilə, Rusiya kimi ikili oyun aparan vasitəçiyə ehtiyac görmürəm.

— Son günlər Azərbaycanda siyasətlə məşğul olan bir sıra şəxslər Rusiya sülhməramlılarının Azərbaycanda qalmasını dəstəkləyən və Türkiyə sülhməramlılarının Qarabağa gəlməsinə qarşı çıxan açıqlamalar verirlər.

Həmin fikirlər haqlı olaraq Azərbaycanda birmənalı qarşılanmır. Bu cür fikirlərə münasibətiniz necədir?

— Doğrusu, mən həmin şəxslərdən bəzilərini anlaya bilmirəm. Məsələn, hörmətli Tofiq Zülfüqarov tutduğu vəzifədən Qarabağ məsələsi ilə bağlı Rusiyanın təzyiqləri ilə uzaqlaşdırıldı. İndi isə Tofiq bəy Qarabağın nicatını rus süngüsündə görür. Paradoksdur ya da mövqe dəyişikliyi. Bunu Tofiq bəyin özü bilər. Ancaq daha faciəvi olan Tofiq Zülfüqarov kimi fikrini fərqli ifadə edən, lakin müstəqil dövlətçilik çərçivəsində qalanlarla bağlı deyil.

Son zamanlar Azərbaycan televiziya verilişlərinə elələrini dəvət edirlər ki, adamın tükləri biz-biz olur. Niyə? Çünki onlar nəinki ruspərəst fikir bildirirlər, hətta Azərbaycanın müstəqil dövlət olduğuna şübhələr oyadacaq qədər süni, qondarma, beynəlxalq hüquqa uyğun gəlməyən cümlələr çərənləyirlər. Məsələn, Abutalıb Səmədov adlı “siyasətçi”, “partiya sədri” teleekranlardan deyir ki, “Yalta razılaşmasına əsasən buralar (yəni, Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz coğrafiyası) Rusiyanın torpaqlarıdır”. Fikrini “vətənpərvər və dövlətçi siyasətçi” davam etdirərək, bir az da ağını çıxarır və deyir ki, Rusiya buranın hər qarşına nəzarət eləməlidir. İndi təsəvvür edək ki, hansısa bir hüquqşünas bunları eşidir və sual edir: “Bəs deyisiniz ki, müstəqil dövlətik, Prezidentiniz daim vurğulayır ki, müstəqil siyasət yeridirik? Onda bu partiya sədriniz, parlamentinizin deputatı olmuş zat nə deyir?

Siz “Qarabağ Azərbaycndır” deyirsiniz, Abutalıb Səmədovun məntiqindən isə belə alınır ki, “Bütün Cənubi Qafqaz, o cümlədən Qarabağ Rusiyadır”!?

Onun Xocalı soyqırım ilə bağlı dedikləri adamı buz kəsir. Konkret desəm, Abutalıb Səmədovun son cıxışı olduqca rabitəsiz, arqumentsiz, məntiqsiz və hec bir siyasi, sosioloji və ya hüquqi çərçivəyə sığmayan ziddiyyitələrlə dolu çıxışdır. Abutalıb Səmədoviç ya ətraflı olaraq regionumuzun real tarixi, ya da erməni millətçilərinin əsl çirkin xisləti ilə tanış deyil.

Məgər son 30 ildə ermənilərin bizim xalqın başına getirdikləri qanlı müsibətləri belə asan yaddan cıxarmalıyıq?

Mən, məğlubiyyətdən sonra belə heç bir erməni nüfuzlu siyasətçisinin, ictimai xadimi və ya millət vəkilinin nəyisə unutmaq və lazım gələrsə yalnışlıqları doğru kimi qəbul etməklə bağlı muraciətlərinə rast gəlməmişəm və yaxın gələcəkdə də rast gələcəyimə ümid etmirəm. Əksinə, onlar 30 il ərzində işğal altındakı torpaqlarmızı viran qoymalarına, barbarlıq etmələrinə, vicdansız, mədəniyyətsiz davranmalarına, müharibənin elementar qanunlarına əməl etməmələrinə, hər iki Qarabağ savaşında vəhşi kimi özlərini aparmalarına baxmayaraq, yenə də özlərini "qədim mədəni xalq" kimi qələmə verirlər. Onlar 100 ildən çox bundan öncə Osmanlıda baş vermiş fəlakətli hadisələri yenə də özlərinin “soyqırımı” kimi qələmə verməkdədirlər. Bizim Abutalıb Səmədoviç isə durub ekranlardan deyir ki, Xocalını unudaq. Fərqə baxın və təəssüf ki, o fərq bizim xeyrimizə deyil, qəlbimizi incidir, şəhidlərin ruhunu, minlərlə azərbaycanlının günahsız axan qanlarını “dondurur”!

— Maraqlı müqayisədir, Azər müəllim. Xüsusilə bədnam “erməni soyqırımı” ilə real Xocalı soyqırımı baxımından...

— Bilirsiniz, adi məntiq Abutalıb kimilərin tam arqumentsiz və qeyri-milli, qeyri-tarixi düşündüyünü ortaya qoyur. Baxın, necə ola bilər ki, ermənilər  özlərinin qondarma “soyqırımı”nı artıq 100 ildən çoxdur ki, unutmurlar və hər il bunu təntənəli şəkildə qeyd edirlər, dünyanın hər guşəsində, dövlətlərin parlamentlərində bu qondarma hadisənin tanınmasına nail olmağa çalışırlar, amma biz Azərbaycanın muasir tarixində, gözümüz qarşısında törədilən tarixin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımını belə asanlıqla unutmalıyıq?

Və onu qeyd etmək istərdim ki, azərbaycanlılar dövlətçilik və müstəqillik naminə general Polad Həşimov və digər qəhrəman şəhidlərimiz və qazilərimizin hərəkətlərinə, böhranlı məqamlarda Vətən xeyrinə öz canlarından keçmək seçiminə baxmalıdırlar.

Bu bağlılıqda da bizim informasiya vasitələrimiz, xüsusilə telekanallar diqqətli olmalıdırlar. Onlar vətənpərvər, ziyalı, xalqın, dövlətin sözünü deyə bilən, Azərbaycan maraqlarını hər şeydən üstün tutan vətəndaşları, o cümlədən savadlı və dəyərli ziyalılarımızı verilişlərə dəvət etməlidirlər. Təəssüf ki, bir çox hallarda bunun əvəzində başqa süni meyarlara görə verilişə elə adamlar dəvət edirlər ki, bir şey başa düşmürsən.

Məsələn, İkinci Qarabağ Müharibəsi dövründə İctimai Televiziyada dövlətin saytlarından birinə rəhbərlik edən adam deyir ki, Dağlıq Qarabağ məsələsindən ancaq ərazi bütövlüyünün təmini kontekstində danışmaq lazımdır. Burada tarixin əhəmiyyəti yoxdur və guya ki, beynəlxalq hüquqdan başqa bir arqument işlədilməməlidir. Özü də bunu verilişdə iştirak edən hörmətli alimlərimizdən birinə etiraz olaraq deyir.

Təsəvvür edin, adam deyir ki, BDU-nun beynəlxalq hüquq fakültəsini bitirmişəm və tarixlə beynəlxalq hüquq arasında bağlılığı görə bilmir. Özü də bu fikirləri Prezidentin daim Qarabağın tarixən Azərbaycan ərazisi olduğunu vurğulması və məhz bu əsasda beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu vurğulaması fonunda deyir. Mənə qəribə gələn həm də verilişin aparıcılarından olan birinin bu məntiqsiz, anti-elmi, küçə səviyyəsində olan fikirlərə haqq qazandırması oldu. Aydın görünürdü ki, onların hər ikisi ruspərəst mövqedədirlər. Belə olmaz, KİV daim müstəqil fikirli, dövlətçil insanlara yer verməlidir. Azərbaycanda bu cür ziyalılar kifayət qədərdir. 

— Reallıq ondan ibarədir ki, Rusiya sülhməramlıları Qarabağdadır.

— Bəli, geosiyasi, tarixi və hüquqi baxımdan burada qeyri-adi bir məqam yoxdur. Çünki Rusiya qonşudur, regionun ən güclü dövlətidir. Eyni zamanda, dövlət başçısı qərara alıbsa ki, Rusiya sülhməramlıları gəlsin, buna etiraz yoxdur. Rusiya həm də ermənilərə real təsirə malikdir. Məsələnin mahiyyəti başqa məqamdadır.

Biz onu nəzərdə tuturuq ki, Rusiyanın “sülhməramlılığı”nı Kremlin marağına uyğun ideolojiləşdirib, ondan Moskvanın geosiyasi divident götürməsi üçün Azərbaycanda ictimai rəyə insafsızcasına və cinayətkarcasına təsir göstərməyə çalışmağın qarşısı alınmalıdır.

Tarix, müasir reallıq bunu bizə bağışlamaz. O cümlədən, Rusiyanın bu məsələdəki rolunu mütləqləşdirib, "Türkiyəyə ehtiyac yoxdur" kimi talehsiz, xeyli qədirbilməzcəsinə və Azərbaycanın müstəqil dövlətçiliyinə ziyanlı şəkildə iddia etmək, məncə doğru deyil. Özü də bunu cənab İlham Əliyevin Türkiyə Prezidenti ilə birgə Zəfər Paradı keçirməsi və orada qardaşlıq mesajları verməsi fonunda etməyin anlamı nədir?

Buna görə də ayıq Azərbaycan ictimaiyyətinin reaksiyasını alqışlayıram. Axı Türkiyə torpaqlarımızın azad olmasında əvəzsiz rol oynadı, indi də diplomatik aspektdə Azərbaycana hər cür dəstəyini verir. Belə çıxır ki, torpaqların azad olunması lazım gələndə Türkiyəyə qardaşıq, məsələ bitəndən sonra isə “buyur, rus” deməliyik?

Bunun adı nə olar, mən bilmirəm. İndi mən Azərbaycan məbuatında bir sıra yazılar da görürəm. Rusdilli KİV-də artıq “Rusiya ilə sinxronluqdan”, “Azərbaycanın MDB məknında yeni fürsətlər qazanmasından”, rus dilinin Azərbaycanda imtiyazlı olmasından xeyir götürəcəyindən” və hətta “MDB-nin Türkiyə, İran, Hindistan və sair məkanlara nüfuzu perspektivlərinən” yazırlar. Sanki, həmişə Ermənistana hərtərəfli dəstək verən, müharibə zamanı isə işğalçını silahlandıran Rusiyaya inteqrasiya havası gəlir. Allah betərindən saxlasın!

— Sizcə, Qarabağda Türkiyə sülhməramlılarının sayı nə qədər olmalıdır ki, Rusiya sülhməramlılarının göz yumduğu erməni təxribatların qarşısı tamamilə alınsın?

— Bu məsələni həmin sahəni mütəxəssisləri müəyyən etməlidirlər. Məncə, saydan çox Türkiyənin prosesdə iştirakı statusuna önəm verilməlidir. Yəni, mənə görə, əsas prinsip Qarabağın hər bir bölgəsində Rusiya ilə Türkiyənin təsirini balanslaşdıran müxanizm qurulmalıdır. Bu olmasa, biz daima rusların ermənilərə himayəsini və hətta hərbi dəstəyini görəcəyik.

Bundan başqa, Rusiya orada separatçıları min cür bəhanə ilə dəstəkləyəcək, orada qondarma strukturu saxlayacaq ki, gələcəkdə status məsələsini qaldırsın və Qarabağı siyasi-hüquqi cəhətdən daha çox özünə bağlasın. Bu gizli niyyəti hiss edirik. Bütün bunların olmaması üçün Türkiyə sülhməramlıları lazımi sayda bölgədə olmalıdır. Ancaq bəla burasındadır ki, Türkiyə sülhməramlıları gələ bilirlər ki?

Biz bu məsələni həll edə bilməmişik. O halda hansı saydan danışa bilərik? (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO