Altıncı çağırış Milli Məclis Prezident İlham Əliyevin müxtəlif sahələrdə apardığı islahatlara dəstək verməklə yanaşı, özü də bu proseslərdə fəal iştirak etməyə çalışır. Azərbaycanda həyata keçirilən kadr islahatlarının ruhuna uyğun olaraq, parlamentdə də müvafiq tədbirlər görməyə başlayıb.
Belə ki, son illərdə ölkəmizdə həyatın müxtəlif sferalarında ciddi islahatların aparıldığı müşahidə olunur. Xüsusilə də, idarəetmədə səmərəliliyin artırılması, müasir və çevik metodların tətbiqini asanlaşdırmaq məqsədilə gənc kadr təyinatlarına daha tez-tez rast gəlirik.
Təsadüfi deyil ki, bu cür islahatlar Milli Məclisdən də yan keçməyib. Ələxsus, son dövrlərdə qanunverici orqanın aparatında gənc kadrların məsul vəzifələrə təyin olunmasına şahidlik edirik. Bu tədbirlərin məntiqi davamı olaraq Milli Məclisin aparat rəhbəri vəzifəsinə 33 yaşlı Fərid Hacıyev gətirilib.
Eləcə də əvvəllər yardımçı vəzifələrdə çalışan 4 nəfər isə inzibati vəzifəyə təyin ediliblər.
Bununla yanaşı, şəhid anasının, Vətən müharibəsi qazisinin Milli Məclisdə işə götürülməsi də geniş ictimaiyyət tərəfindən təqdir olunan təyinatlar hesab oluna bilər.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclis Aparatında bu şəxslərə vəzifə verildi - ADLAR
Yeni kadr təyinatları
1. Parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri, uzun müddət dövlət qulluğunda çalışan Rüstəm Bəhruz oğlu Mahmudov qulluqda irəli çəkilərək parlament Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib. R.Mahmudov artıq 16 ildən çoxdur ki, Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışıb. Onun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib və R.Mahmudova II dərəcə dövlət müşaviri ixtisas dərəcəsi, həmçinin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı verilib.
2. Milli Məclisin daha bir təcrübəli əməkdaşı, parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini, III dərəcə dövlət müşaviri Şakir Himalay oğlu Şabanov isə Aparatın İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Ş.Şabanov Milli Məclis aparatında 26 ildir fəaliyyət göstərir. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
3. Parlament aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini, dövlət qulluğunun baş müşaviri Ayan Zəfər qızı Murtuzova qulluqda irəli çəkilərək, həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. Ayan Murtuzova dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
4. Milli Məclis sədrinin digər sərəncamı ilə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis aparatında çalışan və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunan Şahin Xanbaba oğlu Quliyev həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.
5. Bundan əvvəl isə Milli Məclis sədri Sahibə Qafarovanın sərəncamları ilə uzun illərdir çalışan Adil Vəliyev, Gülnarə İsmayılova şöbə müdiri, Eldar Əsgərov şöbə müdirinin müavini təyin olunub.
Gənc təyinatlar nədən xəbər verir?
Göründüyü kimi, ölkəmizdə gedən islahatların məntiqi davamı olaraq bir çox gənc kadrlar Milli Məclis aparatında müvafiq vəzifələrə təyin olunublar.
Nəticə olaraq, bu gün Milli Məclis Aparatının rəhbəri, aparatın bir çox şöbə müdirləri, şöbə müdiri müavinləri və sektor müdirləri içərisində gənc simalara daha tez-tez rast gəlmək mümkündür.
Təbii ki, Milli Məclisdə uzun müddət çalışmış gənc və təcrübəli kadrların vəzifədə irəli çəkilməsinin idarəetmənin səmərəli və müasir formada təşkilinə imkan yaradacağı, bununla birlikdə qanunverici orqanın işində müsbət inkişafın müşahidə oluncağı gözlənilir.
Bizim.Media