“Rusiya üçün Ermənistanın mövqeyi qeyri-müəyyəndir və bu səbəbdən dəqiqləşdirmələr üçün belə görüşlər keçirilir”.
Bunu Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan görüşünü şərh edərkən deyib:
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın “Artsax” sayıqlamasının SƏBƏBİ: “Rusiya prosesi pozmağa çalışır”
“Düşənbədə Ermənistan xarici işlər naziri bildirmişdi ki, mayın 16-17-i Moskvada kommunikasiyalarla bağlı İşçi Qrupu və sərhədlərlə bağlı kommisiyanın ilk iclası olacaq. Amma nə dünən, nə də bu gün həmin iclaslar keçirilməyib. Bu o deməkdir ki, Ermənistan rəsmilərinin verdiyi məlumat yanlış idi.
Eyni zamanda, Rusiyanın baş nazir müavini Overçukla MDB məkanına cavabdeh olan xarici işlər nazirinin müavini Rudenko Ermənistanda Paşinyanla görüşüb.
Görünən odur ki, Rusiya üçün Ermənistanın mövqeyi qeyri-müəyyəndir və bu səbəbdən dəqiqləşdirmə aparmaq üçün bu görüşlər keçirilir. Ermənistanda indi bıçaq sümüyə dirənib.
Ermənstan qərarlar qəbul etmir. Belədə, İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınaraq, həm Rusiyanın, həm də Avropanın vasitəçiliyilə olan prosesləri dalana dirəyir. Bu da danışıqların dayandırılması və güc faktorundan istifadəyə gətirib çıxara bilər. Belə olan halda, Paşinyanın Putinlə görüşü ola bilsin əsasən məhz bu məsələlərlə bağlı olub”.
Rüfət Sultan, Bizim.Media