Rusiyalı jurnalist: “Bakı çalışmalıdır ki, hansısa avantüraya uymasın”

Rusiyalı jurnalist: “Bakı çalışmalıdır ki, hansısa avantüraya uymasın”

Hazırda oxunan: Rusiyalı jurnalist: “Bakı çalışmalıdır ki, hansısa avantüraya uymasın”

7310

“2020-ci ili Azərbaycan qədər uğurlu hesab edən ölkə çox azdır. Ümumiyyətlə heç bir müharibə uğurlu, yaxud yaxşı bir şey hesab olunmur. Savaş hər zaman dəhşət, ölüm və fəciələrlə yadda qalır. Əlbəttə, biz anlayırıq ki, bu torpaqları qaytarmaq Azərbaycan üçün necə əhəmiyyətli idi. Hazırda müəyyən dövlətlər beynəlxalq öhdəliklərə əməl etmir. Bununla yanaşı indiki müharibələrə baxsaq, görərik ki, onların əksəriyyəti ərazi və sərhəd dəyişikliklərinə səbəb olmur.

Hətta işğal baş verərsə, beynəlxalq aləm bu fəaliyyəti tanımır və qınayır. Kosova və Fələstin kimi məsələlər də uzunmüddətli konfliktlərə gətirib çıxarıb. Buna görə də Azərbaycanın 2020-ci ildəki əsas qələbəsini hərbi yox, diplomatik zəfər hesab edirəm. Döyüş meydanında qanı axıdılan yüzlərlə insanın haqqına girmək istəmirəm, amma sülhün bərpa olunması üçün üçtərəfli razılaşmanın imzalanmasını qeyd etmək lazımdır. Çünki Qarabağdakı hərbi əməliyyatlar bundan sonra dayandı”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında “Ekspert” jurnalının siyasət şöbəsinin redaktoru Pyotr Skoroboqatıy dedi.

O bildirdi ki, 10 noyabr bəyanatı ilə daima baş verən səngər atışlarının, humanitar böhranın və qaçqın problemlərinin qarşısı alındı:

“Bu da münaqişə tərəflərini müxtəlif sanksiyalardan qorudu. Azərbaycan torpaqlarını elə azad etdi ki, hətta indi Ermənistanla da müəyyən əlaqələr qurmaq olar. Razılaşma həm də Bakının Moskva ilə münasibətlərini isti saxladı, nəticədə hər iki ölkənin əlaqələri korlanmadı. İmzalanan sənəd Qafqazda uzunmüddətli balansın qorunmasına xidmət edə bilər. Zənnimcə bu, Azərbaycanın ötən il ərzində ən böyük uğurudur.”

Pyotr Skoroboqatıy vurğuladı ki, Bakının yeni ildə üzərinə düşən vəzifələr 2020-ci ildən daha çoxdur.

“Müharibəni qazanmaqla iş bitmir, çünki əldə olunanı da qorumaq lazımdır. Bir neçə məqama toxunmaq istərdim. Rəsmi Bakının ilk vəzifəsi artıq döyüş əhval-ruhiyyəsini tarazlamaq, xalqın hikkəsini soyutmaqdır. Azərbaycanlı həmkarlarım inciməsin, amma həddən artıq qürur, öz gücünə arxayın olmaq istəyi və dialoq aparmamaq prinsipi düzgün deyil. Çünki həmin bu xüsusiyyətlər Qarabağı məhv edən amillər idi. Buna görə də Rusiyadakı Azərbaycan diasporuna təşəkkür etmək istərdim, onlar özünü təmkinli apardı və emosiyalarını bütün çılpaqlığı ilə göstərmədilər. Yəni Rusiyada sabitliyi pozacaq addımlardan uzaq oldular”.
Rusiyalı jurnalistin sözlərinə görə, 2021-ci il üçün ikinci mühüm tapşırıq Qarabağın beynəlxalq iqtisadi layihələrə cəlb olunmasıdır. 

“Bu işdə isə əməkdaşlıq önəmlidir” deyən Pyotr əsas vasitəçi ölkələr kimi Türkiyə və Rusiyanın da adını çəkdi:

“Ermənilər imtina etsə də, onlara da əməkdaşlıq təklifi edilməlidir ki, bütün dünya Azərbaycanın regionda çoxmillətli sülh yaratdığını görsün". 

"Azərbaycanın üçünçü ən vacib vəzifəsi isə Türkiyə və Rusiyadan ibarət üçbucaqda özünü tapmaqdır. Rusiyada Bakının Ankaradan asılı olduğunu deyənlər çox olsa da, mən belə hesab etmirəm. Lakin yenə də Bakı çalışmalıdır ki, hansısa avantüraya uymasın. Azərbaycan İranla da sərhəd olduğunu unutmamalıdır”. 

Pyotr Skoroboqatıy sonda qeyd etdi ki, bütün hadisələrin fonunda rəsmi Bakı Kreml ilə dialoqun yeni xətlərini araşdırmalıdır. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO