Ermənistan ordusunun uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərində ən çox gördükləri tədbir müdafiə - süni istehkam qurğularını yaratmaq olub. Onlar qoşunların keçmiş təmas xətti boyunca birinci, ikinci və ücüncü eşalonlarda bunkerlər və dayanıqlı atəş nöqtələri daxil olmaqla, istehkam qurğuları və mürəkkəb maneələr yaradıb. 44 günlük Vətən Müharibəsində bu, torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusuna az maneələr törətmədi. Ancaq “keçilməz sədd” statusunu da qoruyub saxlaya bilmədi.
Bu dəfə isə Ermənistan ordusunun hava hücumundan müdafiə məqsədi ilə dağları bir-birinə “tikdiyi” “tros”lardan, daha doğru dəmir torlardan danışacağıq.
Belə müdafiə xətlərinə ilk dəfə Hadrut istiqamətində rast gəlinib. Sonra isə Ağdam rayonunun işğaldan azad edilən Qızıllı Kəngərli kəndi ərazisində görünüb. Hava hücumunun qarşısını almaq üçün istifadə edilən bu “metod” hələ İkinci Dünya Müharibəsi zamanı Moskvanın havadan müdafiəsinin təmin edilməsi üçün təşkil olunub.
MÖVZU İLƏ BAĞLI:
Ukraynanın işğalında ERMƏNİ İZİ – Rusların tarixi “silahı” qan tökməyə davam edir
Hərbi ekspert Ədalət Verdiyev keçmiş təmas xəttində Ermənistan ordusunun belə primitiv üsullardan çox istifadə etməsi ilə əyani tanış olduğunu vurğulayır:
“Keçmiş təmas xəttində istehkam qurğularının və döyüş postlarının çox olmasının anlamı var idi. Ermənistan ordusu yaxşı anlayırdı ki, Azərbaycan işğal faktı ilə heç zaman barışmayacaq və mütləq ərazilərini azad edəcək. Bu istehkamlardan biri də geniş miqyaslı hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun aşağı məsafədən aviasiya uçuşunun qarşısını almaq üçün nəzərdə tutulub”.
O qeyd edir ki, uzun məsafəli dağarası, çay yatağı boyunca uzanan yollar aviasiya vasitələri üçün unikal hesab edilən ərazidir:
“Çünki bu yolla uçuşun həyata keçirilməsi tam olaraq radarlardan yayınmaq deməkdir. Lakin Ermənistan ordusunun dağdan-dağa çəkdiyi qalın troslar - təxminən 40 metrdən bir həmin trosa bərkidilərək aşağı sallanan troslar - ciddi və hiyləgər maneə hesab edilə bilər”.
“Əslində, bu, dünya hərb tarixində ilk deyil. Ancaq Ermənistan ordusunun aviasiya vasitələrinə güvənsizliyindən və azlığından, yəni zəifliyindən irəli gəlir. O qədər də maliyyəsi olmayan ordu məcburən bu üsula əl atıb. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Ordusunun qəhrəman pilotları döyüş uçuşlarını tam fərqli şəkildə həyata keçirdiyi üçün bu hərbi əməliyyatlar zamanı heç bir işə yaramadı”, - deyə vurğulayır Ə.Verdiyev.
Onu da əlavə etmək yerinə düşər ki, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Hərbi Hava Qüvvələri 2000-dən çox döyüş uçuşu yerinə yetirərək Ermənistan ordusunun strateji hədəflərini məhv etdi.
Onların göy üzünü dəmir torlarla hörməkləri isə qısa zaman ərzində ifşa edilərək darmadağın edildi.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu