İlham Əliyev Macarıstan Baş nazirinə məktub göndərdi

İlham Əliyev Macarıstan Baş nazirinə məktub göndərdi

Hazırda oxunan: İlham Əliyev Macarıstan Baş nazirinə məktub göndərdi

72864

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana məktub göndərib.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Respublikası ilə Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə baş tutub.

Prezident İlham Əliyevin məktubunda deyilir: 

“Hörmətli cənab Baş nazir, 

Azərbaycan Respublikası ilə Macarıstan arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi təbrik edir, dost xalqınıza ən xoş və səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram. 
Müasir diplomatik əlaqələrimizin tarixi 30 illik dövrü əhatə etsə də, xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Macarıstan Azərbaycan üçün yaxın dost və tərəfdaş ölkədir. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən onilliklər ərzində dövlətlərarası münasibətlərimiz dinamik və hərtərəfli inkişaf etmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz daha da genişlənmişdir. 

Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq mövcuddur.

Hesab edirəm ki, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. 

Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz Macarıstandan olan şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq. 

Azərbaycan ilə Macarıstan həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Macarıstanın Avropa İttifaqı çərçivəsində ölkəmizə göstərdiyi dəstəyi və Türk Dövlətləri Təşkilatı xətti ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk.

Əminəm ki, Azərbaycan Respublikası ilə Macarıstan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir. 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm.” 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO