Düşmənləri vahiməyə salan möhür – FOTO

Düşmənləri vahiməyə salan möhür – FOTO

Hazırda oxunan: Düşmənləri vahiməyə salan möhür – FOTO

7271

Azərbaycan türklərinə düşmən kəsilmiş məmurların öldürülməsini birbaşa üzərinə götürən "Difai" hər belə qətldən sonra məsuliyyətdən qaçmır və bunu öz möhürü ilə bəyannamədə yayırdı.

Bizim.Media xəbər verir ki, "Difai"nin möhürü Azərbaycan türkü üçün qisas, intiqam kimi doğan günəş və millətimizin qanını içən yadelli məmurların ölüm hökmü, edamı idi.

Məmmədbağır Şeyxzamanlı yazırdı ki,  "Ancaq bir həqiqət vardı ki, rus idarəsinin ən qəddar işçilərinin gözləri əməlli-başlı qorxmuşdu.

Beləcə rus idarəsi ilə "Difai" mücadiləsi 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. Xalqımız da, "Difai" firqəsi də əmin olmuşdur ki, artıq rus idarəçiləri hər vasitə ilə özlərini xalqımıza sevdirməyə çalışırlar. Bu vaxt mən gizli təşkilatda çalışırdım. Yığıncaqlarımızın birində dostlarımızdan biri soruşdu: "Artıq "Difai" fəaliyyətini dayandırıb. Möhür saxlanırmı, yoxsa yox edilib?".

Mirzə Məhəmməd dedi:

"Onu yox etmərik. O möhür gələcək Azərbaycan muzeyində saxlanacaq". Beləliklə, möhürün Mirzə Məhəmməddə olduğu anlaşılır".

Möhürün sonrakı taleyi ilə bağlı daha əvvəl adını çəkdiyimiz Məmmədbağırın qardaşı Nağı bəy Şeyxzamanlı öz "xatirələri"ndə geniş məlumat verir.

Belə ki, Rusiya İnqilabi Sosialist Partiyasının nümayəndəsi olan Kruçkovun həbsi zamanı Mirzə Məhəmməd də tutulur və evində aparılan axtarışlar zamanı "Difai"nin möhürü də götürülür.

Axtarışa və Mirzə Məhəmmədin həbsinə səbəb Kruçkovun onunla yaxın münasibətlərdə olması idi. Mirzə rus solçusuna Azərbaycan türkcəsindən ruscaya tərcümə işlərində kömək edirdi.

Evdə axtarışın aparılması və rus milli təhlükəsizlik şöbəsi əməkdaşlarının "naməlum" möhür tapmaları, "Difai"çiləri ciddi təhlükə altına qoyurdu.

Bu zaman köməyə Təhlükəsizlik Şöbəsinin katibi, "difai"çi Sədrəddin gəlir. Nağı və Sədrəddinin birgə qurduqları plan uğurla həyata keçirilir. Sədrəddin elə həmin gecənin səhəri Şeyxzamanlının ona verdiyi inqilabi sosialist partiyasının möhürü ilə seyfdə saxlanılan "Difai"nin möhürünü dəyişir, izi itirmək məqsədi ilə möhürü sobaya atıb məhv edir.

İstintaq zamanı təhlükəsizlik şöbəsinin seyfindən çıxan möhürün və sənədlərin isə Kruçkova məxsus olduğunu sonuncunun özü təsdiqlədiyindən, "Difai" bu vəziyyətdən "quru" çıxa bilir.

Mirzə Məhəmməd isə sosialist firqəsinin nümayəndəsi ilə əlaqədə olduğu üçün beş illik sürgün edilir.

Onu da deyək ki, "Difai" təşkilatı Azərbaycan tarixində bəlkə də yeganə qurum oldu ki, "qana qan" şüarı ilə erməni terroruna qarşı savaş açdı.

"Difai" Partiyasının Bəyannaməsində yazılmışdı:

"Əvvəllər olduğu kimi, erməni terror təşkilatları müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik".

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO