“3+3”lə bağlı PROQNOZ – “Azərbaycan və Türkiyədən təcrid Rusiyanın maraqlarına cavab vermir”

“3+3”lə bağlı PROQNOZ – “Azərbaycan və Türkiyədən təcrid Rusiyanın maraqlarına cavab vermir”

Hazırda oxunan: “3+3”lə bağlı PROQNOZ – “Azərbaycan və Türkiyədən təcrid Rusiyanın maraqlarına cavab vermir”

72574

“3+3” formatına üzv ölkələrin ilk toplantısının üzərindən 5 aya yaxın vaxt keçib. İlk iclasdan sonra bu platforma ilə bağlı üzv ölkələrin rəsmilərindən müsbət bəyanatlar səsləndirilir və yaxın perspektivdə növbəti görüşün keçiriləcəyi bildirilirdi. Lakin fevralın 24-də Rusiyanın Ukrayna ərazisində start verdiyi hərbi əməliyyatlar bütün dünyanın, eyni zamanda regionun diqqətini bu məsələyə yönəltdi.

Bir müddət əvvəl, aprelin 25-də Rusiya XİN-dən verilən açıqlamada altılıq formatından ikinci iclasın keçirilməsinə hazırlığın getdiyi elan edildi və regional platforma yenidən gündəmə gəldi.

Lakin indiki ağır geosiyasi situasiyada “3+3”ün işini effektiv formada davam etdirməsi nə dərəcədə realdır?

Sualı Bizim.Media üçün cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı Azərbaycan və Türkiyənin təqdim etdiyi “3+3”ün üzv dövlətlər üçün əhəmiyyətinin böyük olduğunu qeyd edib.

Politoloq, ilk növbədə, Gürcüstanın ilk iclasa qatılmamasının səbəblərini izah edib:

“Gürcüstan bu platformaya qoşulmadığını bəyan etdi. Bildiyimiz kimi, Azərbaycan və digər ölkələr Gürcüstan üzərindən beynəlxalq yükdaşımalarını həyata keçirir. Əslində Tiflis bilir ki, altılıq formatı onların logistika sahəsində əldə etdikləri gəlirlərini müəyyən qədər azalda bilər. Lakin sonradan Gürcüstan rəsmiləri “3+3”də iştirakı ehtiva edən açıqlamalar verdilər”. 

Niyaməddin Orduxanlının sözlərinə görə, indiki vəziyyətdə, bu platforma ən çox Rusiya üçün vacibdir:

“Çünki Rusiyanın həm Ermənistana, həm də İrana birbaşa əlaqələri yarana bilər. Ermənistan da təbii ki, bu proseslərdə Rusiyanın açıq forpostu olduğuna görə, İrəvan Moskvanın iradəsindən kənar addım ata bilməz. Lakin Rusiya-Ukrayna müharibəsi başlanandan platformanın işi görünür, gündəmə daşınmır. Ukraynada davam edən müharibə dünyanın bir sıra aparıcı ölkələrini Rusiya ilə üz-üzə qoyub və Moskvanın Ukraynadakı maraqları platformanın müəyyən qədər ikinci plana düşməsi görüntüsünü yaradıb”.

Müsahibimiz Rusiya üçün Türkiyənin xüsusi önəmə malik olduğunu da vurğulayıb: 

“Qərbin Rusiyaya qarşı qoşulduğu sanksiyalara Türkiyə qoşulmayıb. Azərbaycan isə neytral mövqedə dayanıb. İndiki situasiyada bu iki ölkədən təcrid olunmaq Rusiyanın maraqlarına cavab vermir. Ukraynadakı müharibə tezliklə başa çatarsa, Rusiya platformanın işə düşməsi üçün əlindən gələni edəcək. Düşünürəm ki, bu Azərbaycanın və Türkiyənin də maraqlarına cavab verir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO