Makronun prezident seçilməsi Azərbaycana nə vəd edir? - 5 SƏBƏB

Makronun prezident seçilməsi Azərbaycana nə vəd edir? - 5 SƏBƏB

Hazırda oxunan: Makronun prezident seçilməsi Azərbaycana nə vəd edir? - 5 SƏBƏB

71314

Aprelin 24-də Fransada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı prezident Emmanuel Makron qalib gəlib. O, ümumi səslərin 58%-ni toplayaraq rəqibi “Milli Birlik” partiyasından prezidentliyə namizəd Marin Le Pen üzərində qələbə qazanıb. Makronun rəqibi isə ümumi səslərin cəmi 41%-ni ala bilib.

Qeyd edək ki, seçkilərin ikinci turunda Emmanuel Makronun qalib gələcəyi əvvəlcədən ehtimal olunurdu.

Çünki ultra sağ təmayüllü Marin Le Penlə müqayisədə Makron daha mülayim siyasi xətti müdafiə edirdi və bu amil Fransa üzrə 3-cü böyük seçici kütləsinə malik sosialist blokun Makronu dəstəkləməsinə imkan yaradırdı.

Belə demək mümkünsə, Fransız xalqı “pislə” “daha pis” arasında seçim etməli oldu və nəticədə Makron qalib gəldi.
 

MÖVZU İLƏ BAĞLI:

Exit-poll: Makron Fransa seçkilərinin ikinci turunda liderdir


Qeyd edək ki, Emmanuel Makronu 2022-ci ilin iyununda Milli Məclis, 2023-cü ilin sentyabrında isə Senat seçkiləri gözləyir.

Bu seçkilərin hər ikisi Makron üçün olduqca önəmlidir. Makronun partiyası “İrəli Respublika” hazırda Milli Məclisdə üstünlük təşkil edir (312 yer), lakin Senatda cəmi 21 yerlə azlıqda olan partiyadır. Mövcud reallıq Makronu Milli Məclisdəki üstünlüyünü qoruyub saxlamaq və Senatdakı vəziyyətini daha da yaxşılaşdırmaq üçün bir sıra fəaliyyətlərə sövq edəcək.

Emmanuel Makronun növbəti dəfə prezident kürsüsündə əyləşməsi heç şübhəsiz ki, Fransanın növbəti 5 il ərzində də “özünəməxsus” siyasi dəsti xətti davam etdirəcəyini deməyə əsas verir. Xüsusilə son illərdə Fransa-Azərbaycan münasibətlərinin vəziyyəti və iki tərəfli münasibətlərdə müşahidə olunan proseslər Azərbaycanında bu dəsti xətdən təsirlənəcəyi ehtimalını gücləndirir.

1. Ermənistana dəstək davam edəcək

Makronun partiyasının seçiciləri sırasında Fransanın erməni diasporası xüsusi yerə malikdir. 44 günlük müharibə və sonrasında Makronun sərgilədiyi ermənipərəst mövqe bu münasibətləri daha da inkişaf etdirib. Makron Milli Milli Məclisdəki mövcud vəziyyəti qoruyub saxlamaq və erməni icmasının səslərini itirməmək məqsədilə Ermənistana olan dəstəyini davam etdirəcək.

2. İslam düşmənçiliyi və islamafobik çıxışlar arta bilər

Hər nə qədər Makron seçkilərdə qalib gəlsə də rəqibi, ultra sağçı Marin Le Penin də səs faizi olduqca yüksəkdir. Nəticələr Fransa əhalisinin 41%-nin ultra sağçı düşüncələri dəstəklədiyini göstərir və bu faiz hər keçən gün daha da artır. Makron Fransada güclənən ultra sağçılara qarşı birbaşa cəbhə açmaq yerinə, narazılıq ehtimalını aradan qaldırmaq məqsədilə onlara xitab edən fəaliyyətlərə yönələcək. Nəticədə Fransada islamafobik çıxışlar aracaq, islamla, miqrantlarla və hicabla bağlı problemlər yenidən gündəmə gələcək.  

3. Anti-Türkiyə və anti-Azərbaycan fəaliyyətləri güclənə bilər

Makronun erməni icmasının və Fransadakı ultra sağçı kəsimin maraqlarıdan çıxış etməsi onu anti-Türkiyə və anti-Azərbaycan mövqeyinə yönəlməsini şərtləndirəcək. Çünki hər iki dövlətin xarici siyasət kursu Makronun müdafiə etdiyi qrupların mənafeyi ilə toqquşur. Nəticədə Fransada anti-Türk və anti-Azərbaycan maraq qruplarının fəaliyyətləri güclənəcək və bu cür fəaliyyətlərə daha çox imkan yaradılacaq. Makron həmçinin bölgədəki siyasi maraqlarını reallaşdırmaq məqsədilə də bu cür mənafe qruplarından fəal şəkildə istifadə edəcək.

4. Fransanın Azərbaycanla mədəni sahədə əməkdaşlığı arta bilər

Hər nə qədər Makron Ermənistanın mövqeyini dəstəkləməyə məcbur qalsa da, Azərbaycanla əlaqələrin tamamilə pozulmasında da maraqlı deyil. Çünki Azərbaycan Cənub Dəhlizinin ən önəmli aktoru mövqeyindədir və Azərbaycanla əlaqələrin inkiaşfı təbii olaraq Fransanın geosiyasi maraqları çərçivəsindədir. Bu şərtlər daxilində Fransa Ermənistana verdiyi siyasi dəstəyi, Azərbaycanla mədəni səviyyədə əməkdaşlığı inkişaf etdirməklə kompensasiya etməyə çalışacaq. 

5. Fransanın Cənubi Qafqazda sülh quruculuğu prosesindəki iştirakçılığı arta bilər

Cənubi Qafqaz Fransanın geosiyasi maraqları içərisində xüsusi yerə malikdir. Böyük Britaniya ilə gizli rəqabət fonunda bu maraqların təmin olunması olduqca əhəmiyyətlidir.

Bu amil eyni zamanda Fransa üçün regiona yeni müdaxilə imkanları da doğurmaq potensialına malikdir. Nəticədə Minsk Qrupunun ortadan qalxması ilə yaranan boşluğu Fransa doldurmağa cəhd göstərəcək. Makronun bu iddiaları həm də regionda erməni maraqlarını təmin etməyin bir digər vasitəsi ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO