Yazıçı Kəramət Böyükçölün aprelin 21-də öz “facebook” hesabından Ağ Partiya və onun başqanı Tural Abbaslı haqqında etdiyi paylaşım və yazdığı fikirlər geniş müzakirələrə səbəb olub.
Belə ki, yazıçı Ağ Partiyanı ona qarşı kampaniya aparmaqda ittiham edərək, bir sıra ifşaedici görüntüləri yayımlayıb.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Tural Abbaslının sözlərinə görə, Kəramət Böyükçöllə yanaşı bir sıra şəxslərin Ağ Partiya haqqında periodik olaraq qərəzli rəy yaratmağa çalışdıqlarını bildirib:
“İstər paylaşımlar və şərhlər, istər yalan məlumatlar, istərsə də kontekstdən çıxarılmış fikirlərlə (hansı ki, cümlənin əvvəli, sonu kəsilir) bunu etməyə çalışırlar. Düşünmürəm ki, bu təsadüfidir, ya da bizim hansısa “tənqidçi”nin bizi ifşa etmək cəhdidir. Fikrimcə, bu sifarişlidir”.
MÖVZU İLƏ BAĞLI:
Fazil Mustafa Kəramət Böyükçölə İSMARIŞ YOLLADI: “Cavabı lazımi səviyyədə veriləcək”
Tural Abbaslının sözlərinə görə, sifarişin onun və partiyasının tənqid hədəfinə tuş gələn məmurlar tərəfindən verilməsi mümkündür:
“Eyni zamanda bizim müxalifət cameəsində də kifayət qədər rəqiblərimiz var və onlar da eyni xətti tutub, insanların Ağ Partiyaya etimadını azaltmaq üçün belə variantlardan istifadə edirlər. Əks təqdirdə, adama deyərlər ki, nəyi verib ala bilmirsən? Sən hara, mən hara? Sualların varsa, yerim bəlli, yurdum bəlli. O baxımdan biz bu cür addımları təsadüfi hesab etmirik, böyüyən güclənən partiyanın yaşamalı olduğu tale kimi qəbul edirik”.
Partiya başqanı qeyd edib ki, gələcəkdə eyni hallar yaşanarsa, hüquqi yollar da var ki, artıq bəzi məsələlər əndazəni aşanda atdıqları iftiranı sübut etmək tələbi bizim hüququmuzdur:
“Bizim üzvlərimizdən də bəzən rəylər gəlir ki, niyə bunlara cavab vermirsiz? Bunlar bir deyil, iki deyil. Ya gərək ağız-ağıza verəsən bunlarla, o da bizə yaraşmaz. Amma partiyanın idarə heyətində məsələ müzakirə olunacaq və qərar veriləcək. Bir sıra hallarda bizi tənqid edənlərin yaşam tərzinə baxanda deyirsən ki, tənqid etməldirilər də. Elə yaşayan, həyata elə gələn insanlar təbii ki, səni, partiyanın xəttini bəyənməz və ləkələməyə çalışar”.
Murad Əhmədov, Bizim.Media