Eynulla Fətullayev Ukraynada müharibə meydanında gördüklərini anlatdı

Eynulla Fətullayev Ukraynada müharibə meydanında gördüklərini anlatdı

Hazırda oxunan: Eynulla Fətullayev Ukraynada müharibə meydanında gördüklərini anlatdı

70881

Məlum olduğu kimi, Haqqin.az portalının rəhbəri, araşdırmaçı jurnalist Eynulla Fətullayev yenidən Ukraynaya gedib. O, artıq müharibə meydanından təsirli reportajlar dərc etməkdə, sosial mediada foto və videolar paylaşmaqdadır.

Onun yazdığı müharibə hekayələri isə qan donduran qəbildəndir. Fətullayev Rusiyanın işğalına və zorakılığına məruz qalan Ukrayna xalqının təmsilçiləri ilə görüşür, onların söhbət və təqdimatları ilə təsirli, faciəvi hekayələri reportaj şəklində yazır.

Eynulla Fətullayev əslində 2 aya yaxın müddətin içərisində iki Ukrayna gördü. O, ilk dəfə Ukraynaya gedərkən müharibə hələ start götürməmişdi; daha sonra başladı, lakin rus işğalı dərinləşməmiş, Rusiyanın vurduğu yaralar da az idi. İndi gedəndə isə o, yəqin ki, başqa bir Ukrayna gördü...

E.Fətullayev Musavat TV-nin 21 aprel tarixli canlı efirində aparıcı Sevinc Telmanqızının suallarını cavablandırıb. Bizim.Media həmin müsahibəni təqdim edir:

- Eynulla bəy, artıq ikinci dəfədir Kiyevə səfər edirsiniz. İlk səfərinizdə fərqli Ukrayna, fərqli Kiyev var idi. İndi isə tamam fərqli Ukrayna ilə üz-üzəsiniz. Reportajlarınız hamımızı təsirləndirir və çox dəhşətli mənzərələri təsvir edirsiniz orada. Necə bir Ukrayna var hazırda sizin gözünüz qarşısında?

- Mən deyərdim ki, müharibənin ilk fazası başa çatdı. Çünki öncə Kiyev, həm də Ukraynanın mərkəzi hissəsi uğrunda döyüşlər gedirdisə, artıq aktiv döyüş əməliyyatları Şərqi Ukrayna istiqamətindədir, orada cəmləşib. Məncə, Rusiya Silahlı Qüvvələri yeni mərhələdə daha çox Donbası zəbt etməyə çalışır. Bildiyiniz kimi, artıq Mariupolda da kritik situasiya yaranıb. Kiyev və Kiyev vilayətində demək olar ki, artıq müharibə yoxdur. Müharibənin izləri ilə gedirik və dünəndən Buça, İrpen, Qastomel, Vozel və Kiyev vilayətinin, Rusiya qoşunlarının nəzarəti altında olduğu və çəkildiyi digər şəhərlərdə olub, müəyyən tədqiqatlar aparmışam, işğalın nəticələri ilə tanış olmuşam. Amma aktiv döyüş əməliyyatları Donbas, Nikolayev, Odessa, yəni Ukraynanın cənub hissəsində getməkdədir.

- Eynulla bəy, sizin reportajlarınızı əbəs yerə “qandonduran hekayələr” adlandırmadım. Çünki orada əksini tapan açıqlamalardan da görünür ki, qadınlarla yanaşı, kişilərə də təcavüz edib rus əsgərləri, dağıdılan evlər, məhv olan həyatlar, qırılmış talelər var. Mübarizliklə yanaşı, təbii ki, bir depressiv, faciəvi mənzərədən çökmüş ukraynalıları da görürsünüzmü? İnsanların əvhal-ruhiyyəsi necədir orada?

Возможно, это изображение 1 человек и на открытом воздухе

- Prinsip etibarilə Kiyevdə həyat tamamilə sönüb. Demək olar ki, Kiyev sakinlərinin böyük əksəriyyəti şəhəri tərk edib. Mən tez-tez küçələrdə gəzirəm, həyatı müşahidə edirəm. Dükanlar bağlıdır, məişət obyektləri qapadılıb. Yəni əlbəttə, həyat sönüb, həyat yoxdur. Çünki şəhərin bütün diqqəti müharibəyə yönəlib. Eyni zamanda Kiyev vilayətində əhali hələ də müharibənin dəhşətlərini, onun nəticələrini yaşayır. Çünki rus ordusu, xüsusilə Çeçenistandan olan xüsusi təyinatlı qoşunlar, eyni zamanda Rusiyanın şimal bölgələrindən olan hərbçilər çox dəhşətli hərbi cinayətlər törədiblər. Dünən mən Buça və İrpen şəhərlərinin merləri ilə müsahibələr etmişəm. Onlar olduqca acı həqiqətlər söyləyirlər. Bəli, əhaliyə qarşı olduqca amansız münasibət olub, xüsusilə Buça və İrpen şəhərlərində həm qadınlara, həm kişilərə qarşı zorakılıqlar olub. Yəni vəhşilik törədilib.

Hazırda həm Buça, həm İrpendə beynəlxalq tədqiqatçılar , eyni zamanda formalaşan beynəlxalq hüquq komissiyası tədqiqatlar aparmaqdadır, meyitlər üzərində məhkəmə-tibb ekspertizası, tədqiqatlar aparılır.
Hakimiyyətin bildirdiyinə görə, çox yaxın vaxtlarda buna rəsmi hüquqi qiymət veriləcək. Əhalinin əhval-ruhiyyəsi... Mən sizə deyim ki, hamı silaha sarılıb. Mən nikbin suallar verdim ki, yəqin bu tərəflərdə müharibə bitdi və savaş ölkənin şərqi və cənubu tərəfə keçdi. Amma əhali o qədər də nikbin deyil. Yenə təkrar edirəm: hamı silaha sarılıb və yeni hücumlar gözləyirlər. Bilirsiniz ki, iki gün öncə Lvov şəhəri şiddətli raket zərbəsinə məruz qalıb. Düzdür, daha çox hərbi infrastrukturlara atırlar, infrastrukturu məhv etmək istəyirlər.

Возможно, это изображение 1 человек и на открытом воздухе

Amma raket və mərmilər mülki əhalinin yaşadığı qəsəbələrə düşür, insanların evlərini zədələyir, insanlar həlak olur. Elə orada, səhv etmirəmsə, 7 nəfər həlak olub, xeyli də yaralı var. Yəni Ukrayna hələ də müharibə dəhşətlərini yaşayır. Mən burada müşahidə edirəm ki, əhalinin Qərbdən, xüsusilə də ABŞ-dan daha çox gözləntiləri var. Amma təəssüf ki, əhalinin gözləntisi, istədiyi qədər hərbi yardım gəlmir. Yəni müasir silahlar gözləyirdilər, o yoxdur. Daha çox sovetdənqalma və Şərqi Avropa ölkələrinin hərbi infrastrukturuna daxil olan silahlar göndərilir. Məsələn, C-300 zenit-raket kompleksləri. Bilirsiniz ki, ABŞ Ukraynaya hərbi təyyarələrin hissələrini göndərir, amma bu, əski sovet təyyarələrinin, MİQ 29-ların hissələridir.

Qərb nümayəndələri bunu onunla izah edir ki, NATO-nun və ABŞ-ın silahlarından istifadə etmək üçün müəyyən döyüş hazırlığı keçməlidir və Ukraynaya bu silahları versələr belə, ondan istifadə edə bilməyəcəklər. Hər halda, məndə belə təəssürat yaranır ki, sanki ukraynalılar boş əllə döyüşür.
Mən müşahidə aparıram, onların silahlarına baxıram və s. Sadəcə, çox böyük fədakarlıq, cəsarət, eyni zamanda işğalçıya qarşı dərin nifrət və öz torpağına bağlılıq, vətənpərvərlik... Ukraynalılar motivasiya və eyni zamanda öz dövlətlərini qorumaq niyyəti ilə bu müharibədə iştirak edirlər, çox böyük fədakarlıq göstərirlər. Amma hazırda müharibənin taleyi, əlbəttə ki, Donbasda həll olunacaq. Qüvvələr nisbəti demək olar ki, eynidir. Hərbi ekspertlərin bildirdiyinə görə, Rusiyanın ora cəmləşdirdiyi qüvvə Donbası istila etməyə imkan vermir. Düzdür, Rusiya ora təxminən 300 minə yaxın canlı qüvvə cəmləşdirib və hazırda İzyum şəhəri istiqamətində çox aktiv döyüşlər gedir. Hazırda onların məqsədi İzyumdan aşağı, Azov dənizi tərəfə istiqamət götürüb, Ukraynanın 44 minlik ordusunu mühasirəyə almaqdır. Çünki Donbasda hazırda haradasa 44 minlik ordu dayanır. Düzdür, Moriupolda gedən döyüşlər Rusiya ordusunun bir hissəsinin diqqətini cəlb edir, o cümlədən Odessa və Nikolayevdə də gedən döyüşlər səbəbindən Rusiya qoşunlarının bir hissəsini orada cəmləşdirib. Amma ümumilikdə əsas döyüş meydanı Donbas olacaq. Hələlik hər hansı proqnoz vermək də olduqca mürəkkəbdir.

Возможно, это изображение 7 человек, люди стоят и на открытом воздухе

- Siz də elə düşünürsünüzmü ki, Avropa və Amerika Ukraynaya yetərli hərbi dəstək vermir? Çünki yerli ictimaiyyətin sanki yalın əllə döyüşdüyü təəssüratını bölüşdünüz, çox maraqlı müşahidə idi. Biz hər gün görürük ki, müəyyən hərbi yardımlar gəlir, amma onlar yetərincə deyil, bu, sadəcə, görüntüdür, deyənlər var. Sizcə, bu taktika niyə seçilib?

- Prinsip etibarilə əlbəttə ki, Rusiya ordusu - mən müharibəni iki fazaya bölərdim - müharibənin ilk fazasında əlbəttə ki, iflasa uğradı, bu, şəksizdir. Amma eyni zamanda Rusiya ordusunun nəhəng hərbi potensialını qiymətləndirməmək olmaz. Bu, əlbəttə ki, böyük ordudur, böyük ölkədir, böyük hərbi potensialı var. Nəhəng orduya qarşı müqavimət göstərmək üçün ukraynalıların yetərincə silah-sursatı, eyni zamanda hərbi potensialı olmalıdır. Hələlik Ukrayna davam gətirir, müqavimət göstərir.

Dünən Fransa çox qeyri-ciddi bir bəyanatla çıxış etdi. Fransa bildirir ki, yalnız müharibə bitəndən sonra Ukraynanın təhlükəsizliyinə təminat verəcək və Ukraynaya hərbi yardım göndərəcək. Müharibə bitəndən sonra Ukraynanın hərbi yardıma ehtiyacı varmı? Əlbəttə, ehtiyacı olacaq, amma bu qədər yox.
Ona görə də gəldiyim nəticə bundan ibarətdir ki, Ukrayna xalqı əliyalın, tək, fədakarlıqla döyüşməkdədir. Bəli, humanitar yardım, maliyyə yardımı böyükdür. Məsələn, iki gün əvvəl ABŞ Ukraynaya 800 milyon dollarlıq daha bir tranş ayırdı. Amma söhbət müasir silah-sursatdan gedir. Elə dünənki çıxışda da etiraf olundu ki, Ukraynanın yetərincə müasir silahı olsaydı, artıq Donbasda və Mariupolda vəziyyət tamamilə fərqli şəkildə cərəyan edərdi. Məncə, artıq Ukrayna ordusu Mariupolu nəzarətdə saxlaya bilməyəcək. Orada “Azov” alayının fədakar və çox cəsarətli nümayəndələri, cəmi 2 min hərbi qulluqçusu qalıb. Düzdür, onlar müqavimət göstərir, amma silah-sursatları bitir və artıq müqavimət də tükənir. Çox güman ki, Mariupolun taleyi həll olunub və Ukrayna Mariupolu itirəcək, bu, gün, bəlkə də saat məsələsidir. Mariupol bitəndən sonra əsas hərbi teatr Donbasdır. Yəni zənnimcə, yaxın on gündə, bəlkə də iki həftədə müharibənin taleyi həll olunacaq.

Возможно, это изображение 6 человек и люди стоят

- Ondan sonra yekunlaşma mümkündürmü? Yəni masa versiyası gündəmə gələ bilərmi?

- Faktiki olaraq Rusiya, Kreml danışıqlara hazır deyil. Niyə? Çünki əsaslı və müəyyən mənada konkret hərbi-siyasi uğuru yoxdur. Düzdür, Rusiya Xersonu, eyni zamanda bir neçə kiçik vilayətləri işğal edə bilib. Amma danışıqlarda uğurlu mövqedən çıxış etmək üçün Rusiya tərəfi hansısa əraziləri işğal etməlidir, nəzarətində saxlamalıdır. Ona görə də Rusiya hər vəchlə danışıqlardan yayınır. Çünki danışıqlarda daha çox məğlub tərəf və yaxud bərabərhüquqlu tərəf kimi təmsil olunacaq. Mənim ehtimallarıma görə, - əlbəttə, bu, versiyadır, amma reallığa bənzəyən versiyadır - əgər Rusiya Donbası işğal edə bilsə, o zaman danışıqlara qatılacaq. Yəqin ki, müharibədə bir fasilə olacaq.

- Amma Pasxa bayramı ilə bağlı 4 günlük fasiləyə Rusiyanın razılaşmaması bir çox mətləblərdən xəbər verir, elə deyilmi, Eynulla bəy? Ukrayna razılaşırsa, Rusiya isə imtina edirsə, bu, o deməkdir ki, konkret məqsədini həyata keçirib, ondan sonra masa arxasında oturmaq istəyir...

- Əlbəttə, mənim dediyim kimidir. Hazırda üstünlük Ukrayna ordusundadır. Çünki Donbas istiqamətində - bu gün əsas mübahisə Donbas uğrundadır - Ukrayna ordusu bütün əsas şəhərləri nəzarətdə saxlayır.
Hətta təmas xəttindəki Ovdiyevka kimi, Donbas istiqamətində olan bir sıra şəhərlər Ukrayna ordusunun nəzarəti altındadır. Ukrayna ona görə tezliklə danışıqlara can atır ki, Donbasın əhəmiyyətli hissəsi üzərində nəzarətini qoruya bilsin. Rusiya isə Donbas hərbi teatrında vəziyyətin dəyişməsinə çalışır. Çalışır ki, artıq müharibəyə bir fasilə verə bilsin və danışıqlara qatılsın. Ona görə mən sizə deyirəm ki, yaxın iki həftədə müharibənin taleyi həll olunacaq. Rusiya Ukraynanın 44 minlik qoşununu və Donbası mühasirəyə ala bilsə,  məncə, artıq danışıqlar masasına gələcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO