“Paşinyan elə ona görə Moskvaya çağrıldı ki, regionda Rusiyanın maraq dairəsində olan bir sıra proseslərə aydınlıq gətirsin. Brüssel görüşündən sonra Paşinyanın mövqeyi və bundan sonra atacağı addımlar, təbii ki, Moskvanı maraqlandırır. Rusiya maraqlıdır ki, bu regionda öz nəzarətini saxlasın və Paşinyan bu nəzarətdən çıxmasın”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıxov bildirib.
Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında aprelin 19-da baş tutan görüşü şərh edən politoloq İrəvan liderinin səfərini zəruri edən digər məqamlara da toxunub:
“Paşinyana qarşı bir sıra müxalifət qüvvələri baş qaldırıblar. Xüsusilə də, onun parlamentdəki çıxışından sonra Nikola qarşı aksiyalar keçirilməyə başlanılıb. Bu, Paşinyanın özünü narahat edən məqamdır. Görünür, burada Paşinyan və Moskvanın maraqları üst-üstə düşür. Çünki Paşinyanın Moskvanın dəstəyinə ehtiyacı var. O, başa düşür ki, müxalifəti xarici qüvvələr dəstəkləməsə, onu devirmək çox çətin məsələ olacaq. Digər məqamlar isə regional proseslərlə bağlıdır. Ermənistan lideri Rusiyanın regionda atdığı addımları dəstəklədi və gedib Moskvaya baş əyərək onun etibarlı müttəfiqi olduğunu, eləcə də bölgədəki hərbi-siyasi bazasının qorunması haqqında öz dəstəyini bildirdi”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı RAZILAŞDILAR
Fikrət Sadıxov Paşinyanın səfərini Rusiyanın maraqları aspektindən də şərh edib:
“Rusiyada müəyyən narahatçılıq var. Əlbəttə ki, Rusiya uzun müddət ərzində Minsk qrupunun həmsədri kimi proseslərə nəzarət edirdi. Sonradan isə sülhməramlıları Qarabağın ermənilər yaşayan bölgəsində yerləşdirməklə regionun bir hissəsinə nəzarət etməyə başladı. Təbii ki, Minsk qrupu dağılandan sonra Brüsselin öz üzərinə vasitəçilik missiyasını götürməsi, Moskvanı narahat edir. Bu da Paşinyan-Putin görüşündə öz əksini tapdı”.
Murad Əhmədov, Bizim.Media