Elman Nəsirov: “Ermənistan parlamentilə iş üzrə komissiyaya üzv olmaq istəyərəm”

Elman Nəsirov: “Ermənistan parlamentilə iş üzrə komissiyaya üzv olmaq istəyərəm”

Hazırda oxunan: Elman Nəsirov: “Ermənistan parlamentilə iş üzrə komissiyaya üzv olmaq istəyərəm”

70250

“Erməni parlamenti ilə iş görmək üçün Milli Məclisin komissiyası yaradılmalıdır”.  
Milli Məclisin sonuncu plenar iclasında deputat Fazil Mustafa tərəfindən səsləndirilən bu təklif böyük maraqla qarşılanıb.

Belə ki, Cənubi Qafqazda sülhün təmin olunması üçün Azərbaycan parlamentinin də müvafiq tədbirlərdə iştirakının əhəmiyyətindən danışan millət vəkili bu cür təşəbbüsün irəli sürülməsinin vacibliyini qeyd edib.

Bəs, Milli Məclisdə Ermənistan parlamenti ilə qarşılıqlı fəaliyyət göstərən komissiyanın yaradılması sülh prosesinə nə kimi töhfələr verə bilər?
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Azərbaycana hərbi yardımı niyə artırdı? – Elman Nəsirov SƏBƏBLƏRİ açıqladı 


Sözügedən məsələ ilə bağlı Bizim.Media-ya fikirlərini açıqlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun sözlərinə görə, bölgədə sülhün təmin olunması üçün qarşılıqlı etimad mühitinin yaradılmasına ehtiyac var və bu istiqamətdə bir sıra mütərəqqi addımlar artıq atılıb:

“Artıq Brüssel sülh gündəliyi müəyyən edilib. Aprelin 6-da baş tutan ikinci Brüssel görüşü bir sıra nəticələrlə yadda qaldı. Onların içərisində ən mühümlərindən biri, iki dövlət və xalq arasında etimad mühitinin formalaşdırılması ilə bağlıdır. Etimad mühitinin formalaşdırılması xalq diplomatisyasının rıçak və imkanlarından istifadə etmək anlamındadır.

Bilirsiniz ki, etimad mühitinin əlaməti olaraq, qarşılıqlı şəkildə hava mühitinin açılması, müdafiə nazirləri arasında birbaşa kontaktın yaradılması, son 30 ildə ilk dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığının olması kimi addımlar atılıb”.
 

Etimad mühitinin yaradılmasında ən mühüm addım kimi dövlət başçıları səviyyəsində münaqişənin başa çatmasından sonra görüşlərin keçirilməsini qeyd edən deputat, sülh prosesində Azərbaycan parlamentinin hansı addımları ata biləcəyi sualına da aydınlıq gətirib:


“Azərbaycan və Ermənistan parlamenti arasında etimad mühitinin formalaşdırılması üçün müxtəlif təmasların yaradılması mexanizmlərinin təşkili ideyasına müsbət yanaşıram.

Hesab edirəm ki, uzunmüddətli sülh prosesinə, regionda davamlı əməkdaşlıq və təhlükəsizlik mühitinin formalaşdırılmasına Azərbaycan parlamentinin töhfə vermək potensialı böyükdür. Analoji addımı Ermənistan tərəfi də atmalıdır. Qarşılıqlı təmaslar parlament diplomatiyası sferasında ümumi, regional sülhün bərpasına mühüm töhfə verə bilər”.

Elman Nəsirov belə bir komissiyanın yaradılacağı təqdirdə onun üzvü olmaq istəyini də dilə gətirib:
 

“Mən Beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmışam. Qarabağ münaqişəsinin təhlili və tədqiqatı sahəsində bir sıra əsərlərin müəllifiyəm və beynəlxalq konfranslarda iştirak etmişəm.


Doğrudan da, belə bir komissiya ideyası reallaşarsa böyük məmnuniyyətlə onun üzvü və iştirakçısı olmaq istəyərəm. Çünki bu cür ağır işlərdə çalışmağın da özünəməxsus məna və əhəmiyyəti var”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO