Səddam Hüseyn müamması davam edir

Səddam Hüseyn müamması davam edir

Hazırda oxunan: Səddam Hüseyn müamması davam edir

6935

Bu gün Səddam Hüseynin edam olunduğu gündür. 2006-cı iln 30 dekabrında, Qurban bayramı günündə İraq diktatorunun edamı dünyada heç də birmənalı qarşılanmamıdı. 

Kiçik yaşlarında atasını itirən, uşaqlığı büyük acılar içində keçən Səddamın ən yaxın “dostu” əlindəki qamçı olub. Uşaqlıq dostları xatirələrində yazırdılar ki, ögey atası onu hər gün döyür, təhqir edirdi. Ətrafdakılar tərəfindən də təzyiqlər edilir, heç kim onu sevmirdi, diqqət göstərmirdi. Əlindəki dəmir qamçı ilə itlərdən və insanlardan özünü qorumağa çalışırdı.

Baxışlarında həmişə bir qorxu vardı, elə bil hər an təhlükə baş verəcəyini gözləyirdi, yaşadığı cəmiyyəti qəbul etmirdi.

Uşaqlıqdan onda hər kəsə, hər şeyə yalnız nifrət hissi vardı. Öz yaxınları tərəfindən qarşılaşdığı zorakılıq, qəddarlıq, zülm Səddamın xarakterinin formalaşmasına  mənfi təsirini göstərib. 

Hakimiyyətə gəldikdən sonra da bu nifrət öz xalqına qarşı çevrildi. İndi də iraqlılar onu həm diktator, həm də əzrayıl, İraqın qatili adlandırırlar. Səddam hakimiyyətdə olduğu illər ərzində xalqına zülm etdi, onlara cəhənnəm əzabı yaşatdı. Təkcə ərəblərə, kürdlərə qarşı deyil, İraq türklərinə qarşı dəhşətli qətllər, soyqırımlar törətdi.

Türkmən qardaşlarımıza qarşı 1991-ci ilin 28 martında Ramazan ayında həyata keçirdiyi Altınkörpü soyqırımı miqyasına, vəhşiliyinə görə ən dəhşətlisidir.

Səddam türklərə nifrət edirdi, türk dilində danışan, evindən türk dilində kitablar, qəzetlər tapılan on minlərlə türkmənin xüsusi qəddarlıqla qətlə yetirilməsinə göstəriş vermib. Kərkükə gələn böyük su kanalının istiqamətini dəyişdirib. Kərkük Türkmənelinin öndə gələn alimlərini, müəllimlərini, fikir adamlarını Əbu- Qreyb zindanına atıb, işgəncələr veririb, sonda edam etdirib.

Düzdür ABŞ da İraqa xoşbəxtlik gətirmədi. İşsizlik, açlıq, terror, hər tərəfi xarabaya çevrilən, hər qarışı tarix olan bir məmləkətin məhvi... Ötən il İraqda olanda bu görüntüləri təəssüflə izləyirdim. Axşam saat 10-dan sonra avtomobil idarə etmək, küçələrə çıxmaq çox təhlükəlidir. Çünki İŞİD hücumları, terroru hələ davam edir.

Amma təəccübləndiyim təkcə bu deyildi. İraqın həm ərəb, həm kürd, həm də türkmən əhalisi inanır ki, Səddam sağdır.

Hətta bu ehtimal rəsmi dairələrdə də aktualdır. Danışırlar ki, Səddam Hüseyn bir neçə il öncə Fransada nəvəsinin dəbdəbəli toyunda da iştirak edib, amma həmin mərasimə qatılan ictimaiyyətdən uzaq durub. Quyudan tapılıb çıxarılan, sonra edam edilən isə Səddamın oxşarı olub... 

Səddam Hüseynin məzarı elə “Səddamın şəhəri” kimi tanınan, doğulub böyüdüyü Tiqrit şəhərindədir. 

2014-cü il iyunun 11-də İŞİD şəhəri ələ keçirmişdi. Şiə hərbi bölmələrinin nümayəndəsi Yair Nuuma həmin vaxt bəyan etmişdi ki, Səddamın məzarı ərazisində xeyli sayda İŞİD silahlıları cəmlənib və onlar məzarı minalayıblar. Terror qruplaşmasının silahlıları və İraq ordusu arasında baş vermiş döyüşlər zamanı məzarın dağıdıldığı bildirilirdi.

Bir neçə il öncə isə həm İraq, həm də xarici mətbuatda çıxan xəbərlərdə qeyd olunurdu ki, Səddamın nəşi həmin məzarda olmayıb. Xalqın qəzəbindən qorxaraq onu Tiqritdə gizli yerdə dəfn ediblər. 2006-cı ilin bu günündə Səddam edam olunsa da, onun barəsində bir-birinə zidd xəbərlər gündəmdən düşmür.  

Ağanisə Sultan, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO