Respublikaçı Alternativ Partiya (REAL) sədri İlqar Məmmədov öz sosial şəbəkə paylaşımında Azərbaycanın ən gənc tərkibli partiyalarının siyahısını dərc edib. 2020-ci ildə keçirilən parlament seçkilərində namizədlərin orta yaş həddinə görə hazırlanan siyahıda ilk pillədə Ağ Partiya qərarlaşıb.
Ölkənin ən gənc siyasi partiyası kimi qiymətləndirilən Ağ Partiyanın başqanı Tural Abbaslı Bizim.Media ilə fikirlərini bölüşüb.
Partiya sədri Ağ Partiyanın digər ölkələrin təcrübəsi ilə müqayisədə gənc olmadığını qeyd edib:
“Əslində hazırki Azərbaycan siyasi arenası ilə müqayisədə gənc komandayıq. Avropa ölkələrində hakimiyyətdə olan siyasi rəhbərliklərin əksəriyyəti Ağ Partiya yaşındadır, bəziləri artıq istefaya belə gediblər.
Nəzərə alsaq ki, Azərbaycanda siyasilərin əksəriyyəti 1989-cu ildə Meydan hərəkatından gələn fiqurlardır. İstər iqtidar, istərsə də müxalifətdə. Doğrudur, son iki ildə iqtidarda bu sahədə müəyyən dəyişikliklərə gedilib. Lakin müxalifətdə bu görünmür, əksəriyyət Meydan hərəkatından çıxıb. Bu aspektdən Ağ Partiyanı gənc saymaq olar”.
Tural Abbaslı gənc kollektivlə çalışmağın müsbət və mənfi tərəflərinə də diqqət çəkib:
“Təbiidir ki, gənc kollektiv daha energetik, ambisiyalı olur, yeni mübarizə üsulları və metodlarına daha yatqındırlar. Bu əsas müsbət tərəfdir. Neqativ tərəfi isə subordinasiya məsələsində, inqilabi ruhda olan adamları idarə etmək asan olmur. Formalaşmış, təcrübəli insanlarla çalışmaq daha rahatdır, nəinki özlərini hər mövzuda doğru hesab edən gənclərlə. Lakin partiyadakı çox şəxsin 15 ildən çox siyasi təcrübəsi var”.
Partiya sədrinin sözlərinə görə, gənc təşkilatların ortaya çıxması istənilən tərəf üçün faydalıdır:
“10 il sonra indiki siyasi fiqurların böyük əksəriyyətinin neçə yaşı olacaq? Onlar Azərbaycan siyasi səhnəsində nə qədər rol oynaya biləcək? Bioloji baxımdan nəzər saldıqda, prosesin davamlılığı zəruridir. Əks halda təsadüfi, təcrübəsiz insanlar rəhbərliyə gələcək. Ona görə də, bu sahədə dövlət də maraqlı olmalıdır”.
Tural Abbaslı Azərbaycanda “kreslonu buraxmaq” təcrübəsinin azlığından da şikayətlənib:
“Bu o qədər də müsbət hal deyil. Təəssüf ki, köhnələrin əksəriyyəti kommunist qafalı idi, yenilərin isə öz işləri ilə bağlı təcrübələri azdır. Kiminsə qohumu, yaxını vəzifə tutur, təcrübə isə sıfır səviyyəsindədir.
Xalq yenilik, dəyişiklik, inkişaf istəyir. Bu dünyanın qanunudur. Biz isə təbii proseslərin qarşısını kəsmək üçün zorlayırıq. Eyni insanlardan müxtəlif performans gözləmək doğru deyil. Ona görə də qan dəyişikliyi lazımdır, yeni, fərqli yanaşmaları olan insanlar siyasi səhnəyə çıxmalıdır”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:45 / 08.04.2022
Tural Abbaslıdan MÜXALİF QÜVVƏLƏRƏ: “Meydandan gələnlərdir və dəyişiklik görünmür”
Hazırda oxunan: Tural Abbaslıdan MÜXALİF QÜVVƏLƏRƏ: “Meydandan gələnlərdir və dəyişiklik görünmür”
Hazırda oxunan: Tural Abbaslıdan MÜXALİF QÜVVƏLƏRƏ: “Meydandan gələnlərdir və dəyişiklik görünmür”
68545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.