Azərbaycan Ordusunun 2016-cı ilin aprelində işğalçı Ermənistan və Qarabağdakı separatçı rejimin qanunsuz silahlı dəstələrinə qarşı həyata keçirdiyi uğurlu əməliyyatdan 6 il ötür. Aprelin 2-də başlayıb 4 gün davam edən hərbi əməliyyat nəticəsində Tərtərin Talış kəndi ətrafındakı yüksəklikləri, rayonun Qazaxlar kəndini, habelə Suqovuşan kəndi istiqamətindəki yolu, Cəbrayılın Lələ təpə, Cocuq Mərcanlı, Goranboyun Gülüstan kəndi düşməndən azad edilir.
Ümumilikdə 2 min hektarlıq ərazi düşməndən azad edilir.
Aprel döyüşlərində əldə edilən nəticənin mühüm daxili, regional və beynəlxalq əhəmiyyəti var.
Ən başlıcası odur ki, bu döyüşlər fonunda dünya birliyi, xüsusən də Ermənistan və onun havadarları Azərbaycan Ordusunun gücünü, qələbə əzmini gördü. Ermənistan ordusunda ruh düşkünlüyünün əsasını qoydu.
Bizim.Media xəbər verir ki, bu döyüşlər Ermənistan ordusu barədə həmin ana qədər yaranan mifi alt-üst etdi. Ermənistan tərəfi anladı ki, Azərbaycan Ordusunun qarşısında tab gətirmək iqtidarında deyil.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür
Həmin hadisə Ermənistanda daxili çəkişmələri daha da qızışdırdı. Uğursuzluğa görə, Ermənistanın 3 yüksək rütbəli hərbi və müdafiə rəsmisi işdən qovuldu.
4 günlük döyüşlə Azərbaycan Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yaradan Talış məntəqəsi, cənubda Horadiz şəhərinə təhlükə yaradan Lələtəpə yüksəkliyi kimi strateji cəhətdən əhəmiyyətli məntəqələrə nəzarəti ələ keçirdi.
Bu qələbədə Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial, ardıcıl, qətiyyətli siyasəti, diplomatiya sahəsində qazanılan uğurların da mühüm rolu vardır.
Aprel savaşı Azərbaycanda həm də iqtidar xalq birliyinin güclü olduğunun bariz nümunəsi oldu. Məhz bu birliyin nəticəsidir ki, düşmən Ordumuz qarşısında tab gətirə bilmədi.
Başlıcası isə aprel döyüşlərini Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük müharibəsində əldə etdiyi Zəfərin baş məşqi də adlandırmaq olar. Məhz aprel döyüşlərilə 44 günlük müharibədə əldə edilən möhtəşəm qələbənin əsası qoyuldu.
Aprel savaşı Azərbaycanın beynəlxalq arenada nüfuz və hörmətinin artmasına daha geniş miqyasda stimul verdi. Vaxtilə ölkəmizi saya salmayan bir sıra aparıcı dövlətlər məhz həmin hadisədən sonra Bakı ilə bir çox məsələlərdə hesablaşmalı, onun rəyini nəzərə almalı oldular.
Rüfət Sultan, Bizim.Media