Zahid Oruc: ”Erməni Qarabağda dinc yaşamaq istəyirsə...”

Zahid Oruc: ”Erməni Qarabağda dinc yaşamaq istəyirsə...”

Hazırda oxunan: Zahid Oruc: ”Erməni Qarabağda dinc yaşamaq istəyirsə...”

68081

“Azərbaycan ordusunun Xocalının Fərrux kəndi və ətrafdakı yüksəkliklərə nəzarətindən sonra ABŞ Dövlət Departamenti və bir sıra konqresmenin verdikləri açıqlamaları qəbuledilməz sayırıq. Əvvəla, torpaqlarımızda ikinci ölkənin silahlı qüvvələrinin yolverilməzliyi dəfələrlə bəyan edilib və Xankəndi də daxil bütün ərazilərdə sülhün qarantı Azərbacan dövləti və ordusudur.

Ona görə də Xocalıya, Əsgərəna, yaxud Kəlbəcərə yaxın ərazilərdə yeni Ohanyan səddi, yaxud təmas xətti düzəltmək mümkün deyil. Beləliklə, son hadisələr, iki il əvvəlki savaşın davamı sayıla bilməz, çünki prezidentin “müharibə bitib” bəyanatı qüvvədədir və belə lokal gərginliklər “sülh müqaviləsi”nin imzalanmamasının birbaşa nəticəsidir”

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

Onun sözlərinə görə, əməliyyatın İrəvan tərəfindən “ermənilərin regiondan tam etnik təmizlənməsi” planı adlandırılması həqiqəti əks etdirmir:

“Çünki Ordumuz mülki ermənilərlə savaşmır, digər tərəfdən erməni silahlı qüvvələrinin Qarabağdakı qalıqları nə ordu sayıla bilər, nə də yeni ərazi işğalları həyata keçirməyə qadir olan qüvvə. Azərbaycan ərazisində yalnız bir ordu var! Ona görə də sülh arzulayan erməni Qarabağda dinc yaşamaq istəyirsə, silahını öz millətçi-faşist qüvvələrinə qarşı çevirsin!”.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin plenar iclası başladı – 17 məsələ müzakirə ediləcək


Zahid Oruc hesab edir ki, Azərbaycanı Rusiya sülhməramlı qüvvələrlə toqquşdurmağa və belə planın arxasında gizlənməyə çalışanlar açıq görünür:

“Lakin Azərbaycan dövləti sülhyaradıcı qüvvələrə dəqiq məsuliyyət zonası  və hüquqi çərçivə yaratdığından imzaladığı prinsiplərə sadiqdir. Geniş auditoriyası olan xarici media orqanlarında, eləcə də Serbiya prezidentindən müxtəlif ekspert cəmiyyətlərinə qədər Rusiya-Ukrayna savaşı ilə Qarabağdakı hadisələr arasında paralellər aparılması, bağlantılar qurulması, ölkəmizin “ikinci cəbhə” açdığına dair iddialar sürülməsi  44 günlük müharibədən sonra regiondan çıxarılmış qüvvələrin daha çox işinə yarayır. 90-cı illərdən fərqli olaraq, xalqımız belə ssenariləri görür və 44 günlük savaşın nəticəsində kənarda qalan dövlətlərin bu yolla bölgəyə qayıtmasına qətiyyətlə qarşıdır”.

Deputatın fikrincə, dünya tarixində ən böyük absurd, “Minsk qrupu”nun varlığı və onun üzvlərinin son hadisəyə eyni mövqedən verdiyi qiymətdir:

“Necə ola bilər ki, yüzdən artıq dövləti Moskva əleyhinə birləşdirməyi bacaran və bütün iqtisadi, siyasi, hərbi təşkilatlardan Rusiyanı çıxaran Amerika və Fransa dövlətləri Fərrux kəndi kimi dünya siyasəti üçün çox kiçik hadisədə vahid cəbhədən çıxış edirlər. Yəqin, Qarabağa aid olmayan Minsk Qrupu Amerika və Rusiyanın tək ittifaqı kimi dünya tarixində əbədi qalacaq!”.

Zahid Oruc bildirir ki, hazırkı Ukraynada savaşın kökləri SSRİ-nin dağılması zamanı Qarabağdan başlayan hadisələrə düzgün qiymət verilməməsi təşkil edir:

“Təəssüf ki, 44 günlük müharibədən sonra ərazi bütövlüyünü təmin etmiş Azərbaycana eyni yanaşmanı tətbiq edirlər. Bir sıra dövlətlər Qafqazda və Azərbaycanda itirdikləri mövqeləri geri qaytarmaq üçün ən kiçik toqquşmalardan istifadə etməyə hazırdılar. Biz dünyaya deyirik: Ukraynaya göstərdiyiniz total dəstəyi ölkəmizə münasibətdə də təkrarlamağınızı gözləmirik, lakin heç olmasa, qarşımızda durmayın. Bu hüquqa və ədalət prinsiplərinə dair bəyanatlarınızı kağız parçasına çevirir!”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO