Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Almatı şəhərində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə müxtəlif sahələri əhatə edən Azərbaycan-Rusiya münasibətlərinin vacib istiqamətlərindən biri kimi parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Parlamentlərin xalqlar arasında oynadığı körpü roluna istinadən iki ölkə arasında humanitar əlaqələr də müzakirə mövzusu olub.
Görüş zamanı humanitar sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib, bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu mənada, Rusiyada Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinin, Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumunun təşkilinin insanlar arasında əlaqələrin gücləndirilməsi baxımından faydalı olduğu bildirilib.
Görüşdə iqtisadi-ticari əlaqələr də müzakirə olunub. Ötən ilin sonunda qarşılıqlı ticarət dövriyyəsinin 16 faiz artaraq 3 milyard ABŞ dollarından çox olması mühüm göstərici kimi qeyd edilib. İnvestisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxunulub.
Həmçinin, regionlararası əməkdaşlığın və bu istiqamətdə təşkil olunan forumların praktiki layihələrin reallaşdırılması baxımından ikitərəfli əlaqələr çərçivəsində xüsusi yer tutduğu vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova görüşdə Vətən müharibəsində ölkəmizin əldə etdiyi qələbədən sonra regionda yeni yaranmış vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri barədə də məlumat verərək, qeyd edib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatına sadiqdir.
Lakin həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir.
Spiker regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün bəyanatda nəzərdə tutulan bütün prinsiplərin yerinə yetirilməsinin vacibliyini bir daha qeyd edib.
Görüşdə Sahibə Qafarova Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlərlə bağlı etirazını Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun diqqətinə çatdırıb.
Valentina Matviyenko məsələnin araşdırılacağını və müvafiq addımlar atılacağını qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:05 / 29.03.2022
Milli Məclisin sədri Federasiya Şurasının sədri ilə görüşdü
Hazırda oxunan: Milli Məclisin sədri Federasiya Şurasının sədri ilə görüşdü
Hazırda oxunan: Milli Məclisin sədri Federasiya Şurasının sədri ilə görüşdü
67010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.