Xəbər verdiyimiz kimi, ADP sədri Sərdar Cəlaloğlu ASDP sədri Araz Əlizadənin Ukrayna-Rusiya savaşında açıq şəkildə ikinciyə dəstək verməsini II Dünya Savaşında bəzilərinin Hitleri dəstəkləmələrilə eyniləşdirib:
“Bu gün Ukraynanın azadlıq savaşında Araz Əlizadə kimilərinin Rusiyanı müdafiə etməsi, vaxtilə Hitleri müdafiə etməkdən heç nə ilə fərqlənmir. Ona görə də belələrinin Rusiyanı dəstəkləmələrindən narahat olmağına dəyməz. Çünki Azərbaycan dövləti və xalqı bütövlükdə Ukraynanı dəstəkləyir”.
MÖVZU İLƏ BAĞLI:
Sərdar Cəlaloğlu Araz Əlizadəni Vətənə xəyanətdə suçladı
Araz Əlizadə Bizim.Media-ya açıqlamasında ADP sədrinin bu bənzətməsinə eyni tərzdə cavab verib.
O, Sərdar Cəlaloğlunun Ukraynanı dəstəkləməklə faşistləri dəstəklədiyini bildirib:
“Vətənə xəyanətdə ancaq Sərdar Cəlaloğlu və qardaşını günahlandırmaq olar. Onlar Ukraynanı dəstəkləməklə faşistləri dəstəkləyir. Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməkdən başqa ayrı çarəsi yox idi.
Çünki Kiyev NATO üzvü olardısa, buradan raketlər 4 dəqiqəyə Moskvanı vuracaqdı. Ona görə də Putin əvvəlki təkliflərinin rədd olunması fonunda ayrı çıxış yolu olmadığından hərbi tədbir görməyə məcbur oldu.
Demirəm ki, müharibə yaxşıdır, demirəm ki, Rusiya Ukraynaya hücum etməkdə yaxşı edib. Amma Sərdar Cəlaloğlu kütbeyinliyilə dərk etsin ki, Putin Rusiyanın gələcəyini düşünməlidir”.
Rövşən, Bizim.Media