ABŞ Çini açıq konfliktə təhrik edir

ABŞ Çini açıq konfliktə təhrik edir

Hazırda oxunan: ABŞ Çini açıq konfliktə təhrik edir

6681

ABŞ prezidenti Donald Tramp ABŞ-ın pandemiya üçün yardımı və xərcləmə paketinə Tayvan və Tibetə dəstəyin də əlavə edilməsi haqqında qərar imzalayıb. Sənəddə Tayvanla əlaqələrin genişləndirilməsi ilə yanaşı, Tibetdə insan haqlarının vəziyyəti, pandemiya kimi istiqamətlər də yer alır.

Xatırladaq ki, ABŞ-ın müəyyən etdiyi pandemiya üçün yardımı və xərcləmə paketi 2.3 trilyon dollar həcmindədir. Sənədin ABŞ-a Tayvan və Tibetə yardımların həcminin daha da artırılmaq üçün imkan verəcəyi qeyd edilir.

Lakin sənədin imzalanması Çinin sərt reaksiyasına səbəb olub. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian, Çinin sənədə “qətiyyətlə qarşı olduğunu” qeyd edib. 

Çin hökumətinin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq əzminin qəti olduğunu qeyd edən nazirlik nümayəndəsi, ABŞ-ı “Çini hədəf olan əməllərindən” çəkinməyə çağırıb.

Xüsusilə Tibetin adının sənədə daxil edilməsini Çin hökümətinin öz daxili işlərinə qarışmaq kimi qiymətləndirdiyini bildirib.

ABŞ prezidentinin ofisindən verilən məlumatda isə "ABŞ, Tayvanın beynəlxalq səviyyədə əhəmiyyətli müttəfiqi, azadlıq və demokratiya dəyərlərini bölüşdüyü ortağıdır" sözlərinə yer verilib.

ABŞ Konqresi daha öncə də 2020-ci il üçün “Tayvan Zəmanət Qanunu” və “Tibet Siyasəti və Dəstək Qanunu” adlı iki layihəni təsdiq etmişdi.

Analitiklərin fikrincə ABŞ prezidenti tərəfindən imzalanmış sənəd regiondakı gərginliyi daha da artıracaq. Çünki ABŞ ilk dəfə rəsmi olaraq Tibetə də yardım göstəriləcəyini ifadə edib. Bu Tibet bölgəsindən tarixən də var olan separatçı meylləri daha da güclənməsinə səbəb olacaq. Tibet bölgəsi Çinin Hindistanla münaqişə yaşadığı strateji bölgə hesab olunur. 

Digər tərəfdən ABŞ yardım adı altında Tayvanla əməkdaşlığını daha da artıracağı ehtimal olunur.

Bu əməkdaşlığın böyük bir hissəsi isə Tayvana silah satışı istiqamətində həyata keçirilir. ABŞ-ın yeni ildə də Tayvanı ciddi şəkildə silahlandırmağa davam edəcəyi gözlənilir. 

Çinin baş verənlərə qarşı reaksiyasının necə olacağı isə maraqla gözlənilir. Son 6 ay ərzində Çin  ABŞ-la gərginliyin fonunda öz təmkinliyini qoruyan tərəf olub. Növbəti ildə də bu strategiyanın davam edib etməyəcəyi isə sual altındadır. Mövcud şərtlərdə ABŞ hər keçən gün Çinin qırmızı xətlərini pozmağa davam edir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO