AMEA evdən işləyir – QURULTAYDAN XƏBƏR YOXDU!

AMEA evdən işləyir – QURULTAYDAN XƏBƏR YOXDU!

Hazırda oxunan: AMEA evdən işləyir – QURULTAYDAN XƏBƏR YOXDU!

6369

AMEA-nın qurultayının keçirilməsi ilə bağlı Bizim.Media olaraq, “Mətbuat və informasiya” şöbəsinə iki gün zəng etsəm də, telefona cavab verən olmadı.

Düşündüm ki, hələ bayram tətili başlamayıb, odur ki, sovet dövrünü xatırladan akademiyanın rəsmi saytından RH-nin heyəti bölməsində uzun uzadı qeyd edilən nömrələrlə əlaqə saxlamağa çalışdım. Nəhayət ki, vitse-prezidentlərin birinin köməkçisi telefonu qaldırdı.

Cavabı, “mən bilmirəm, gözləyin başqasını çağırım, çox adam işə gəlmir” oldu. Bir neçə dəqiqə sonra dəstəyi götürən xanım elə sualıma sualla cavab verdi, “akademiyanın qurultayı keçirilməlidir ki?”...

İzah edəndən sonra mobil nömrəmi yazdı və dedi ki, əlaqə saxlayıb, suala cavab verəcəklər. O da məlum oldu ki, koronavirus səbəbindən  AMEA-da Elmar Məmmədyarovsayağı “evdən işləyirlər”....

Ən sonda “Mətbuat və informasiya şöbəsinin əməkdaşı Yetər Kərimli, onlarda qurultayla bağlı heç bir məlumat olmadığını, əgər keçirilərsə, pandemiyaya görə onlayn baş tutması ehtimalını bildirdi.

Bakının mərkəzində onlarla bərbəzəkli binaları, 40-dan artıq institut, çox sayda regional bölmələri, regional elmi mərkəzləri və s. olan quruma hər il dövlət büdcəsindən kifayət qədər yüksək vəsait ayrılır. Ramiz Mehdiyevin könəlmiş idarə etmə sistemi ilə “işləyən” AMEA-nın fəaliyyətinə ehtiyac varmı?...

AMEA bir dövlət qurumu olaraq ləğv edilməlidir

İqtisadçı Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında Azərbaycanda Elmlər Akademiyasının sovet dövründən qalma bir qurum və elmə yanaşma olduğunu bildirdi.

Qeyd etdi ki, sovetlərə bu kontinental Avropadan, əsasən də, alman mədəniyyətindən keçib.

“Əvvəlcə Rusiya imperiyası, sonra isə sovetlər bunu başqa bir formada reanimasiya etdi” deyən N. Cəfərli, Avropanın bu sistemdən artıq çoxdan imtina etdiyini vurğuladı. Onun sözlərinə görə, dünya ölkələrində Milli Akademiyalar qeyri-hökumət təşkilatları kimi formalaşıb, yəni akademiklərin birliyi kimi fəaliyyət göstərir:  

“Orada müəyyən müzakirələrin aparılması platforması formalaşır. Elmin özü isə bütün dünyada çoxdandır universitetlərin tərkibindədir. Yeri gəlmişkən, Amerikada, Yaponiyada həmişə belə olub və elmin inkişafına təkan verən əsas amilə çevrilib”. 

N. Cəfərli hesab edir ki, Azərbaycanda isə, AMEA bir qurum kimi artıq köhnəlib, nüfuzdan düşüb və oranın fəaliyyəti ilə bağlı heç bir ciddi irəlləyiş, kəşflər yoxdur:

 

“Böyük elmi jurnallar, elmi məqalələr görmürük. Ona görə də bu qurumun indiki formada fəaliyyət göstərməyi çox mənasızdır. Biz ictimai çıxışlarımızda bunu çoxdan təklif edirik ki, AMEA bir dövlət qurumu olaraq ləğv edilməlidir, elm universitetlərin nəzdində olmalıdır. Elmlə, universitetlərlə biznesin, yəni iş dünyasının bağı qurulmalıdır. Çünki elm həm də maddi təminatlar yaratmalıdır. Elmi kəşflər, elmi araşdırmalar  iqtisadi fürsətlərin genişləndirilməsinə xidmət etməlidir. 

 

İqtisadçı hesab edir ki, Elmlər Akademiyası ayrıca qurum, yəni qeyri-hökumət təşkilatı kimi alimləri birləşdirən bir platforma, diskussiya, beyin mərkəzi kimi qala bilər və dünyanın hər yerində olduğu kimi, dövlət büdcəsindən deyil, qrantlar hesabına fəaliyət göstərməlidir.

“Dövlət də qrant verə bilər” deyən həmsöhbətimiz, vurğuladı ki, bu müəyyən dövlət qurumları  üçün araşdırmalar, platformalar, mövqe sənədlərinin hazırlanması, elmi araşdırılması üçün sifarişlər əsasında ola bilər.

Eyni zamanda, dünyadakı mövcud olan praktikaya uyğun digər mənbələrdən də qrant ala bilmələrinin mümkünlüyünü diqqətə çatdırdı.  AMEA-nın isə sırf qht kimi fəaliyyət göstərməsi daha doğru olduğunu bildirdi. 

Ramiz Mehdiyev AMEA-da maşın qarajının açılması ilə yadda qalıb

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, AMEA-nın dövlət qurumu olaraq fəaliyyət göstərməsi mənasızdır, özünü doğrultmur və ləğv olunmalıdır. Onun sözlərinə görə, quruma daxil olan çoxsaylı institutlardan hansınınsa fəaliyyəti qənaətbəxş ola bilər:

“Tutaq ki, Fizika institutu və ya Neft Araşdırmaları ilə bağlı institut tələblərə uyğun çalışır. Mütləq deyil ki, bunlar AMEA-nın tərkibidə olsun. Elə müstəqil olaraq fəaliyyətlərini davam etdirə bilərər. Dünyanın müxtəlif ölkələrində bu tipli institutlar mövcuddur”.

Politoloqun sözlərinə görə AMEA-nı saxlamaq, dövlət büdcəsindən ora böyük vəsaitlər ayırmaq absurddur. E. Şahinoğlu “sual oluna bilər ki, ortada hansı ixtiralar, kəşflər, elmi nailiyyətlər var” deyə, bildirdi ki, Ramiz Mehdiyevin ora təyin olunması heç nəyi dəyişməyib: 
 

“Bu müddətdə Ramiz Mehdiyev yalnız hansısa maşın qarajının açılması yadda qalıb. Akademik  nə vaxt bir elmi ixtiranı təqdim etdi və ya bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda rəhbərlik etdiyi qurum hansı nailiyyəti, araşdırmanı ortaya qoydu? Bu istiqamətdə hər hansı kiçik bir fəaliyyəti yoxdur”.


E. Şahinoğlu Azərbaycanın ən böyük dövlət qurumlarından biri olan AMEA-nın özünü doğrultmayan, yararsz fəaliyyətinə ehtiyac olmadığını vurğuladı və bildirdi ki, elə ölkələr var, orada analoji qurum yoxdur, amma çox sayda elmi kəşfləri, ixtiraları var.

Ağanisə Sultan, Bizim.Media                  
 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO