Rusiyanın siyasi analitiki Oleq Kuznetsov azərbaycanlı redaktorlara xəbərdarlıq edib. O, Ukrayna Silahlı Qüvvələrinin 72-ci SIPO Mərkəzindən alınan məlumatların saxta olduğunu və Azərbaycan mediasında bununla bağlı məlumatların yayılmasına etiraz edib. Həmçinin bildirib ki, hərbi əməliyyatlardan sonra Rusiya hökuməti Azərbaycanın media rəhbərləri barəsində cinayət məsuliyyəti tətbiq edəcək, hətta onları beynəlxalq axtarışa verəcək.
Siyasi şərhçinin təhdid xarakterli açıqlaması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı bir neçə media rəhbərləri mövqelərini Bizim.Media-ya açıqlayıblar.
Azərbaycan Jurnalistlər Birliyinin sədri “Ayna-Zerkalo” qəzetlərinin təsisçisi Elçin Şıxlının sözlərinə görə müasir dünyada informasiya almaq üçün tək Rusiya kanallarına deyil, dünyanın bütün KİV-nə baxmaq kifayətdir:
MÖVZU İLƏ BAĞLI:
Oleq Kuznetsovdan azərbaycanlı redaktorlara XƏBƏRDARLIQ – “Beynəlxalq axtarışa veriləcəksiniz”
“Xüsusilə bir-iki xarici dil bilirsənsə, məsələnin nə yerdə olduğunu anlıyırsan.Kuznetsov kimdir ki, haranın zibilidir? İndi Rusiyada hər “idiot” bir söz deyəcək, ona fikir bildirək? Kuznetsov deyib, cəhənnəmə desin. Əslində saxta və “feyk” xəbərləri yayan elə Kuznetsov kimi zir-zibillərdir. Sözün doğrusu Ukrayna televiziyası və mənbələrinə baxmadan da işin nədən ibarət olduğunu anlamaq olur. Bunu yalnız Kuznetsov və onun kimi ikiüzlü alçaqlar, kütbeyinlər anlaya bilmir. Məgər Rusiyanın Ukraynaya hücum etdiyini və ölkəni darmadağın etməyini görmək üçün Ukrayna televiziyasına baxmaq lazımdır?”
Elçin Şıxlı Kuznetsovun azərbaycanlı baş redaktorlara təhdidini qeyri-ciddi addım kimi dəyərləndirib:
“Küznetsov getsin əvvəlcə Rusiyanın beynəlxalq ictimaiyyət tərəfindən necə bloklandığını düşünsün, ondan sonra gəlib bizi beynəlxalq axtarışa verər”.
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyd edib ki, Oleq Kuznetsov vaxtilə azərbaycanın haqq mübarizəsinə dəstək vermiş bir fikir adamıdır:
“Ona hörmətimiz var. Amma bu cür reaksiyaları situativ xarakter daşıyır. Zamana görə dəyişəcək. Necə ki, tanınmış Rusiya jurnalisti Maksim Şevçenkonun fikirləri qısa müddətdə dəyişdi. Əminəm ki, Oleq Kuznetsovun da fikirləri dəyişəcək və bizlə bir sırada dayanacaq. Hazırda Rusiya Ukraynaya təcavüz və işğalçılıq siyasəti həyata keçirməkdədir. Bu baxımdan savaş meydanından xəbərlər yazanda təbii ki, balansı gözləyə bilmirik. İşğal prosesini yaşamış bir cəmiyyət kimi işğalçının deyil, işğal olunanın tərəfində xəbərlər yayırıq. Digər tərəfdən də Rusiyadan doğru-dürüst informasiya əldə etmək qeyri-mümkündür. Yalnız bir mənbədən məlumat yayılır. Ukraynada isə tam əksinədir”.
Rauf Arifoğlu Kuznetsovun Azərbaycan mediasını hədələnəsi məsələsinə də münasibət bildirib:
“Ondan qorxub çəkinmirik. Oleq Kuznestsov Rusiyanın maraqlarını müdafiə edir, amma hazırda bütün dünya onlara qarşıdır. Bir ziyalı, araşdırmaçı kimi bu faktı düşünsün. Niyə dünya və hər kəs Rusiyaya qarşıdır?”
Yeni Çağ Media Qrupunun baş direktoru Aqil Ələsgər isə qeyd edib ki, “Çox təssüf ki, Azərbaycanın hesabına nüfuzu artan Oleq Kuznetsov bütün məsələlərə imperial nəzərlərlə baxır. Hesab edir ki, Ukrayna ilə Rusiya döyüşürsə, Azərbaycan birmənalı olaraq Rusiyanın tərəfində olmalıdır. Əsrlərlə işğalçılardan əziyyət çəkdiyimizdən təbii ki, ukraynanın işğal olunmasını istəmirik.
Bunu Oleq istəsə də, istəməsə də edəcəyik. Yaxşı olar ki, Oleq hər ay aldığını alıb, işi ilə məşğul olsun. Hər kəs müstəqil şəkildə mövqeyini ortaya qoyur. Bunun Oleqi də, Saşası da, İvanı da anlamalıdır. Dövlətlər arasında müqavilə ola bilər. Bu dövlətlərin mövqeyidir. Amma xalqların mövqeyi hər hansı müqavilələrin öhdəliyi ilə ölçülmür”.
Alçina Amilqızı, Bizim.Media