Azərbaycan “no war”çılarının ƏSL ÜZÜ - “Sülh göyərçin”liyindən “quzğunluğa” təkamül edənlər

Azərbaycan “no war”çılarının ƏSL ÜZÜ - “Sülh göyərçin”liyindən “quzğunluğa” təkamül edənlər

Hazırda oxunan: Azərbaycan “no war”çılarının ƏSL ÜZÜ - “Sülh göyərçin”liyindən “quzğunluğa” təkamül edənlər

63131

“Müharibə öldüyünüzdə deyil, düşmənə bənzədiyinizdə sona çatır” - Bosniyanın mərhum dövlət başçısı Aliya İzzetbeqoviçə məxsus olan bu ifadələr müharibəyə verilən təriflər içərisində bəlkə də ən təsirlisidir.

Artıq bir həftəyə yaxındır ki, bütün dünyanın diqqəti Ukraynada davam edən müharibəyə yönəlib.

Azərbaycan bəlkə də bu gün Ukraynalıların apardığı mübarizəni ən yaxşı başa düşən, onlarla eyni hissləri bölüşən azsaylı dövlətlərdəndir. Cəmi 1 il əvvəl minlərlə vətəndaşı ərazi bütövlüyü uğrunda canından keçən bir ölkə olaraq Azərbaycanı başqa cür təsəvvür etmək də çətindir. Vətəni, ərazi bütövlüyü, süverenlik və gələcək nəsillərin taleyi üçün aparılan mübarizə hər iki xalqı birləşdirən dəyərlərdir.

Lakin hər zaman müqəddəs dəyərə malik olan bu ideyalar cəmi bir il əvvəl bəzi şəxslər tərəfindən amansız tənqid atəşinə tutulurdu. Özlərini “no war”-çı adlandıran və marjinallaşmış şəxslər tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda aparıdığı müharibə məqsədli şəkildə tənqid atəşinə tutulurdu. 

Səbəbi hikməti bilinməsə də, gözü yaşlı erməni analarının qayğısını çəkən bu şəxslərin mövqeyi sülhsevərlik, humanizm kimi təbliğ olunurdu. Bir çox xarici resurslar tərəfindən “sülh göyərçinləri”nə çevrilənlər çox asanlıqla Azərbaycanı və onun ərazi bütövlüyü uğurunda apardığı mübarizəni hədəf almaqda davam edirdi. Necə deyərlər həmin 44 gündə çölümüz özgəni, içimiz isə özümüzü yandırmağa davam edirdi.

Xankəndində bir bunkerdə Maria Remark oxuyaraq dünyaya “sülh” mesajı verməyə çalışan erməni gəncləri kimi, bizim “no war”-çılarımız da haqlı mübarizənin, çadır şəhərciklərinin və kütləvi məzarlıqların fonunda ikrah hissi doğururdu.
 

Ancaq ömrü az olan peşələr kimi, bu “sülh göyərçinliyi” də qısa zamanda öz həqiqi xislətini göstərəcəkdi.


Tarixlər 24 fevralı göstərdiyində müharibənin dəhşətlərindən danışan, bir insan həyatının bütün dünyaya bədəl olduğuna inanan, hakimiyyətləri cinayətlərdə ittiham edən “no war”-çılar sanki qeybə çəkildilər. Onların yerinə isə müharibənin zərurətindən, haqlı ideyalar uğurunda, faşizmə qarşı aparılan mübarizədən danışan alovlu Corc Oruellər peyda oldu. Ən təəccüblüsü isə cəmi 1 il fərqlə hər iki ideyanı dəstəkləyənlərin eyni şəxslər olması idi.

44 günlük müharibə dövründə dinc əhalini hədəf alan erməni faşizminə qarşı mübarizəni tənqid edən Qiyas İbrahimovlar, Nərmin Şahmarzadələr, Gülnarə Mehdiyevalar, Bəhruz Səmədovlar və onlar kimi bir çox solçu, liberal və feministlər 2022-ci ilin fevralında müharibənin ən fəal dəstəkçiləri oldu. 

ERMƏNİ ANALARININ GÖZ YAŞLARININ QAYĞISINI ÇƏKƏN “NO WAR”-ÇILAR NİYƏSƏ BU DƏFƏ UKRAYNA ANALARININ VƏ KÖRPƏLƏRİNİN GÖZ YAŞLARINI ÖNƏMSƏMƏDİ. 44 GÜNDƏ İŞĞALÇINI DƏSTƏKLƏYƏN ŞƏXSLƏR BU DƏFƏ MÖVQE DƏYİŞDİRMƏYİ SEÇDİ.

Bərdə, Tərtər, Gəncə ballistik raketlərdə atəşə tutulan zaman müharibəyə qarşı işğalçı ermənilərlə birgə bəyanat imzalayan şəxslər niyəsə bu gün silaha sarılmağı məsləhət gördü. Sülh aktivizmini sosial şəbəkələrdə erməni həmkarlarına taktika verməyə qədər inkişaf etdirən şəxslər bu gün eyni əməllərini Ukrayna cəbhəsində davam etdirməyi uyğun gördü. Corc Oruelin də dediyi kimi, pasifistlər, sülh tərəfdarları əslində faşizmin tərəfdarları idi.

Bəs görəsən nə baş verdi ki, xəmirləri pasifizmlə və sülhpərəstliklə yoğrulmuş bu şəxslərin içərisində birdən birə mübariz döyüşçü “baş qaldırdı”? İdeoloji səmimiyyətin pik nöqtəsinə çatan Qiyaslar, Nərminlər, Gülnarələr və Bəhruzları 180 dərəcə dəyişməyə vadar edən səbəblər nə oldu? Faşizmə qarşı mübarizə ancaq Qafqazda olduğu, ermənilərə qarşı yönəldiyi zamanmı pis olur? 

Suallar çoxdur, lakin açıq şəkildə “bütün vətənpərvərlər əxlaqsızdır” deyə bar-bar bağıran bu şəxslərin, bu gün müharibəyə səsləməsi, şəhərlərin bombalanmasına, dinc sakinlərin ölümünə göz yumması və bunu necəsə əsaslandırmağa çalışmasının adı nədir? Mübariz İbrahimovu “cinayətkar” adlandıran şəxslər Ukrayandakı insan ölümlərinə niyə susur görəsən? İstər ideoloji ikiüzlülük deyin, istərsə də başqa və daha konkret ifadə ilə adlandırın fərq eləmir.

44 günlük müharibə dövründə canfəşanlıq edən “göyərçinləri” bu gün “quzğun” olaraq görmək əslində bir çox mətləblərdən xəbər verir. Bu günün dünyasında bir daha aydın olur ki, Qiyasların, Nərminlərin, Gülnarələrin, Bəhruzların və digərlərinin nə sülhlə, nə də müharibə ilə yaxından uzaqdan əlaqələri yoxdur. Bu şəxslərin tək düşməni Azərbaycan, Azərbaycanın lehinə olan hər şeydir. Öz şəxsi qərəzlərini kinə və nifrətə çevirən, hər fürsətdə intiqam hissi ilə alışıb yanan bu şəxslərin tək dərdi Azərbaycandır. Kiçik beyinlərindəki “Heyvanıstan”dan kənara çıxmağa bacarmayan bu şəxslər üçün 2+2=5 məntiqinin keçərli olduğu aydındır. 
 

Doğruların hər zaman ortaya çıxmaq kimi pis bir xüsusiyyəti var deyiblər. Görünən odur ki, “no war”-çılarımızın həqiqətdə kim olduğunun, hansı məqsədə və mərama xidmət etdiklərinin ortaya çıxması da məhz bu günə qismətmiş.


Dünən sülh tərəfdarı, bu gün müharibə dəstəkçisi olan şəxslərin cəmi bir neçə gün sonra 8 martda hansı qabığa bürünəcəklərini təsəvvür etmək elə də çətin deyil.

Allah heç kimə “düşməninə” bənzəməyi nəsib etməsin...

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO