Prezidentə məktub: ''Bizim ən böyük dəstəkçimiz olmusunuz''

Prezidentə məktub: ''Bizim ən böyük dəstəkçimiz olmusunuz''

Hazırda oxunan: Prezidentə məktub: ''Bizim ən böyük dəstəkçimiz olmusunuz''

6242

 
Vətən Müharibəsində əldə edilən Qələbə münasibətilə ASAN könüllüləri Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıblar.

Bizim.Media həmin məktubu sizə təqdim edir:
  
''Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Bu gün biz gənc, amma müstəqil Respublikanın vətəndaşlarıyıq. Bu gün biz fəxr edirik ki, nadir inkişaf modeli nümayiş etdirən, gənc olmasına baxmayaraq, heç bir təsir altında qalmadan beynəlxalq müstəvidə öz sözünü deməyə qadir olan, təcrübəsini bölüşən müasir, qüdrətli, müstəqil bir ölkənin vətəndaşlarıyıq.

Tarixən ölkəmizin, xalqımızın keçdiyi bütün keşməkeşli yollara, hadisələrə rəğmən dik, mübariz şəkildə dayanması, Vətən uğrunda, torpaqlarımız uğrunda bir saniyə belə düşünmədən canını verməyə hazır olması bugünkü gəncliyimizin də özəyində özünü büruzə verməkdədir.

ASAN könüllüləri olaraq fəaliyyətə başladığımız ilk gündən etibarən, gənclərdə vətənpərvərlik ruhunun artırılması, onların hərbi vətənpərvərlik təlimlərinə cəlb olunması istiqamətində töhfə verməyə, hər zaman Vətən üçün könüllü şəkildə xidmət edəcək, milli-mənəvi dəyərlərimizə bağlı olan və Sizin görmək istədiyiniz gənclər yetişdirməyə çalışmışıq. Öz qəhrəmanlıqları ilə bizə ölkəmizin ərazi bütövlüyünü miras qoyub gedən şəhidlərimizin ailələrinin qayğısına qalmaq hər birimizin borcudur.

Biz də üzərimizə düşən borcumuzu layiqincə yerinə yetirmək üçün böyük səylə çalışırıq.

Siz hər zaman bizim ən böyük dəstəkçimiz olmusunuz. Bu gün biz azad və müstəqil ölkədə, tam könüldən fəaliyyət göstəririksə, burada Sizin bizə olan qayğınız danılmazdır. Bu ilin “Könüllülər İli” elan edilməsi ilə Siz bizə və fəaliyyətimizə verdiyiniz dəyəri bir daha göstərdiniz. Könüllülər olaraq biz də öz növbəmizdə bundan stimul alaraq daha çox öyrəndik, faydalı işlər gördük, dayanmadan, səylə çalışdıq.

Sizin 15 iyul 2020-ci il tarixindəki xalqa müraciətinizdən dərhal sonra on minlərlə gənc Vətəni qorumaq üçün könüllü olaraq ordu sıralarına yazıldı. Çünki Azərbaycan gənci milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alır. ASAN könüllülərinin də bir qismi könüllü olaraq ön cəbhədə xidmətə yollandı, digər qismi arxa cəbhədə Vətənə xidməti davam etdirdilər.

Artıq uzun illərdir ki, düşmən tapdağı altında olan torpaqlarımız Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş, düşmən təslim olmağa məcbur edilmiş və ərazi bütövlüyümüz təmin edilmişdir. Bu tarixi qələbə Ulu Öndərin əsasını qoyduğu, Sizin isə uğurla davam etdirdiyiniz daxili və xarici siyasətin gözlənilən nəticəsidir. Hər birimizin hədsiz sevincinə səbəb olan bu zəfəri başda Siz olmaqla bütün Azərbaycan Ordusuna borcluyuq. Bizə bu şanlı qələbəni bəxş etdiyiniz üçün Sizə öz minnətdarlığımızı bildiririk.

Bu gün daim dövlətçilik ənənələrinə sadiq, vətənpərvər ASAN könüllüləri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmışların sırasında da var.

Həmçinin şəhid olmuş qəhrəmanlarımızın övladları ASAN könüllülərinin sırasındadır. Sözsüz ki, onların hər biri dövlətin himayəsi altındadır. Biz böyük qürur hissi ilə deyə bilərik ki, onlarla fəxr edirik.

ASAN könüllüləri olaraq həmişə hər bir addımınızın dəstəkçisi olmaqdan şərəf duyuruq! Bütün fəaliyyətimiz dövründə olduğu kimi, bundan sonra da biz gənclərə həmişə inana, güvənə, arxalana bilərsiniz. Biz də bu inamı doğrultmaq üçün bundan sonra da bütün gücümüz və bacarığımızla Sizin sərəncamınızdayıq.

Vətən Müharibəsi bir daha göstərdi ki, gənclər dövlətimizin, xalqımızın milli maraqlarını layiqincə qoruya bilirlər. Azərbaycan gənci "Könüllülər İli"ni həqiqətən də tam könüldən yaşadı.

Bütün dünya Azərbaycan xalqının gücünü, birliyini Sizin dəmir yumruğunuz sayəsində gördü. Azərbaycan xalqı Sizinlə qürur duyur. Fəxrlə deyə bilərik ki, Siz hər bir gənc üçün örnəksiniz. Siz Azərbaycan xalqını birləşdirən dəyərsiniz. 8 noyabr 2020-ci il tarixi əbədi olaraq yaddaşımızda, tariximizdə Sizin adınızla qalacaq. Hər il bu günü xalqımız eyni sevinc, qürur hissi ilə Zəfər Günü olaraq qeyd edəcək.

Xoşbəxtik ki, biz öz torpaqlarımıza, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın incisi olan Şuşaya qayıdırıq. Sizi əmin etmək istəyirik ki, bundan sonra da işğaldan azad olunmuş bütün torpaqlarımızda könüllülük fəaliyyətinin yaradılması, təşviq edilməsi və gənclərimizin hərtərəfli inkişafı üçün var gücümüzlə çalışacağıq.

Könüllülərin könlü daim Sizinlədir!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Emiliya Bayramova

“ASAN Könüllüləri” Təşkilatının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO